SOCAR-AQŞ DDSÖ 11-dən 234 saylı quyunun tikinti işlərini təhlükəsiz, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə başa çatdırıb təhvil vermişdir. “Günəşli” yatağının dayazsulu hissəsində Fasilə Lay Dəstinə (FLD) qazılan quyular silsiləsindən biri olaraq onun layihə dərinliyi 3300 metr, faktiki dərinliyi isə 3317 metr təşkil edir. Quyuda tikinti işlərinə cari ilin iyul ayının sonlarında start verilmişdir. Müəssisəmiz əməliyyatlar zamanı təkcə quyuların sürətlə qazılmasına deyil, həmçinin fəaliyyətinin bütün mərhələlərində təhlükəsizliyin təmin edilməsinə, ətraf mühitin qorunmasına və göstərdiyi xidmətlərin keyfiyyətlə başa çatdırılmasına nail olmuşdur.
Neftçilərin peşə bayramında mükafat almışlar
SOCAR-AQŞ “Neftçilər günü’’ peşə bayramı münasibəti ilə Bakı Nobel İrsi Fondunda tədbir keçirmişdir. Mərasimdə neft-qaz sənayesində göstərdikləri xüsusi xidmətlərinə görə bir qrup əməkdaş təltif olunmuş və onlara xatirə hədiyyələri təqdim edilmişdir. Müəssisəmizin bütün fəaliyyət sahələrindən ümumilikdə 16 nəfər mükafat almışdır. Əməkdaşların qiymətləndirilməsi bir neçə meyara əsasən aparılmışdır. Onların təlimlərdə fəallığı, işgüzar keyfiyyətləri, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması sahəsində göstərdikləri səylər, bilik və bacarıqlarının təcrübədə uğurla tətbiqi və təşəbbüskarlığı komissiya tərəfindən aparılan seçim prosesində əsas rol oynamışdır. İşçi heyətini bayram münasibəti ilə təbrik edən SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev əməkdaşların yeni uğurlara imza atacaqlarından əminliyini ifadə edərək hər bir işçini məsuliyyətli olmağa və ümumi hədəfə çatmaqda səyləri birləşdirməyə çağırmışdır.
Yay istehsalat təcrübəsi başa çatmışdır
SOCAR-AQŞ cari ilin may ayında Azərbaycanın kollec, peşə məktəbləri və ali təhsil müəssisələrinin tələbələri üçün Yay İstehsalat Təcrübə Proqramını elan etmişdi. Proqramın tətbiq olunmasında əsas məqsəd neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarətdir.
Müraciətlərə əsasən ilkin seçim mərhələsindən, həmçinin test və müsahibələrdən uğurla keçmiş 15 tələbə SOCAR-AQŞ-də 2 aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanmışdır. Bu müddət ərzində tələbələr ixtisaslarına uyğun olaraq müəssisənin müxtəlif stuktur bölmələrində çalışaraq praktiki təcrübə toplamışlar.
Tələbələr biznes strukturlarında iş mühiti, idarəetmə, biznes proseslərinin gedişi istiqamətində zəruri biliklər əldə edərək proqramın sonunda fərdi və qrup şəklində onlara həvalə olunmuş müxtəlif layihələr üzrə təqdimatlar hazırlayaraq müəssisə rəhbərliyinə təqdim etmişdir. Yay İstehsalat Təcrübəsi Proqramını uğurla bitirən tələbələr müəssisə tərəfindən sertifikatla təltif olunmuşdur.
Proqramı uğurla başa vuran tələbələrdən biri də Azərbaycan Dövlət Neft Akademiyasının qaz, neft və mədən ixtisası üzrə bakalavr pilləsində təhsil alan Ceyhun Abdullayevdir. SOCAR-AQŞ-nin elan etdiyi Yay İstehsalat Təcrübəsi haqqında Facebook sosial şəbəkəsindən xəbər tutan Ceyhun qatıldığı proqramdan məmnunluğunu ifadə etdi: “Bu yay tətilini çox səmərəli keçirdim. Öz ixtisasım üzrə dənizə, birbaşa platformaya yollanmağım gələcək planlarımla bağlı olan tərəddüdlərimi yox etdi. Akademiyada yalnız nəzəri biliklərlə kifayətlənməli oluruq və bu da öz növbəsində bizdə süstlük yaradır. Hərdən fikirləşirdim ki, bəlkə də ixtisas seçimində yanlışlığa yol vermişəm...Bu proqrama qatıldıqdan sonra ixtisasımı sevməyə başladım. 2 aya yaxın dənizdə qalaraq peşəkar qazma heyətindən həm öyrənir və həm də birgə çalışırdıq. Təlim-məşq toplantılarında yaxından iştirak edir, gündəlik gördüyümüz işləri dəftərçədə qeyd edərək günaşırı hesabat hazırlayırdıq’’. Qum Dənizdə yerləşən 2 saylı platformada baş buruq ustası işləyən Çingiz Axundov 2007-ci ildən bəri SOCAR-AQŞ- də çalışır. O, istehsalat təcrübəsi keçən tələbələrdən razılığını bildirərək dedi: “Tələbələrin platformaya gələrək təcrübə keçmələri mənə öz tələbəlik illərimi xatırladır. İndiki gənclər bizdən daha şanslıdırlar, çünki müstəqil Azərbaycan dövlətində yaşayırlar. İndi həm də yeni texnologiyalar dövrüdür. Qazmaçı, neftçi sənəti çox şərəfli, amma eyni zamanda çox çətin peşədir. Mən üzümü bu gənclərə tutub deyirəm: sənətinizi sevin və heç bir çətinlikdən qorxmayın.! Bu zaman siz uğur qazana bilərsiniz’’.
SOCAR-AQŞ-nin baş ofisində kadrlar və peşə təlimləri şöbəsində təcrübədə olan Qafqaz Universitetinin xarici dil və ədəbiyyat fakültəsinin builki məzunu Səbinə Əliyeva da istehsalat təcrübəsinin əhəmiyyətindən danışdı: “Mən insan resursları üzrə bir neçə təlimdə iştirak etmişdim, amma təcrübədə əldə edilən biliyin rolu danılmazdır. Burada işə götürülmə prosesində iştirak etdim, həmçinin yeni işçilərə təlimatların verilməsi, mühasibat və müqavilələr şöbələri ilə qarşılıqlı işlərin aparılmasını yaxından izlədim. SOCAR-AQŞ-də kollektivin peşəkar olması, xüsusilə də komanda şəklində çalışmaları məni təsirləndirən hadisələrdən biri oldu”. Müəssisənin idarəetmə sistemləri şöbəsində təcrübə keçən Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Pərviz Hacıyev istehsalat proseslərinin avtomatlaşdırılması ixtisası üzrə magistr təhsili alır. O, yay istehsalat təcrübə proqramı ilə bağlı məlumatı akademiyanın elan lövhələrindən əldə edib: “Mən ixtisasımla bağlı çox maraqlı informasiyalar əldə etdim. Standartlaşdırma və sertifikatlaşdırma, keyfiyyətin idarə olunması sistemi, inteqrə olunmuş idarəetmə sisteminin iş prinsipi, daxili auditin aparılması mənim üçün zəngin təcrübə oldu. Hətta “Günəşli” yatağının dayazsulu hissəsində yerləşən 11 və 13 saylı özüllərdə də oldum. Orada 15 gün iş növbəsi ilə çalışan əməkdaşlara tutduğu vəzifəsindən asılı olmayaraq yaradılan şərait, qidalanma və ən əsası işçilərin həmrəyliyi və komanda ruhu məndə unudulmaz, xoş təəssüratlar yaratdı’’.
Qeyd edək ki, SOCAR-AQŞ bu il yay istehsalat təcrübəsi proqramını daha geniş miqyasda həyata keçirib və müəssisə rəhbərliyi bu layihəyə xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc milli kadrların yetişdirilməsi üçün lazımi şərait yaratmışdır. Sevindirici haldır ki, yay istehsalat təcrübəsini uğurla başa vurmuş tələbələrdən biri artıq iş təklifi alaraq müəssisənin əməkdaşları sırasına qoşulmuşdur.
Sənubər NƏZƏROVA,
SOCAR-AQŞ-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.