Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına qoşmaqdadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi və yorulmaz fəaliyyəti müstəqil dövlətimizin dünya birliyindəki nüfuzunu daha da artırmışdır. Düşünülmüş siyasi strategiya, ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkəmizi regionda lider dövlətə çevirib. Beynəlxalq aləmdə kifayət qədər tanınmış nüfuzlu qurumların iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanı qabaqcıl dövlət hesab etmələri də məhz son illər qazanılan uğurların göstəricisidir.
2008-2009-cu illərdə qlobal iqtisadi və maliyyə böhranı dünyanı çulğadı. Bir çox iri şirkətlər, müəsissələr böhranın fəsadlarına tab gətirməyərək öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar. Bəzi ölkələrdə işsizlərin sayı artdı. Azərbaycanda isə iqtisadi və maliyyə böhranının mənfi təsirləri bir o qədər də büruzə vermədi. Belə bir təhlükəli şəraitdə ölkənin makroiqtisadi və sosial sabitliyi qorunub saxlanıldı. Əhalinin həyat səviyyəsinin, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı ailələrə dövlət qayğısının gücləndirilməsi təmin edildi. Yeni müəssisələrin, sənaye, istehsal obyektlərinin sayı artırıldı. Bu, eyni zamanda, yeni iş yerlərinin açılması demək idi. Minimum əmək haqlarının və pensiyaların artırılması qarşıya bir vəzifə kimi qoyuldu. Bütün bunlar barədə bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında daha ətraflı məlumat verildi.
2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, ötən ilin iqtisadi inkişafı davam etdirilmiş, iqtisadi islahatların düzgün istiqamətdə aparılması öz təsdiqini tapmışdır. Bu ilin yarım ili ərzində iqtisadi inkişaf 3,7 faiz olmuşdur. Əhalini narahat edən işsizlik probleminin aradan qaldırılması istiqamətində aparılan əhəmiyyətli tədbirlər də diqqəti cəlb etmişdir. Sevindirici haldır ki, bu ilin altı ayı ərzində ölkəmizdə 36 min yeni iş yeri açılmışdır. Ümumiyyətlə, yeni iş yerlərinin yaradılması məsələsi dövlət başçımızın xüsusi önəm yetirdiyi sahələrdəndir. Bunu faktlarla əsaslandırmaq istərdim. 2004-cü ildə dövlət başçımızın təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması yeni iş yerlərinin açılmasında böyük rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son altı ildə 900 minə yaxın yeni iş yeri açılmışdır. Bunun da 600 mini daimi iş yerləridir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu məsələyə münasibət bildirərkən demişdir: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə yeni infrastruktur layihələr həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır".
Hazırda respublikamızın regionları tanınmaz dərəcədə dəyişib. Ölkəmizə rəsmi səfərə gələn xarici dövlətlərin nümayəndələri son illər Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadi qüdrətinin artdığını, Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasını xüsusi qeyd edirlər. Artıq Azərbaycan dünyanın nüfuzlu təşkilatlarının da yüksək səviyyəli tədbirlərin keçirilməsinə üstünlük verdikləri məkana çevrilib. Diqqət yetirin, görün son illər ölkəmizdə nə qədər beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar Azərbaycanın beynəlxalq miqyasda inkişaf etmiş müstəqil dövlət kimi tanınmasından xəbər verir. Ölkəmiz bu inkişafı, iqtisadiyyatın sürət tempini 2010-cu ilin birinci yarısında da qoruyub saxlamışdır. Onu da əlavə edək ki, ölkəmizin iqtisadi inkişafı çoxşaxəli olmuşdur. Belə ki, qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorunun inkişafına böyük üstünlük verilməsi olmuşdur. Məhz bunun nəticəsidir ki, bu sahədə uğurlar əldə edilmiş, 15,3 faiz artım qeydə alınmışdır. Bu, Azərbaycanda aparılan uğurlu islahatların, qeyri-neft sektorunun inkişafı istiqamətində irəliyə doğru atılan addımın nəticəsidir. Bu ilin birinci yarısında digər iqtisadi göstəricilərin də artımı xüsusi olaraq diqqəti cəlb edir. Əhalinin pul gəlirləri 9 faiz artmış, bu da inflyasiyanın templərini qabaqlamışdır.
Ölkəmizdə böyük maliyyə resurslarının yaradılması valyuta ehtiyatlarının artmasına da öz müsbət təsirini göstərmişdir. Bu gün Azərbaycanın valyuta ehtiyatları artaraq 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Möhtərəm Prezidentimiz öz nitqində qeyd etdi ki, "Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır".
Bu ilin birinci yarısında Azərbaycana investisiyaların cəlb edilməsi sahəsində uğurlu siyasətin davamı diqqət çəkən məqamlardan olmuşdur. Qeyd etdiyim kimi, son illər dünyada maliyyə və iqtisadi böhran illəri kimi tarixdə qaldı. Əksər şirkətlər bir-biri ilə əlaqələrini zəiflətsələr də, Azərbaycana xaricdən gələn investisiyaların həcmi davam etmiş və bu proses indi də davam etməkdədir. Fakt üçün diqqətə çatdırmaq istərdim ki, bu ilin 6 ayı ərzində ölkə iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyulmuşdur. Bunun da müəyyən hissəsi xarici sərmayədir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri getdikcə artır, dünya ölkələrinin etimadını, inamını qazanır. Belə olmasaydı, dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycana bu qədər sərmayə qoyulmazdı. Bu dövlətimizə, onun başçısına olan etibar və inamın nəticəsidir. Möhtərəm Prezidentimizin düşünülmüş daxili və xarici siyasəti əhalidə gələcəyə olan inamı daha da artırıb. Xalq ümid edir ki, ölkəmizin uğurlu inkişafı uzun illər davam edəcək.
Uzun illərin təcrübəsi göstərir ki, iqtisadiyyatı möhkəm təməllər üzərində qurulan dövlətin bütün sahələr üzrə inkişafı labüddür. Həmçinin həmin dövlətlərin müdafiə məsələləri də ümüdverici, etibarlı və davamlı olur. Biz bunu ölkəmizin təcrübəsindən gördük. Azərbaycan öz müdafiə potensialını daim gücləndirir, bu sahəyə xüsusi qayğı göstərilir. Milli Məclisdə dövlət büdcəsinə dəyişiklik məsələsi müzakirə olunarkən hərbi sahənin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Qeyd edim ki, hazırda bizim dövlət büdcəmiz 15 milyard dollar səviyyəsindədir. Demək, bu ilin birinci yarısına qədər dövlət büdcəmizdə artım qeydə alınmışdır. Bu artımı nəzərə olaraq hərbi məsələlərin həllinə 500 milyon əlavə vəsait ayrılmışdır. Artıq Ermənistan tərəfi bu artımdan sonra böyük təşviş içərisindədir. Onlar guya, Azərbaycanın müharibəyə hazırlaşmaq iddiasında olması barədə məlumatlar yaymağa başlayıblar. Əslində, Ermənistan tərəfinin bu təşvişi başa düşüləndir. Birincisi ona görə ki, Azərbaycanın hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın ümumilikdə dövlət büdcəsindən çoxdur. Digər tərəfdən dövlət başçımızın sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin strukturu tam formalaşmış, fəaliyyəti gücləndirilmişdir. Müqayisə üçün qeyd edək ki, son üç ildə nazirliyin istehsal həcmi 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılmışdır. Müstəqil dövlətimizin hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini silah-sürsat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı xarici bazarlara da məhsul ixrac etməyə qadirdir. Bu il 413 adda müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulub. Bu da ötən ildə istehsal olunan məmulatların sayından 1,2 dəfə çoxdur. Bütün bunlar Azərbaycan iqtisadiyyatının yüksələn xətt üzrə inkişafından xəbər verir. Demək, Azərbaycan işğal altında olan torpaqlarını hərbi yolla azad etməyə qadirdir. Erməniləri həyəcanlandıran əsas məsələ də budur. Lakin ölkəmiz dünyada sülhsevər dövlət kimi tanındığından eyni zamanda, yaranmış hər hansı bir münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğundan hələlik danışıqlar prosesinə üstünlük verir. Onu da qeyd edək ki, dünyanın inkişaf etmiş dövlətlərinin başçıları və nüfuzlu beynəlxalq qurumların nümayəndələri də möhtərəm Prezidentimizin mövqeyini dəstəkləyir, Ermənistanı qınaq hədəfinə çevirirlər. Bütün bunlarla yanaşı hərbi gücümüzün inkişafı daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində bu məsələyə xüsusi önəm verərək dedi: "Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman, əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Yenə də deyirəm: bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir".
2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır, əhalinin həyat səviyyəsi yüksəlir, yeni iş yerləri açılır, dünya standartlarına uyğun müəssisələr yaradılır. Yeni infrastruktur layihələrin reallaşdırılması istiqamətində bütün imkanlardan istifadə olunur.
Dövlət başçımız qarşıda duran perspektivlərdən söhbət açarkən bildirdi ki, nəzərdə tutulmuş bütün məsələlər bu ilin sonuna qədər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri əhalinin pensiyalarının, minimum əmək haqqının artırılması, yoxsulluğun səviyyəsinin kəskin şəkildə aşağı salmaqdan ibarətdir. Möhtərəm Prezidentimiz qətiyyətlə bildirdi ki, növbəti ilin dövlət büdcəsi də həmişə olduğu kimi, investisiya yönümlü olmalı, bütün sosial problemlərin həlli büdcədə öz əksini tapmalıdır.
Göründüyü kimi, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin əsasını insanların sosial rifah halının yaxşılaşdırılması, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi təşkil edir.{nl}
Mirkazım KAZIMOV, Milli Məclisin deputatı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.