Qabon Gömrük Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

 

Qabon Respublikası İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyinin Gömrük və Vasitəli Vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-dən Azərbaycanda səfərdədir.

Nümayəndə heyəti səfərin ilk günü öncə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarları üzərinə gül dəstələri düzmüşdür. Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət etmişlər.

Həmin gün Qabon nümayəndə heyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilmişdir. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qabon Respublikasının iqtisadiyyatın konkret sahəsi üzrə ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, gömrük orqanları vasitəsilə yaradılan bu ilk əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrində də qarşılıqlı münasibətlərin yaradılması işinə böyük töhfə verəcəyini bildirmişdir.

Azərbaycanın bütün dünya dövlətləri, o cümlədən, Qabon ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qonaqların nəzərinə çatdıran komitə sədri bunun üçün hər iki ölkənin böyük potensialı olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır. A.Əliyev yaxın perspektiv üçün Azərbaycan və Qabon arasında gömrük sahəsində əməkdaşlıq proqramına dair razılıq əldə ediləcəyinə və bu proqramın tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əminliyini ifadə etmişdir.

Qabon Respublikası İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyinin Gömrük və Vasitəli Vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquen Azərbaycan və Qabon gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirmişdir. O, Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi uğurların Qabon tərəfindən maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirmiş, mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Bildirilmişdir ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də on-layn şəklində Əməliyyat Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

Həmin gün nümayəndə heyəti DGK-nın Mərkəzi Hospitalına da baş çəkmişdir. Burada qonaqlara bu səhiyyə ocağının üstün imkanları barədə ətraflı məlumat verilmiş, ən müasir tibbi ləvazimatlarla təchiz olunan hospitalda xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin yaradıldığı vurğulanmışdır. 

Oktyabrın 29-da Qabon nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi, “Azərterminalkompleks” Birliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə tanış olmuşdur.

Oktyabrın 30-da Qabon nümayəndə heyəti Xaçmaz Gömrük İdarəsində görüş keçirmiş, eləcə də bu idarənin “Samur” gömrük-buraxılış məntəqəsinə baş çəkmişdir.

Burada qonaqlara məlumat verilmişdir ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilmişdir.

Diqqətə çatdırılmışdır ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük-buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Dünya standartlarına uyğun səviyyədə inşa edilən “Samur” gömrük-buraxılış məntəqəsi ilə tanışlıq qonaqlarda  xoş təəssürat yaratmışdır.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında