Azərbaycan: sosial-iqtisadi inkişafın dünya lideri

 

 

Ölkənin iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrini xarakterizə edən son  10 ilin rəsmi statistikası əsas makroiqtisadi göstəricilərin sürətlə yaxşılaşmasını təsdiq edir. Təsadüfi deyil ki, bu illər ərzində qazanılan hər bir nailiyyət əvvəlki uğurlardan daha möhtəşəm olmuş, Azərbaycan ilk dəfə olaraq dünyanın “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr qrupuna daxil olmuş, sosial-iqtisadi inkişaf sahəsində rekord göstəricilər müşahidə edilmişdir. Beynəlxalq səviyyədə qazanılan və qəbul olunan hər bir nailiyyət nüfuzlu reytinq agentliklərinin nəşrlərində, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır.

Makroiqtisadi sabitliyin qorunub saxlanılması və inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı və tarazlı inkişafı cəmiyyətin layiqli həyat səviyyəsinə yüksəlməsinə yönəldilmişdir. Bunun nəticəsidir ki, ölkənin əsas makro göstəricisi olan ümumi daxili məhsul son 10 ildə 3,4 dəfə artmış və Dünya Bankının məlumatına əsasən, Azərbaycan dünya ölkələri arasında ÜDM-in artım səviyyəsinə görə lider mövqedə olmaqla yanaşı, dünyanın orta artım göstəricisini 2,6 dəfə qabaqlamışdır.

Hazırda Azərbaycanın ümumi daxili məhsulu Cənubi Qafqaz ölkələrinin məcmu ÜDM-nin 70 faizdən çoxunu təşkil edir.

Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmində 3 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artım olmuşdur. Adambaşına ÜDM-in həcmi 2003-cü ildə 889 ABŞ dolları olduğu təqdirdə, 2012-ci ildə 7491 ABŞ dollarına bərabər olmuş və bu göstəriciyə görə 2003-cü ildə dünyada 145-ci mövqeyə malik olan ölkəmiz son 10 ildə 60 pillə irəliləmişdir. Davos Dünya İqtisadi Forumunun “2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”nə görə Azərbaycan dünyada 46-cı, MDB məkanında birinci yerdədir.

ÜDM-in artımı yalnız neft sektorunun deyil, həmçinin qeyri-neft sektorunun artımına əsaslanmışdır. Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığının azaldılması üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin sabit inkişafına zəmin yaratmış, 2003-2013-cü illəri rəqabətqabiliyyətli yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi, müəssisələrin istehsal potensialının artırılması kimi mühüm amillərlə səciyyələndirmək olar. Bütün bu görülən işlərin nəticəsi olaraq, qeyri-neft məhsullarının ixracı 6,5 dəfə artmış, qeyri-neft sektorunda olan son 10 ildəki artım göstəricisinə görə isə ölkəmiz dünyada ilk beşlikdə qərarlaşmışdır.

Son 10 ildə iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 50,6 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 49,4 faizi isə xaricdən cəlb edilmişdir. Bu dövr ərzində istifadə olunmuş investisiya vəsaitlərinin 40,7 milyard manatı (47,3 milyard ABŞ dolları) neft-qaz sektorunun inkişafına, 69,1 milyard manatı (84,6 milyard ABŞ dolları) və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilmişdir.

2003-cü illə müqayisədə ölkədə ümumi investisiya qoyuluşlarının həcmi 5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 14 dəfə artmış və 2012-ci ildə müstəqillik dövründə rekord həddə - 25,8 milyard ABŞ dollarına çatmışdır. Bu göstəricinin artım səviyyəsinə görə Azərbaycan MDB-də lider olmaqla yanaşı, digər ölkələrin göstəricilərini dəfələrlə qabaqlamışdır.

Ölkə iqtisadiyyatının inkişafı və möhkəmlənməsi prosesində investisiya mənbələrinin strukturunda da ciddi dəyişikliklər baş vermiş və 2003-cü ildə investisiyaların ümumi həcminin yalnız 22,1 faizi ölkədaxili mənbələrdən maliyyələşirdisə, 2012-ci ildə daxili investisiyaların xüsusi çəkisi 60 faizə çatmışdır. 10 il ərzində 6 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metro stansiyası, 14 elektrik stansiyası, 27 otel, 5 çörək istehsalı zavodu, 12 konserv və meyvə şirələri zavodu, 2 şəkər istehsalı zavodu, 10 süd emalı zavodu, 2 yem istehsalı zavodu, 4 heyvandarlıq və 17 quşçuluq kompleksi, 3 kərpic zavodu, 3 bentonit zavodu, 8 asfalt-beton zavodu, 2 sement zavodu, 2 tikiş fabriki və s. obyektlər tikilib istifadəyə verilmiş, 6 müalicə diaqnostika və bərpa mərkəzi, 38 olimpiya-idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi, 5524 çarpayılıq xəstəxana, növbədə 6437 xəstəni qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 408,2 min şagird yerlik ümumtəhsil məktəbi, 10387 yerlik məktəbəqədər təhsil müəssisələri, 3722 yerlik klub əhalinin sərəncamına verilmiş, 31 körpü, 8,4 min kilometrlik qaz kəmərləri, 726 kilometr uzunluğunda yeni avtomobil yolları və s. çəkilib istifadəyə verilmişdir.

Qeyd etmək lazımdır ki, 2012-ci il müstəqillik illərində xarici investorların da  ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olunur. Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 10,3 milyard ABŞ dolları olmuşdur. 2003-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 64,1 milyard dollar həcmində xarici sərmayə yatırılmışdır.

Ölkəyə investisiyaların cəlb edilməsi ilə yanaşı, artıq 10 ildən çoxdur ki, Azərbaycan başqa dövlətlərin iqtisadiyyatına sərmayə yönəltməklə investisiyalarını ixrac edən ölkələr arasında öz mövqelərini ilbəil möhkəmləndirir. Belə ki, 2012-ci ildə investisiyaların ixracı 1 milyard 129 milyon dollar təşkil edərək əvvəlki ilin səviyyəsindən 2 dəfə çox olmuşdur. 2003-2012-ci illərdə Azərbaycan tərəfindən xarici ölkələrin iqtisadiyyatlarına yatırılmış birbaşa investisiyaların həcmi 7,4 milyard dollar təşkil etmişdir.

Dayanıqlı inkişafın qeyri-neft sektoru hesabına təmin olunması məqsədilə bu sahənin inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11,1 dəfə artmışdır.

Ölkə sənayesində 2,8 dəfə artım qeydə alınmışdır. Ötən 10 ildə yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrin istehsal potensialı artırılmışdır. Bütün bu görülən işlərin nəticəsi olaraq, təkcə 2012-ci ildə istehsal olunmuş sənaye məhsulunun həcmi ötən əsrin 50-60-cı illərinin 10 ili ərzində istehsal olunmuş məhsula bərabər olmuş, son 5 ildə isə 50-70-ci illərdə, yəni 20 ildə istehsal olunmuş məhsula bərabər sənaye məhsulu istehsal edilmişdir.

Ölkə iqtisadiyyatında, o cümlədən sənayedə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının sürətli inkişafına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər müstəqilliyin ilk illərində sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 1,1 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində bu göstərici 2003-cü ildə 56,8 faizədək artmış və hazırda sənayenin ümumi məhsulunda 81,3 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. 2003-2012-ci illər ərzində xarici və müştərək müəssisələrin sayı 29 faizdən çox artmış, hazırda sənaye sahəsində 30-dan çox dövləti təmsil edən 221 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bu illər ərzində dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 489,9 milyon manat yardım verilmişdir. Qeyd olunanların nəticəsində kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 27,6 faiz, kartof istehsalı 39,4 faiz, tərəvəz 24,8 faiz, bostan məhsulları 29,6 faiz, meyvə və giləmeyvə 56,7 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır. İri buynuzlu mal-qaranın 24,5 faiz, xırda buynuzlu mal-qaranın 24 faiz artması heyvandarlıq məhsullarının istehsalının dinamik artımına təsir etmiş, ət istehsalı 53,9 faiz, süd istehsalı 47,3 faiz, yumurta 79,9 faiz, yun istehsalı 36,4 faiz artmış, bir çox məhsullar üzrə idxaldan asılılığımız azalaraq özünütəminetmə səviyyəsinə yüksəlmişdir. Kartof üzrə özünütəminetmə 98,2 faizə, bütün növ tərəvəzlər üzrə 98,9 faizə, bostan məhsulları üzrə 100,1 faizə, meyvə və giləmeyvə üzrə 125,7 faizə, qoyun əti üzrə 98,7 faizə, quş əti üzrə 77,4 faizə çatmışdır.

Son 10 ildə əhalinin rifah halının xeyli yüksəlməsi nəticəsində insanların qida istehlakında da müsbət meyillər müşahidə olunur. Əhalinin hər nəfərinə ildə istehlak olunan tərəvəz və bostan bitkiləri 79,3 kq-dan 98,5 kq-dək, meyvə və giləmeyvə 55,4 kq-dan 74,8 kq-dək, ət və ət məhsulları 29,1 kq-dan 33,5 kq-dək, süd və süd məhsulları 271 kq-dan 294 kq-dək, yumurta 123 ədəddən 155 ədədədək, bitki yağları 8,3 kq-dan 9,9 kq-dək artmış, çörək istehlakı isə ilbəil azalmışdır.

Son illərin ən davamlı inkişaf edən infrastruktur sahələrindən biri nəqliyyat sektoru olmuşdur. Bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər daha da sürətləndirilərək davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. 10 il ərzində nəqliyyat sektorunda yük daşınması 2,1 dəfə, nəqliyyatın xidmətindən istifadə etmiş sərnişinlərin sayı isə 724,1 milyon nəfər və ya 1,8 dəfə artmışdır. Nəqliyyat fəaliyyətinin coğrafiyası daha da genişlənmiş, ayrı-ayrı nəqliyyat növləri ilə beynəlxalq əlaqədə yük daşınmasının həcmi artmış, nəqliyyatın bütün növləri ilə bir ton yükün orta daşınma məsafəsi 202,6 km-dən 427,3 km-ə çatmışdır.

2013-cü ilin əvvəlinə ölkədəki avtonəqliyyat vasitələrinin sayı 1,1 milyonu keçməklə 10 il ərzində 678,5 min ədəd artmış və artımın əsas hissəsi əhali tərəfindən alınmış avtomobillərin hesabına əldə olunmuşdur. Bütün avtomobillərin 916,4 mini şəxsi minik avtomobilləridir. 2003-cü ildə hər 100 ailəyə 22 şəxsi minik avtomobili düşürdüsə, hazırda hər 100 ailədən 46-sı minik avtomobilinə malikdir.

Təqdirəlayiq haldır ki, dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Azərbaycanda hasil olunan neft və təbii qazın dünya bazarlarına nəql olunması üçün Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. İstismara verildiyi dövrdən (cari ilin 9 ayı da nəzərə alınmaqla) bu kəmərlər vasitəsilə nəql edilmiş  neftin həcmi 238 milyon tonu, qazın həcmi isə 28 milyard kubmetri keçmişdir. Bununla yanaşı, BTC neft kəmərinin tranzit potensialından istifadə olunaraq Türkmənistan və Qazaxıstan nefti də nəql edilmişdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti uğurla davam etdirilmiş, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu layihəsinin əsası qoyulmuş və yolun tikintisi davam etdirilmişdir.

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsindəki inkişaf səviyyəsi - 9 dəfəlik artım iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək olar. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,5 dəfə, mobil telefon abunəçilərinin sayı 12,1 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur.

Davos Dünya İqtisadi Forumunun sonuncu “Qlobal İnformasiya Texnologiyaları-2012” hesabatında Azərbaycan “Şəbəkə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən daha 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlmişdir, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də 1-ci yerdə qərarlaşmışdır. Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi-2012” hesabatında da Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə 155 ölkə arasında 68-ci yeri tutmuşdur.

Ölkəmiz cari ildə daha bir tarixi nailiyyətə imza atmaqla 2013-cü il fevralın 8-də ilk telekommunikasiya peykini orbitə çıxarmışdır.

Ticarət sektorunda 2012-ci ildə 17,6 milyard manatlıq əmtəə satılmış, son 10 ildə 3 dəfə artmışdır. Əhalinin həyat səviyyəsi yüksəldikcə ölkə əhalisinin qeyri-ərzaq mallarına tələbatı genişlənmiş, pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi 11,4 faiz artmışdır.

Ölkənin bütün rayonlarında xidmət şəbəkələrinin genişləndirilməsi və inkişafı nəticəsində əhaliyə göstərilən pullu xidmət göstəriciləri də artmışdır. Son on ildə əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 3,8 dəfə artaraq 5,8 milyard manatı keçmişdir. 

Milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasının mühüm istiqamətlərindən biri ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının təmin edilməsidir. Xarici ticarətin liberallaşdırılması istiqamətlərində səmərəli və davamlı tədbirlər kompleksinin reallaşdırılması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasına əlverişli zəmin yaratmışdır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, son on il ərzində xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən idxal 5,8 dəfə, ixrac isə 11  dəfə artmışdır. Xarici ticarətin strukturu dəyişikliyə uğradığı kimi, onun ticarət partnyorlarının tərkibi də dəyişmişdir. Əgər 2003-cü ildə ticarət partnyorlarının sayı 124 ölkə olmuşdursa, 2012-ci ildə onların sayı artaraq 155-ə çatmışdır.  Ölkədə yeni texnoloji avadanlıqların tətbiqinin genişlənməsini, istehsal proseslərinin beynəlxalq standartlara uyğun yenidən qurulmasını, informasiya və kommunikasiya texnologiyaları sahəsinin ən müasir səviyyəyə çatdırılmasını təmin etmək üçün  əvvəlki illərlə müqayisədə idxalın ümumi həcmində respublikaya gətirilən maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar və aparaturaların xüsusi çəkisi artaraq 2012-ci ildə 27,2 faiz təşkil etmişdir. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. 

Son illərdə Azərbaycan Respublikası 15-dən çox  xarici ölkədə təşkil olunmuş beynəlxalq turizm sərgilərində iştirak etmiş, 50-yə yaxın xarici və yerli turizm şirkətlərinin iştirakı ilə Bakı şəhərində beynəlxalq turizm sərgisi keçirilmişdir.

Ölkəmizin paytaxtı və regionlarında müasir tələblərə cavab verən “Holiday İNN”, “Meridian”, “Musado”, “Metropol”, “Abu Arena”, “Ambassador”, “Park INN”, “Excelsior Hotel Baku”, “Hilton Baku”, “Kempinski Badamdar”, “Cinar Hotel SPA Naftalan”, “Qafqaz Sport Hotel”, “El Ressort”, “Lake Palace”, “JW Marriott Absheron Baku Hotel” “Four Seasons Hotels and Resorts”, “Qafqaz Baku City Hotel Residences”  kimi iri mehmanxanalar tikilib istifadəyə verilmişdir. 

Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycanda 2011-ci il “Turizm ili” elan edilmişdir.

2012-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 2002-ci ilə nisbətən 19 dəfə artaraq 17,3 milyard manata, xərcləri isə 18,7 dəfə artaraq 17,4 milyard manata çatmış, büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 0,3 faiz təşkil etmişdir.

Son on il ərzində dövlət büdcəsi kəsirinin ÜDM-ə faiz nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3 faizlik normadan xeyli aşağı olmuş (maksimum 2010-cu ildə 0,9 faiz), ümumən büdcə kəsiri inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilmişdir. 

Ardıcıl iqtisadi strategiyanın reallaşdırılması sayəsində Azərbaycan iqtisadiyyatının sabit və dinamik inkişafı bank-kredit sisteminin göstəricilərindən də aydın izlənir. Belə ki, 2012-ci ilin sonuna bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 2003-cü ildəki 670,3 milyon manatdan 12,2 milyard manatadək yüksəlmişdir. Ayrılmış kreditlərdə qısa və uzunmüddətli kreditlərin nisbəti tam əksinə dəyişmiş və bu gün verilən kreditlərin 70 faizdən çoxunu uzunmüddətli, yəni bir və ya bir neçə ildən sonra qaytarılmalı olan kreditlər təşkil edir. Xarici borcun ÜDM-ə nisbətinə görə ölkənin vəziyyəti dünya ölkələri arasında daha əlverişli olmuş, daha az öhdəliyi olan ölkələr sırasında qərarlaşmışdır.

Azərbaycan manatı möhkəmlənmiş, onun etibarlılığı artmış və milli valyuta ilə qoyulmuş əmanətlərin xüsusi çəkisi 2003-cü ildəki 7,5 faizdən 2012-ci ildə 58 faizədək artaraq 2013-cü il yanvarın 1-nə 5,1 milyard manata çatmışdır.

Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2003-2012-ci illər ərzində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 9,3 dəfə,  iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 50,8 dəfə artmışdır.

Keçən əsrin sonlarından başlayaraq iqtisadiyyatda müşahidə olunan sabit artım sürəti ölkənin sosial yönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait  yaratmışdır. Məhz 2003-2012-ci illərdə əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli uğurlar qazanılmışdır. Bazar iqtisadiyyatının inkişafı, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli işgüzar mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əmək bazarı və məşğulluq sahəsində irəliləyiş əldə etməyə imkan vermişdir.

Son 10 ildə iqtisadi fəal əhalinin sayı 5,9 faiz, məşğul əhalinin sayı isə 13,1 faiz artmışdır. Dövlət məşğulluq xidmətləri orqanları tərəfindən rəsmi işsiz statusu almış şəxslər də daxil olmaqla ölkədə işsizlərin sayı 1,8 dəfə azalmış və işsizliyin səviyyəsi 10 faizdən 5,2 faizə enmişdir.

2004-2012-ci illər ərzində ölkədə 1127,4 min yeni, o cümlədən 822,8 min daimi iş yerləri yaradılmışdır. Ölkənin iqtisadi və sosial sahələrində muzdla çalışan işçilərin 2012-ci ildə orta aylıq nominal əmək haqqı 6,3 dəfə artaraq 398,4 manata çatmışdır.

2003-2012-ci illərdə ölkə əhalisinin gəlirlərinin nominal həcmi 6,9 dəfə artmış, 2012-ci ildə hər ölkə sakini 2003-cü ildəki 58,4 manata qarşı ayda orta hesabla 315,4 manat və ya 5,4 dəfə çox gəlir əldə etmişdir.

2003-cü ildə əhalinin gəlirlərinin cəmi 16,5 faizi yığıma yönəldilirdisə, 2012-ci il ərzində əhali tərəfindən əldə edilən gəlirlərin təxminən üçdə bir hissəsi əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Minimum əmək haqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əmək haqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Son 10 ildə ölkədə minimum əmək haqqının məbləği 19,1 dəfə artaraq 105 manata qaldırılmışdır.

Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3,3 dəfə artırılaraq 2012-ci ildə 119,3 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 38,7 faiz bəndi azalaraq 44,7 faizdən 2012-ci ildə 6 faizə enmişdir. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə artırılması ilə yanaşı, yoxsul əhalinin sayı kəskin surətdə azalmışdır.

Azərbaycanda sahibkarlığın inkişafına diqqətin daha da artması nəticəsində bazar iqtisadiyyatının əsasını təşkil edən xüsusi mülkiyyət  inkişaf etmiş, yeni müəssisə və təşkilatlar yaranmışdır. Maneçilik yaradan süni əngəllərin aradan qaldırılması, vergi siyasətinin xeyli dərəcədə sadələşdirilməsi də sahibkarlığın inkişafına öz müsbət təsirini göstərmişdir.

Bu  dövrdə  sahibkarlıq subyektlərinin, müəssisə və təşkilatların sayı  2,7 dəfə artaraq 510 mini keçmişdir. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir.

Sosial sahələrdə ciddi uğurlar əldə edilmişdir. Ölkədə gənclərin ali və orta ixtisas təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılmışdır. 2012/2013-cü tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 52 ali və 59 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərmiş, onlarda müvafiq olaraq  145,6 min tələbə ali ixtisas və 56 min tələbə orta ixtisas təhsili alır. Son 10 ildə ali təhsil müəssisələrinin kontingenti 21,3 faiz artmışdır.

