Prezident İlham ƏLİYEV: Güclənmiş iqtisadiyyat imkan verir ki, daxili investisiyaların həcmini ildən-ilə artıraq

Son illər ölkəmizdə qeyri-neft sektorunun dirçəlməsində, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında böyük uğurlar əldə edilmişdir.
Hazırkı mərhələdə başlıca vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Biz həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma, əlbəttə ki biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq...".
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Xatırladaq ki, ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilmişdir. Belə ki, büdcədə tətbiq edilən makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir.
Ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə dərəcədə ciddi rol oynadığının əlavə şərhinə ehtiyac yoxdur. Son illər büdcə sisteminin formalaşması və inkişafı istiqamətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin təkmilləşməsi, zəruri ehtiyaclar üçün maliyyə mənbələrinin səfərbər edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında da müvafiq tələblər qoyur.
Onu da qeyd edək ki, bu gün ölkədə effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir.
Göründüyü kimi, iqtisadi inkişafımızın dinamikası son illər Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyindən xəbər verir. Bu barədə Prezident İlham Əliyev demişdir: "Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır. Bu siyasət davam etdirilir və ona alternativ siyasət yoxdur. Alternativ siyasət aparmaq istəyənlər iflasa uğradılar. Həm özlərini, həm də ölkəmizi uçurum kənarına gətirib çıxardılar. Biz buna yol verə bilmərik. Azərbaycanın qarşısında gözəl perspektivlər var. Çox aydın üfüqlər var..."
Bu ilin birinci yarısında iqtisadi uğurlarımız sırasında Azərbaycanın xarici iqtisadi əlaqələrinin dinamikası da mühüm yer tutur. Xatırladaq ki, sözügedən dövrdə beynəlxalq maliyyə institutları ilə, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla əməkdaşlıq davam etdirilmiş, bir çox mühüm layihələrin icrasına başlanılmışdır.
Avropa İttifaqı ilə əlaqələr xüsusi əhəmiyyət qazanmışdır. Azərbaycanın Avropa Qonşuluq Siyasəti ilə bağlı fəaliyyəti davam etdirilmişdir. Belə ki, Azərbaycan ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan Fəaliyyət Planına dair danışıqlar davam etdirilmişdir. İqtisadi İnkişaf Nazirliyi ticarət və iqtisadi məsələlər üzrə işçi qrupuna rəhbərlik etmiş, bununla bağlı müvafiq təşkilati işlər aparılmışdır.
Avropa İttifaqı ilə imzalanmış "Yeni qonşuluq" siyasəti çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə ölkə başçısının müvafiq fərmanına uyğun olaraq Avropa İttifaqına ixrac olunan bir sıra məhsulların ixrac mexanizmlərinin tənzimlənməsinə, onların keyfiyyətinə nəzarətin həyata keçirilməsinə və digər məsələlərə dair normativ sənədlər hazırlanmışdır. Eyni zamanda, Avropa İttifaqının texniki yardım proqramları çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi davam etdirilmişdir.
Bununla yanaşı, BMT-nin ixtisaslaşmış qurumları ilə də əməkdaşlıq prioritet istiqamətlərdən biri olmuş, bir sıra layihələr və birgə strategiyalar üzrə işlər aparılmış, müvafiq sənədlər imzalanmışdır.
Beynəlxalq qurumlarla əməkdaşlığın bu cür yüksək səviyyədə qurulması xarici ticarətin inkişafına, əmtəə bazarının təkmilləşməsinə müsbət təsir göstərir. Başqa sözlə, bu cür bazarın mövcudluğu Azərbaycanda əmtəənin səmərəli şəkildə reallaşmasını sürətləndirir.
Azərbaycanda maliyyə bazarının təkmilləşdirilməsi də uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.
İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında demişdir: "Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.
Bu gün isə maliyyə imkanlarımız məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxil sərmayələrdir, həm də dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır".
Ölkəmizdə sahibkarlığın təkmilləşdirilməsi əmtəə və xidmətlərin səviyyəsinə müsbət təsir göstərir. Bu da öz növbəsində məhsuldarlığın, ölkənin rəqabətə davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə, ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Məhz bu amilə görə də Azərbaycan dünya ölkələri arasında öncül yer tutur.
Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.
İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerli və xarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında