Son 10 il xalqımız üçün əlamətdar olmuş, respublikamızın iqtisadi-sosial həyatında yüksək nailiyyətlər əldə edilmişdir. Bu zaman kəsiyində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin dövlətimiz tərəfindən qətiyyət və inamla gerçəkləşdirilməsi sayəsində, Azərbaycan sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük əksəriyyəti öz həllini tapmış, respublikamızın sosial-iqtisadi potensialının dünyada baş verən qlobal iqtisadi böhran fonunda davamlı inkişafı, makroiqtisadi sabitlik və iqtisadiyyatın diversifikasiyası təmin olunmuş, istənilən istiqamət üzrə qəbul edilmiş konkret proqramlar və bütün sosial layihələr vaxtında icra edilmişdir.
Ümumi daxili məhsul istehsalı son on il ərzində 7,15 milyard manatdan 54 milyard manata yüksəlmiş, ötən il ÜDM-in 28,5 milyard manatı və yaxud 52,8 faizi qeyri-neft sektorunun payına düşmüş və bu sektorda sənaye məhsulu istehsalı 7,8 faiz artmışdır.
Əvvəkli illərin dinamik inkişaf tendensiyası bu il də davam etməkdədir. Makroiqtisadi göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisəsi göstərir ki, makroiqtisadi sabitlik qorunub saxlanmış, qeyri-neft sektoru daha da inkişaf etmiş və sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir. Bu ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun həcmi 37,4 milyard manat olmuş və onun 63,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 47,2 faizi sənaye müəssisələrində istehsal edilmiş, sənayenin emal bölməsində məhsul istehsalı 6 faiz artmışdır.
Qeyd olunan müddətdə ölkə iqtisadiyyatının inkişafına 130 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir. Əgər 2003-cü ildə əsas kapitala yönəldilən investisiyaların yalnız 26,8 faizi qeyri-neft sektorunun payına düşürdüsə, 2012-ci ildə bu göstərici təxminən 3 dəfə artaraq 75 faizə çatmışdır.
Ölkə iqtisadiyyatının, o cümlədən sənayenin inkişafında yeni dövr 2003-cü ildən başlanmışdır və bu sahədə əldə edilmiş nəticələr onu söyləməyə əsas verir ki, respublika iqtisadiyyatında qeyri-neft sektoru indi daha artıq önəm kəsb etməkdədir. Bu sektorda müşahidə olunan dinamizm iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin düzgünlüyünü göstərir.
Həyata keçirilən siyasət çərçivəsində 2003-2013-cü illər ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, ölkənin ixrac qabiliyyətinin diversifikasiyası, həmçinin yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin qurulması, xarici və yerli investorlar üçün cəlbedici investisiya mühitinin yaradılması, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.
İqtisadiyyatın diversifikasiyası, regionların sosial-iqtisadi inkişafı, əhalinin istehlak malları ilə təminatının gücləndirilməsi, infrastrukturun yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılmasında müvafiq dövlət proqramları, o cümlədən, “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb etmişdir.
Regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası ölkədə makroiqtisadi sabitliyin qorunmasında və davamlı inkişafında mühüm rol oynamış, iqtisadi və inzibati rayonlar üzrə yatırılan investisiyalar və həyata keçirilmiş tədbirlər öz real bəhrəsini vermiş, bütün regionların iqtisadiyyatında dinamik inkişaf davam etmişdir.
Müvafiq dövlət proqramı çərçivəsində ölkə əhalisinin yerli istehsal hesabına əsas növ ərzaq məhsulları ilə təminatının səviyyəsi gücləndirilmiş, bəzi məhsullar üzrə isə tam təminat əldə edilmişdir. İdxal olunan ərzaq məhsullarının yerli məhsullarla əvəzlənməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından yüksək nəticə kimi qiymətləndirilir.
Qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni texnoloji infrastrukturların qurulması, innovasiya xarakterli texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsul istehsalında əldə edilmiş kəmiyyət və keyfiyyət artımı ölkəmizin ixrac potensialını daha da möhkəmləndirmiş, son 10 il ərzində xarici ticarət tərəfdaşlarımızın sayı iki dəfə artaraq 155-ə çatmış, xarici ticarət dövriyyəsinin həcmi 8,8 dəfə artmış və 2012-ci ildə qeyri-neft məhsulunun ixracı 11,2 faiz yüksəlmişdir.
Bu sahədə görülən işlərin təhlili bir daha göstərir ki, Azərbaycan əvvəlki kimi yenə də investisiya qoyuluşu baxımından dünyanın ən cəlbedici ölkələrindən biridir. Buna görə də xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür. Bunun başlıca səbəbi Azərbaycanda əlverişli investisiya mühitinin olması, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunmasıdır.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin yaradılması üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, respublika iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu, texnoparklar və sənaye parkları yaradılmışdır.
Ölkədə sahibkarlığın inkişafının sürətləndirlməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir.
Azərbaycan İnvestisiya Şirkəti artıq geniş fəaliyyətə başlamış, onun tərəfindən prioritet sektor müəssisələri olan Bakı Gəmiqayırma, Qaradağ Sement, Azərbaycan Duz zavodlarının tikintilərinə, “Azərtoxum”MMC-nin, “Ağstafa Aqroservis”MMC-nin, “Milk Pro”MMC-nin, “Dəvəçi Broyler”ASC-nin fəaliyyətinin təşkili və inkişafı layihələrinə payçı qismində böyük məbləğlərdə investisiyalar yönəldilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yalnız 2012-ci ildə ölkənin regionlarında həyata keçirilən layihələrə 218 milyon manat məbləğində güzəştli kreditlər ayrılmışdır.
Postsovet məkanında bənzəri olmayan, respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 22 dekabr 2009-cu ildə işə salınmışdır. Bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açır.
Bu kompleksdə daxili və xarici bazar üçün müxtəlif çeşidli məhsullar istehsal edən kabel, plastik boru, qaynar sinkləmə, ağır maşınqayırma avadanlıqları, elektron cihazlar, yüksək gərginlikli elektrik avadanlıqları və texniki qazlar istehsal edən zavodlar, günəş kollektorları və qazanlarının, mis və alüminium elektrotexniki çubuqlarının istehsalı sexləri fəaliyyət göstərir. 21 yanvar 2012-ci ildə “DET AL Alüminium” MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı olmuşdur. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir və müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir. Birinci mərhələdə ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmış və bu layihə çərçivəsində Gəncə Gil-Torpaq Zavodunun istehsal fəaliyyəti bərpa olunmuşdur.
Yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsinin reallaşması istiqamətində mühüm işlər görülmüşdür. Dəmir filizini zənginləşdirmə, pellet, polad kürəcik və ardıcıl reduksiya zavodlarından ibarət olan “DET AL” inteqrallaşdırılmış polad layihəsinin gerçəkləşdirilməsi üçün 2012-2016-cı illərdə bu layihəyə 630 milyon ABŞ dolları məbləğində investisiya qoyulması planlaşdırılıb. Bu layihə çərçivəsində 2014-cü ildə yeni reduksiya edilmiş dəmir zavodunun, 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisinin tamamlanması, işçilərin sayı 3800 nəfərə çatdırılması nəzərdə tutulur.
Qaradağ rayonunda illik istehsal gücü 2 milyon ton olan, Ağstafa rayonunda illik istehsal gücü 1,6 milyon ton olan yeni sement zavodlarının, Naxçıvan sement zavodunun, Qaradağ Sement Zavodunda yeni quru texnologiyalı sobanın tikintisi ölkənin tikinti sənayesində mühüm bir addım olmaqla yanaşı, respublikamızda aparılan tikinti-quruculuq işlərində xaricdən idxal olunan sementin azaldılmasına və ixrac potensialının yaradılmasına imkan verəcəkdir.
Tikintisinə başlanılmış bir sıra sənaye müəssisələri 2013-2014-cü illərdə istifadəyə veriləcək və aşağıda bəzilərinin adları çəkilən belə müəssisələrin fəaliyyətə başlaması ölkənin qeyri-neft sektorunun inkişafında sürətli yüksəlişə səbəb olacaqdır.
Təməli 2010-cu ilin mart ayında qoyulmuş, müasir texnologiya və standartlara uyğun layihələndirilmiş, Xəzər dənizi hövzəsində yeganə olacaq və yaxın günlərdə istifadəyə verilmiş Baklı Gəmiqayırma Zavodunda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton və daha çox yükgötürmə qabiliyyəti olan tankerlər və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaqdır.
Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi məqsədilə Azərbaycanda beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə komplekslərinin yaradılması sahəsində ciddi işlər həyata keçirilməkdədir. Bu komplekslər Azərbaycanın kimya sənayesi məhsullarının çeşidinin xeyli artmasını və istehsal həcminin genişlənməsini təmin etməklə yanaşı, ölkəmizin dünya bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə, ölkəyə valyuta axınının artımına, bütünlükdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına və yüksəlişinə imkan yaradacaqdır. Yeni kompleksdə istehsal olunacaq məhsulların hər birinə dünya miqyasında çox böyük ehtiyac vardır, onların tətbiq sahələri olduqca geniş və müxtəlifdir.
Təməli 2011-ci il dekabrın 19-da Sumqayıtda qoyulmuş və tikintisinin 2014-cü ildə başa çatdırılacağı planlaşdırılan azot gübrəsi-karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır və gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi milli sərvətimiz olan təbii qazdan istifadə olunacaqdır. Bu zavodun istifadəyə verilməsi yalnız kimya sənayesinin deyil, aqrar sənayenin və kənd təsərrüfatının inkişafında mühüm addım olacaqdır.
2013-cü ildə Cənubi Qafqazda ilk dəfə olaraq illik istehsal gücü 560 min ton olan metanol istehsalı zavodunun tikintisi başa çatdırılmışdır. Layihəyə əsasən ərazisi 25 hektar olan bu müəssisədə daha 5 istehsalın yaradılması və təbii qazın emalı yolu ilə sirkə turşusu, dimetil efir, formaldehid, melmin kimi məhsulların istehsalı nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının qərara alınması neft-kimya sənayesinin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində atılmış ən önəmli addımlardan biridir və hazırda burada lazımı infrastrukturun və mühəndis kommunikasiyası qurğularının yaradılması üzrə mühüm tədbirlər həyata keçirilməkdədir.
Ölkə başçısının 28 dekabr 2011-ci il tarixli fərmanı ilə Balaxanı Sənaye Parkının yaradılması məişət tullantılarının emalı (və təkrar emalı), habelə yeni istehsal və xidmət müəssisələrinin təşkilində ciddi nailiyyətlərin əldə edilməsinə imkan vermişdir.
Parkların yaradılmasında əsas məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.
Məişət tullantılarının emalının təşkili istiqamətində atılmış addımlar artıq real nəticələrini verməyə başlamış, ötən ilin sonunda həm böyük iqtisadi, həm də ekoloji əhəmiyyət daşıyan Balaxanı bərk məişət tullantılarının yandırılması və bərk məişət tullantılarının çeşidlənməsi zavodları istismara verilmişdir. Müasir texnologiyalar əsasında qurulmuş bərk məişət tullantılarının yandırılması zavodunda zibilin yandırılması nəticəsində 37 MVt-lıq generasiya gücü əldə edilmişdir və burada istehsal olunan elektrik enerjisinin bir qismi daxili tələbata sərf edilir, böyük əksəriyyəti isə ümumi enerji sisteminə ötürülür.
Göstərilənlərdən əlavə, hazırda cari ildə istifadəyə verilməsi planlaşdırılan çoxsaylı sənaye müəssisələrinin tikintisi, o cümlədən tikinti materialları, toxuculuq, tikiş, parça boyama, plastik borular və digər plastik məmulatlar istehsalı müəssisələri, müxtəlif növ elektrotexniki avadanlıqların istehsalı və qida sənayesi zavodlarının tikintisi davam etdirilməkdədir. Sadalananlar onu təsdiqləməyə əsas verir ki, qeyri-neft sənayesi üzrə 2013-cü və sonrakı illərdə də daha yüksək artıma nail olunacaqdır.
Göründüyü kimi, davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılmasıdır.
Qeyri-neft sənayesinin dayanıqlı inkişafının təmin edilməsi və bu sektorun ÜDM-də payının artırılmasına nail olunması üçün dövlətimizin müəyyənləşdirdiyi kimi, innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artırılması kimi tədbirlər həyata keçirilməklə Azərbaycan iqtisadiyyatının modernləşməsi zəruridir.
Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir. Bu məsələlər öz əksini Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında tapmışdır və heç də təsadüfi deyil ki, bu konsepsiyanın əsas istiqamətlərindən biri də “İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı” bölməsidir. Bu bölmədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinin genişləndirilməsi, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması, sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlərin tətbiqi, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığının inkişafı nəzərdə tutulur.
Müvafiq sahədə mərkəzi icra hakimiyyəti orqanı funksiyalarını həyata keçirən Sənaye və Energetika Nazirliyi öz işini məhz bu istiqamətdə qurmaqdadır.
Dövlətimiz tərəfindən həyata keçirilən və elmi əsaslara söykənən xarici və daxili siyasət, uğurlu diplomatik fəaliyyət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf tempini saxlayacaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir.
Ramiz RZAYEV,
Sənaye və Energetika Nazirliyinin şöbə müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.