Azərbaycanın sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasəti iqtisadiyyata verilən böyük töhfədir

 

Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı gözəl biznes mühitinin yaradılması üçün çox yaxşı imkanlar açmışdır. Ölkədə iqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, maarifləndirmə və bir sıra kompleks tədbirlər həyata keçirilir.

 Azərbaycanda yaşayıb fəaliyyət göstərən xarici iş adamları kimi, biz, əksər dünya ölkələrində hökm sürən maliyyə böhranının Azərbaycanın iqtisadi və siyasi sabitliyinə heç bir təsir göstərmədiyini maraqla izləyirik. Şübhəsiz, ölkənin sabitliyinin etibarlı əllərdə olması, Azərbaycan iqtisadiyyatının və siyasi sisteminin yaxşı idarə olunması dünyanı bürüyən maliyyə böhranından yan keçməyə imkan verib. 

 Azərbaycanda inkişafa təkan verən əsas amillərdən biri də ölkədə sahibkarlığın inkişafına yönəldilən diqqət və sahibkara göstərilən qayğıdır. Bu sahədə də ulu öndər Heydər Əliyev tərəfindən çox möhkəm təməl yaradılmışdır. Dövlətin qayğısını həm yerli, həm də xarici iş adamları əyani hiss edirlər. Ölkədə siyasi sabitliyin qarantına çevrilən sahibkarlar təbəqəsinin fəaliyyətinə geniş imkanların yaradılması, iqtisadiyyatın inkişafında onların geniş potensialından maksimum istifadə edilməsi vacib sayılır. Azərbaycanda müasir sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır. Həmin dövrdə ulu öndər Heydər Əliyev demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoyulması istiqamətində bir sıra böyük işlər görmüşdür. Yüksək rəqabətliliyi, istehlakçı tələbatına tez uyğunlaşması,  çevikliyi, yeniliyi, istehsalatda və müəssisələrin idarə edilməsində yeni üsulların, müasir texnologiyaların istifadəsinə meyil etməsi ilə səciyyələn sahibkarlığın inkişafını təmin edən faktorlar Azərbaycanda çoxkomponentlidir. Ölkədə infrastruktur yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulur,  müasir standartlar əsasında yollar çəkilir, fasiləsiz enerji, bir sıra rekonstruksiya tədbirləri və digər quruculuq işləri sahibkarların daha geniş fəaliyyətinə imkan yaradır. 

Ölkədə sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlar, sağlam biznes mühitinin daha da əlverişli olması üçün yaradılan real şərait bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nəticələrin  əldə edilməsinə şərait yaratmışdır. Özəl sektorun inkişafı ilə bağlı dövlət başçısının verdiyi fərman və sərəncamların hər biri sahibkarlığın genişləndirilməsində mühüm bir addıma çevrilir. Azərbaycan Prezidentinin 1997-ci il fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı” tətbiq edilməyə başlanmışdır. Bu proqramda qeyd edildiyi kimi Azərbaycan Respublikası Sahibkarlığına Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri  yaradılmışdır. Dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verilir və bu diqqətin nəticəsidir ki, son illərdə fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır. Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığa Kömək Milli Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir.

Ümumiyyətlə, Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyətləri haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmək birjası haqqında”, “Lizinq kompaniyaları haqqında" qanunlar və bazar iqtisadiyyatının  hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur.

Sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi və sair sosialyönümlü problemlərin həlli üçün geniş imkanlar açmışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir.

Yüzlərlə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması, çoxminli sahibkarlar sinfinin formalaşması məhz biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi nəticəsində mümkün olmuşdur. Sahibkarlığı stimullaşdıran əsas amillər - güzəştli kreditlər, fermerlərə subsidiyaların ayrılması, texnikanın lizinq yolu ilə verilməsi və sairə bir daha sübut edir ki, ölkənin seçdiyi yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Bütün bunlar imkan verir ki, Azərbaycan məhsullarının xarici bazarlara ixracı daha da artsın, işsizliyin səviyyəsi minimuma endirilsin.

Şübhəsiz, sahibkarlığa dəstək ölkənin uğurlu inkişafını təmin edir. Dövlət başçısı daim sahibkarlarla görüşür, müəssisələrin açılışlarında iştirak edir, hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslərə sahibkarlara kömək göstərmələrini tövsiyə edir. 2012-ci ildə sahibkarlığın inkişafı üçün ayrılmış güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır. Bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabına olmuşdur. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır, bu isə 9100-dək yeni iş yerinin kreditlər hesabına yaradılması deməkdir.

Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur ki, əvvəlki dövrdəki investisiyalar da əlavə edilsə, görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür.

Ölkə iqtisadiyyatının təsərrüfat subyektləri, digər tərəfdən də iqtisadi əlaqələr ölkəyə investisiyanın cəlb edilməsi üçün baza rolunu oynayır. Burada qarşıya qoyulan əsas məqsəd sərmayələrin cəlb edilməsi ilə yanaşı onların səmərəli istifadəsidir. Bundan əlavə xarici sərmayədarlarla birlikdə ölkəyə adətən yeni texnologiyaların və iş üsullarının da gətirildiyini nəzərə alsaq, xarici investorların ölkə üçün əhəmiyyəti özünü daha qabarıq büruzə verir. Azərbaycanda xarici investorların fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır. Yerli investorlar kimi, xarici investorlar da ölkə iqtisadiyyatına maraq göstərir, bu sahənin inkişafına öz töhfələrini verirlər.

Şübhəsiz, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır.

Sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici sərmayələrin Azərbaycana cəlb edilməsi baxımından bir çox dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes forumlar, konfranslar xüsusi əhəmiyyət kəsb edir. Ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla keçirilən 308 tədbir ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi daşımışdır.

Azərbaycanın 20 illik müstəqilliyi dövründə möhtəşəm inkişaf yoluna nəzər salsaq, böyük xarüqələr yaradıldığının şahidi olarıq. Bu gün Azərbaycan dünyanın ən sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl ölkələrindən biridir. Xeyli vaxtdır Azərbaycanda fəaliyyət göstərən “Özkaya Group” şirkəti də bu inkişafdan, dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğıdan bəhrələnərək fəaliyyətini genişləndirir. Ümumiyyətlə, burada çalışan türkiyəli iş adamları öz fəaliyyətləri ilə Azərbaycanın iqtisadi inkişafına daim öz töhfələrini  verməyə çalışırlar. Biz də bu sıradayıq. Gördüyümüz bütün işlərlə yanaşı, ölkənin ictimai həyatında da fəal iştirak edir, gündən-günə çiçəklənən, güclü və qüdrətli dövlətə çevrilən Azərbaycanın parlaq gələcəyi naminə səylərimizi əsirgəmirik.

Osman GEZEKER,

 “Özkaya Group” şirkətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında