Hazırda ölkəmizdə pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsi uğurla həyata keçirilir, makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşməsinə zəruri dəstək verilir və ən əsası nağdsız pul kütləsinin dövriyyəsinin artırılmasına istiqamətlənmiş kompleks tədbirlər görülür.
Bununla bağlı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev demişdir ki, müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq reallaşdırılması çox mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.
Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışan A. Musayev xatırlatmışdır ki, burada əsas məqsəd ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, iqtisadi sistemin subyektləri arasında şəffaflığa nail olunmasından, müşahidə oluna bilməyən iqtisadiyyatın (gizli iqtisadiyyat) həcminin azaldılmasından, vergilərdən yayınma hallarının minimuma endirilməsindən ibarətdir. Hazırda nəzarətdən kənar qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə daxil olan vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının effektivliyinin aşağı düşməsinə səbəb olur.
A. Musayev bildirmişdir ki, Azərbaycanda nağdsız ödənişlər müxtəlif formalarda (banklar, POS-terminallar, bankomatlar, internet vasitəsilə və digər) həyata keçirilir. Hazırda ölkədə qeyri-nağd pul kütləsinin ÜDM-dəki payı 8,4 faiz təşkil edir. Rusiyada bu göstərici 32, Baltikyanı ölkələrdə 40-45 faizdir.
Nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər nəticəsində qeyri-nağd pul kütləsinin həcminin illər üzrə xeyli artmasını vurğulayan A. Musayev demişdir ki, ölkəmizdə 2005-ci illə müqayisədə bu göstərici 2012-ci ildə 18,3 dəfə artaraq 249,3 milyon manatdan 4549,8 milyon manata çatmışdır. Lakin bu dövr ərzində eyni zamanda pul kütləsi də 17,3 dəfə artaraq 796,7 milyon manata qarşı 13806,4 milyon manat olmuşdur ki, bu da müvafiq olaraq nağd ödənişlərin də 16,9 dəfə artımı deməkdir. Yəni, müqayisə edilən illər ərzində nağd pul kütləsinin həcmi 547,4 milyon manatdan artaraq 9256,6 milyon manata bərabər olmuşdur.
Akif Musayev qeyd etmişdir ki, burada müsbət tendensiya ondan ibarətdir ki, əvvəla, ümumi pul dövriyyəsi iqtisadiyyatın real dinamik inkişafına əsaslanmış, ikincisi isə qeyri-nağd pul kütləsinin artım dinamikası nağd pul kütləsinin artım dinamikasını üstələmişdir. Lakin bu müsbət məqamlarla yanaşı, mənfi hal ondan ibarətdir ki, nağdsız ödənişlərin iqtisadiyyatda xüsusi çəkisi kifayət qədər ləng templə artaraq inkişaf etmiş ölkələrlə müqayisədə xeyli geri qalır. Başqa sözlə, 2005-ci ildə nağd pulun xüsusi çəkisi 69 faiz və qeyri-nağd pul kütləsi 31 faiz təşkil etmişdirsə, 2012-ci ildə bu göstəricilər müvafiq olaraq 67 faiz və 33 faizə bərabər olmuşdur.
Akif Musayev vurğulamışdır ki, nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri nağdsız ödəmə avadanlıqlarının tətbiqinin genişləndirilməsidir. Hazırda nağdsız hesablaşmaların həcmi, bankomat və POS-terminalların sayı durmadan artmaqdadır. Qeyd olunan dövrdə ölkəmizdəki bankomatların sayı 2351 ədəd olmuşdur. Bunlardan 1324 ədədi Bakıda, 1027 ədədi isə regionlardadır.
POS-terminalların sayı da artırılaraq 2010-cu ildə 7872, 2011-ci ildə 13220, 2012-ci ildə 36860, 2013-cü ilin ilk 6 ayında isə 37166-ya çatdırılmışdır. Onların 33284-ü Bakıda, 3882-si regionlardadır. Cari ilin ilk 6 ayı ərzində POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 4293 min manat, həcmi 432 milyon manat təşkil etmişdir.
2012-ci ilə olan məlumata əsasən, ölkəmiz hər milyon nəfərə düşən POS-terminaların sayına görə Qazaxıstanı (1708), qabaqlasa da, digər ölkələrlə Latviya (12100), Estoniya (20273) ilə müqayisədə geridə qalır.
Azərbaycanda plastik kartların sayı 2013-cü ilin iyununa olan məlumata əsasən, 5301 min ədədə çatmışdır. Bunlardan 4665 mini debet kartları, 636 mini isə kredit kartlarıdır.
Akif Musayev demişdir ki, nağdsız ödənişlərin genişləndirilməsinə əlverişli şəraitin yaradılması məqsədilə ölkə rəhbəri cənab İlham Əliyevin “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Fərmanına əsaslanaraq 2012-ci ildə vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqinə başlanılmışdır. Məhz bunun nəticəsində ötən il 85,6 milyon manat vergi və rüsum məbləğlərinin ödənilməsi elektron ödəniş sistemi vasitəsilə həyata keçirilmişdir.
Nağdsız ödəmələrin səviyyəsini ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə qaldırmaq üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı dövlət başçısının imzaladığı müvafiq fərmanla Vergilər Nazirliyinə ölkə iqtisadiyyatında şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketinin hazırlanması barədə tapşırıq verilmişdir. Tapşırığın icrası məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşaraq ölkə iqtisadiyyatındakı mövcud durum və iqtisadiyyatın spesifikasiyası nəzərə alınmaqla nağdsız hesablaşmalara üstünlük verilməsini, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsini stimullaşdıran geniş təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Təkliflər hazırlanan zaman psixoloji amillər, yerli mentalitet və digər xüsusiyyətlər də nəzərə alınmışdır ki, bu da nağdsız hesablaşmaların, ödəmələrin sayının artmasına imkan verəcəkdir.
A. Musayev söhbətinin sonunda demişdir ki, qloballaşan dünya iqtisadiyyatında maliyyə transaksiyalarının aparılmasında nağdsız iqtisadiyyatın hegemon bir mövqe tutduğu şəraitdə Azərbaycanda nağd əməliyyatların yüksək səviyyədə olması bu sahədə ciddi addımların atılmasının imperativ xarakter daşımasını sübut edir. Qısa müddətdə bu sahədə kompleks tədbirlərin görülməsi həm iqtisadi sistemdə şəffaflığın artırılmasına, həm kölgə iqtisadiyyatının minimum səviyyəyə endirilməsinə, eyni zamanda, maliyyə sisteminin də güclənməsinə imkan verəcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.