Azərbaycanın maliyyə imkanları artır

 

 

 

 

 

 

Son 10 il ərzində Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində dünyanın ən sürətli iqtisadi inkişafı təmin olunmuşdur. Ölkədə yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşmüşdür, 1 milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artmışdır. Bundan başqa, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması da ötən

10 ilin uğurları sırasındadır. Bütün dünyada maliyyə böhranı tüğyan etdiyi halda, Azərbaycanda aparılan düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz bu ağır imtahandan da üzüağ çıxdı. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-in 3 dəfə artımında ifadə olunmuşdur.

Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ikinci ölkə tapmaq çox çətindir. Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasının şahidi olarıq. Son 10 ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artıran Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son 10 ildə ölkə iqtisadiyyatına 140 milyard dollar vəsait qoyulmuşdur ki, bunun da 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür.

Daxili investisiyaların da həcmi artmaqdadır. Son 10 ildə ölkədə dövlət büdcəsi 20 dəfə artmış, 48 milyard dollardan çox valyuta ehtiyatı toplanmışdır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Bu ilin dövlət büdcəsinin gəlirləri 19 159 000 min manat, xərcləri isə 19 850 000 min manatdır. Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyur. Belə ki, təkcə ötən il iqtisadiyyata qoyulan investisiyaların həcmi 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyard dolları daxili, 9 milyard dolları xarici investisiyalardır.

Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, sabit sosial-iqtisadi durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdəndir. Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdik. Azərbaycan Mərkəzi Bankının yaydığı son məlumata əsasən, adı çəkilən qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-ci ilin yarım ili ərzində 1 025,6 milyon ABŞ dolları (8,8 faiz) artmışdır.

2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi 873 manat olubsa, 2012-ci ilin yekununda bu göstərici 5885 manat təşkil edib. Başqa sözlə, adambaşına ÜDM 7 dəfəyə yaxın artıb.ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatıb. Bunun təxminən 53 faizi qeyri-neft sektorunun payına düşür. Vaxtilə ticarət şəbəkəsində olan xarici istehsallı məhsulların demək olar ki, böyük bir qismi yerli müəssisələrdə istehsal edilməyə başlanıb.

Bunun nəticəsidir ki, Beynəlxalq Valyuta Fondunun nəzərində Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən ölkədir. Respublika ÜDM-in artım tempinə görə, MDB-də 4-cü yeri tutur.

Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olub. Adambaşına düşən kənd təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatıb.

Əhalinin hər nəfərinə düşən gəlirin məbləği də əhəmiyyətli dərəcədə artıb. Son 10 ildə bu mühüm göstərici üzrə artım 5,4 dəfə olub və 3784 manata çatıb. Qeyd olunan artımda əhalinin SSRİ dövründən qalmış əmanətlərinin qaytarılması da mühüm rol oynayıb. Dövlət büdcəsindən bu məqsədlə 1 milyard manata yaxın vəsait ayrılıb ki, bu da postsovet məkanında ən əlverişli şərtlərlə əmanətlərin qaytarılmasına imkan verib və vətəndaşların bank sektoruna inamını gücləndirib. Banklara etimadı artıran həm də Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yaradılmasıdır. Artıq ölkə vətəndaşları heç bir narahatlıq keçirmədən banklara əmanət yatırır. Əgər 2003-cü ildə əhalinin əmanətlərinin ümumi məbləği 252 milyon manat təşkil etmişdisə, ötən ilin yekununda bu göstərici 5,113 milyard manat olub. Bir sözlə, Azərbaycan vətəndaşı həm yaxşı yaşamağa, həm də yığıma pul tapır.

Bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artmış və 13,3 milyard dollara çatmışdır. Bu dövrdə ölkədə bank sisteminin inkişafı və maliyyə dayanıqlığı istiqamətində də tədbirlər həyata keçirilmişdir. 2013-cü ilin 9 ayında Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirmiş, risk əsaslı yeni nəzarət çərçivəsinin formalaşdırılması üzrə səyləri gücləndirmişdir. Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunmuş, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalmışdır.

Hesabat dövründə maliyyə vasitəçiliyi daha da genişlənmişdir. İlkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artmışdır. Əhalinin əmanətləri ilin əvvəli ilə müqayisədə təxminən 20 faiz artaraq 6,1 milyard manata çatmışdır.

Cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılmışdır. Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatmışdır. Güzəştli ipotekaya çıxış imkanları genişləndirilmiş, “Elektron ipoteka” sistemi yaradılmışdır.

Hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bu ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələmişdir. Kart infrastrukturunun inkişafı davam etdirilmiş, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılmışdır.

Mütəxəssislərin fikrincə, bütün bu uğurlar dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.

İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur.

Strateji valyuta ehtiyatının 13,3 milyard ABŞ dolları və yaxud 25,5 faizi Mərkəzi Banka, digər 74,5 faizi və ya 34,8 milyard ABŞ dolları isə Neft Fonduna məxsusdur. Hazırda Azərbaycanın valyuta ehtiyatları 3 illik mal və xidmətlərin idxalına imkan verəcək həcmdədir. Strateji valyuta ehtiyatının çoxluğu, heç şübhəsiz, ölkəmizin maliyyə dayanıqlığını və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş imicini gücləndirir. Həmçinin ölkəmizin muharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini daha da artırır.

Valyuta ehtiyatlarının artım dinamikasına diqqət etdikdə görmək olar ki, 2011-2012-ci illərdə neft hasilatının azalmasına baxmayaraq, bu sahədə artım davam etmişdir. Bu isə onu deməyə əsas verir ki, zaman keçdikcə ölkəmiz öz maliyyə-kredit siyasətinin həyata keçirilməsində daha çox təcrübə qazanır.

Ölkənin maliyyə imkanlarının genişlənməsi və strateji valyuta ehtiyatlarının həcminin artması Beynəlxalq Kredit Reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2012-ci ildə “Standard and Poors” Beynəlxalq Reytinq Agentliyi ölkəmiz üçün uzunmüddətli müstəqil kredit reytinqini “BBB-” olaraq müəyyən etmiş, reytinq üzrə proqnozunu isə “sabit” olaraq dəyərləndirmişdir. “Moody’s” Azərbaycanın uzunmüddətli kredit reytinqini “Ba1”dən “Baa3” səviyyəsinə qədər yüksəltmişdir. Reytinq üzrə proqnoz isə “sabit” olaraq müəyyənləşdirilmişdir. “Fitch Ratings” Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini “BBB-” səviyyəsində, reytinq proqnozunu isə “sabit” qiymətləndirmişdir. Göründüyü kimi, hazırki reytinq qiymətləndirmələrində Azərbaycan investisiya mühiti normal olan və həmçinin maliyyə dayanıqlığı yüksək qiymətləndirilən ölkə kimi səciyyələndirilir. Həmçinin bu reytinq dərəcələri xarici investorların ölkəyə çağırışı kimi də qiymətləndirilə bilər.

Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyi bir daha təsdiqlənmişdir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması, ən əsası isə ölkənin maliyyə imkanlarının daha da genişləndirilməsi hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “...Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə, xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, öz investisiya proqramlarımızı da uğurla icra edək...”.

Ölkəmizin maliyyə imkanlarının getdikcə artmasına toxunan dövlətimizin başçısı vurğulamışdır ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onun da 10,5 milyard dolları daxili investisiyalardır. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir...

İnvestisiyaların cəlb edilməsi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir. Xarici və daxili investorlar ancaq sabit olan ölkələrə investisiyalar qoyurlar. Azərbaycana yatırılan sərmayə də artıq çoxşaxəli sərmayədir. Əgər əvvəlki illərdə – 1990-cı illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi turizm, xidmət, yüksək texnologiyalar, sənaye parklarının yaradılması sahələlərinə də böyük diqqət göstərilir. Beləliklə, Azərbaycana xarici və daxili investisiyaların qoyulması ölkə iqtisadiyyatının inkişafına daha da böyük təkan verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bu, bizim üçün həm iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda, biz gələcək nəsillər haqqında da düşünməliyik və düşünürük. Gələcək nəsillər üçün elə güclü iqtisadiyyat qurmalıyıq ki, Azərbaycanın perspektiv inkişafı ilə bağlı heç bir problem olmasın. Ona görə maliyyə sahəsində düşünülmüş, ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə istifadə olunması strateji xarakter daşıyır. Valyuta ehtiyatlarımızın artması Azərbaycanın həm dayanıqlı inkişafını təmin edir, həm də xarici tərəfdaşlarla münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında