Prezident İlham Əliyevin uğurlarının təməlində düşünülmüş siyasət və güclü iradə dayanır

 

Möhtəşəm nailiyyətlərlə yadda qalan 2013-cü il müstəqil Azərbaycan dövlətinin həyatında böyük siyasi və tarixi hadisəyə çevrilən prezident seçkisi və bu seçkidə cənab İlham Əliyevin parlaq qələbəsi ilə

əlamətdardır. Müstəqil Azərbaycan dövləti artıq

10 ildir ki, ulu öndərimizin ən layiqli davamçısı

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir

tariximizin yeni parlaq səhifələrini yazır.

Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Azərbaycan dövləti müstəqillik illərində demokratiya sahəsində də böyük uğurlara imza atıb. Son on ildə cəmiyyətimizin daha da demokratikləşməsi istiqamətində atılan addımlar ölkəmizin imicini dünyada yüksəldib. Bu il oktyabrın 9-da keçirilən prezident seçkiləri isə öz şəffaflığı, demokratikliyi və ədalətliliyi ilə xüsusilə seçilib, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici və yerli müşahidəçilər tərəfindən müsbət dəyərləndirilib.

Növbəti andiçmə mərasimində Prezident İlham Əliyev bundan sonra da doğma xalqına ləyaqətlə xidmət göstərəcəyini, daim dövlət maraqlarını müdafiə edəcəyini önə çəkərək bəyan etdi ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur. Bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Həqiqətən də xalqın seçimi bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqlədi.

Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə Prezident İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Xalqımızın müdrik seçimi, böyük inam və etibarı ilə cənab İlham Əliyev 10 il öncə Azərbaycanın müasir tarixinə yeni missiya ilə qədəm qoymuşdu.

Prezident İlham Əliyev ulu öndərimizin idarəçilik irsindən maksimum bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son 10 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Son on ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi Prezident İlham Əliyevin  həyata  keçirdiyi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir. Aparılan iqtisadi yeniləşmədə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasındadır.   Bu siyasət böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub.

Azərbaycanda iqtisadi sahədə də çox böyük uğurlar əldə edilmişdir. Son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında heyranlıqla qarşılanır. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.

10 il bundan əvvəl andiçmə mərasimində yeni seçilmiş Prezident İlham Əliyev xalqa söz vermişdi ki, ölkəmizin hərtərəfli inkişafı üçün fəal çalışacaq, bütün bilik və təcrübəsini, qüvvəsini xalqımızın rifahına həsr edəcəkdir. Bu yol isə ölkəmizin bugünü, sabahı və gələcəyi üçün alternativsiz siyasi kurs olan ümummilli liderimiz Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Dövlətimizin başçısının hələ on il bundan əvvəl verdiyi vədlər həyatda öz təsdiqini tapdı. Dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ilk gündən dəqiq müəyyənləşdirdi. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini haqlı olaraq ilk gündən önə çəkdi. Eyni zamanda, rayonlarla paytaxt arasındakı kəskin fərqi aradan qaldırmağa, yoxsulluq, işsizlik kimi problemlərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail oldu. İnsanların güzəranı, həyat səviyyəsi yaxşılaşdı, vətəndaşın dövlətinə, işıqlı gələcəyinə inamı artdı. Azərbaycan kəndinə şəhər siması gətirildi. Bölgələrdə yaşayan insanların dövlətə inamı daha da artdı.

Birinci və ikinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin bu ilin 9 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş bu siyasi kursun davam etdirilməsi cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə də prinsipial siyasi iradə nümayiş etdirdi.

Ölkə iqtisadiyyatı üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektoru da əsas infrastrukturlardan biri olaraq sürətlə inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci il və 2013-cü ilin 9 ayında bu sektora investisiyaların yönəldilməsi, körpülərin və yol qovşaqlarının tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və digər işlər davam etdirilmiş, transmilli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına müsbət təsir göstərmişdir. Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan vermişdir. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir standartlara uyğun yenidən qurulmasını, xüsusən, respublika ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişaf etdirməsini, eləcə də bu sahədə tənzimləmə və idarəetmənin daha da təkmilləşməsini zəruri etmişdir.

Ölkəmizin nəqliyyat sahəsi də hazırda sözün həqiqi mənasında, özünün sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmiləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilmişdir. Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olmuşdur. Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi də regional əməkdaşlığı daha da sürətləndirir. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilmişdir. Bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının şəxsi dəstəyi sayəsində nail olunmuşdur.

Müstəqil Azərbaycan dövlətinin yol-nəqliyyat sistemi hazırda dinamik inkişaf edir, ölkə iqtisadiyyatının, xüsusən də, qeyri-neft sektorunun tərəqqisinə güclü baza formalaşdırır. Bütün bunlar əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi müdrik siyasi kursun, iqtidar-xalq birliyinin bəhrəsidir.

Prezident İlham Əliyev seçkilərdən sonra xalqa müraciətində haqlı olaraq bildirir: “Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olmuşdur. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir”.

Məhərrəm MƏMMƏDOV, iqtisadçı-ekspert,

 fəxri dəmiryolçu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında