Son illər birinci və ikinci regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşunun artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə demişdir: "...Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq.
Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir...".
Yeri gəlmişkən, bir məqama da diqqət yetirək. Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə ölkədə sosial-iqtisadi vəziyyət acınacaqlı halda idi. Başqa sözlə, siyasi ab-hava gərginləşmiş, sosial şərait dözülməz duruma düşmüş, iqtisadiyyat dağılmışdı. Ümummilli liderimizin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisadi sistemin yaranmasını şərtləndirən siyasi kursunun həyata keçirilməsi nəticəsində qısa zaman kəsiyində mühüm uğurlar əldə edildi. Ən başlıcası, Azərbaycana xarici investorların marağı artmağa başladı, valyuta ehtiyatları yarandı. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev yuxarıda sözügedən iclasda demişdir: "...İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış və 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır".
Azərbaycanda yoxsulluğun azaldılması prioritet məsələ kimi qarşıda durduğundan yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin açılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yeri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir..."
Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlər sırasında minimum əməkhaqqının və pensiyaların vaxtaşırı qaldırılması da mühüm yer tutur. Çünki bunu reallaşdırmağa yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin hər cür imkanı var. Yaxın vaxtlarda həmin sahədə dəyişikliklərin olacağı da gözlənilir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında demişdir: "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq...".
Ölkə həyatında özünü qabarıq büruzə verən bütün bu müsbət göstəriciləri Qəbələ rayonunun timsalında da aydın görə bilərik. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 29-da rayona səfəri zamanı Qəbələnin Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri kimi ölkəmizin qazandığı uğurlarda ciddi paya malik olması vurğulanmışdır.
Qəbələ rayonunda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərinin aparılması bu rayonun iqtisadi kompleksinin inkişafı baxımından mühüm amillərdir. Bunun nəticəsidir ki, rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artmışdır. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olmuşdur. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni iş yeri açılmışdır. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün də dövlət başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı bütün bunların şahidi olmuş, yenidənqurma, abadlıq işləri barədə dövlət başçısına ətraflı məlumat verilmişdir. Ölkə rəhbəri səfər çərçivəsində ulu öndərimizin adını daşıyan parkda dahi şəxsiyyətin abidəsini ziyarət etmiş, burada həyata keçirilən abadlıq işləri ilə tanış olmuşdur.
Ölkə Prezidenti Qəbələdə "Qafqaz Riverside" hotelinin açılışında da iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olunmuşdur. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin olunması üçün hər cür şərait yaradılmışdır.
Dövlət başçısı Qəbələdə "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur. Ölkə Prezidentinə məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Müəssisədə "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir.
Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasına zəmin yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələyə səfəri rayonda keçirilən İkinci Beynəlxalq musiqi festivalının rəsmi açılışına təsadüf etmişdir. Mərasimdə dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iştirak etmişlər.
Mərasimdə çıxış edərək Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan YUNESKO-nun baş direktoru bu beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu bildirmişdir. "Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır", - deyən xanım Bokova YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan Prezidentinə və Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.