Dövlət büdcəsindən təhsilin inkişafına ayrılan vəsait ilbəil artır. 2003-cü ildə bu sahəyə 234,8 milyon manat ayrılmışdısa, 2012-ci ildə onun həcmi 1453,2 milyon manata çatmışdır. Təhsil xərclərinə büdcədən ayrılan vəsaitin nəzərəçarpacaq dərəcədə artması ölkə başçısının təhsili dövlət siyasətinin əsas prioritetlərinin biri hesab etməsi ilə birbaşa bağlıdır. 2003-2013-cü illərdə Azərbaycanda 7 yeni ali məktəb yaradılıb (Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Turizm İnstitutu, Dövlət Sərhəd Xidmətinin Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Ali Neft Məktəbi, İnformasiya Texnologiyaları Universiteti). 

 2012-ci il oktyabr ayının 1-i vəziyyətinə ümumtəhsil məktəblərində 45,8 min ədəd kompyuter mövcud olmuş və hər 28 şagirdə orta hesabla bir kompyuter düşmüşdür. Ümumi təhsil müəssisələrinin 1884-nün və ya kompyuteri olan məktəblərin 48,3 faizinin internetə çıxışı vardır. Hazırda məktəblərin 87,2 faizi kompyuter və digər İKT avadanlığı ilə təmin olunmuşdur.

2012/2013-cü tədris ilində 2270 azərbaycanlı gənc dövlət xətti ilə xarici ölkələrin aparıcı universitetlərində təhsil almışdır. Son illərdə Azərbaycanın ali təhsil sisteminə xarici ölkələrdə də inam artmış və bu ölkələrin  vətəndaşları ali təhsil müəssisələrimizə daha çox etibar etməyə başlamışlar. Əgər 2003/2004-cü tədris ilində respublikamızın ali təhsil müəssisələrində 29 ölkədən 1984 əcnəbi tələbə təhsil alırdısa, bü göstərici 2012/2013-cü tədris ilində 46 ölkəni əhatə etməklə 3926 nəfərə çatmışdır.

Bu gün dövlət siyasəti, bütün istiqamətlərdə olduğu kimi, elmə olan münasibətində də özünü göstərir. Bu məqsədlə elm ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır.

2013-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 140 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 21 mindən çox mütəxəssis məşğul olur və onların 70 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi vardır.

 

2013-cü ilin əvvəlinə Milli Elmlər Akademiyasının 52 akademiki və 100 müxbir üzvü olmuşdur.

Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanmasından ibarətdir.

Bu istiqamətdə bir çox dövlət proqramları qəbul edilmiş, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq Azərbaycan mədəniyyətinin dünyada tanınmasına xidmət edən Beynəlxalq Musiqi Festivalı keçirilir. 

Avroviziya Mahnı Müsabiqəsində cəmi 4 il iştirak edən Azərbaycan Respublikasının bu layihədə qısa müddətdə uğur qazanması və 2011-ci ildə 43 ölkə arasında birinciliyə yüksəlməsi, təmsilçilərimizin 221 səs qazanaraq müsabiqənin bir çox favoritlərini geridə qoyması və nəticədə, Azərbaycan adının Avroviziya Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazılmasına nail olunmuşdur.

2013-cü ilin əvvəlinə ölkədə 34,6 milyon kitab fondu olan 3389 kütləvi kitabxana, 2747 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərmişdir.

Yüzlərlə kitabxana, muzey, teatr, mədəni-maarif müəssisələri, tarix və mədəniyyət abidələri təmir və bərpa edilmişdir. Mədəni İrsin qorunması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində Qobustan Milli Tarixi-Bədii Qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, nadir memarlıq nümunələrindən olan Azərbaycan Milli Tarix Muzeyinin, Azərbaycan Dövlət Kukla Teatrının və Nizami Kino Mərkəzinin binaları beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə bərpa edilmişdir. Min nəfərdən çox yaradıcı şəxs təltiflərə, fəxri adlara və xüsusi təqaüdlərə layiq görülmüşdür.

Azərbaycanın milli-mədəni irsinin təbliği və inkişafı sahəsində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində bir sıra nəşrlərin, Moskvada çap olunan “Bakı” jurnalının təqdimat mərasimləri keçirilmişdir. Gənc istedadların üzə çıxarılmasında müstəsna əhəmiyyət kəsb edən “Muğam müsabiqəsi” ölkə ictimaiyyəti və bütün azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanmış, xalqımızın qədim və zəngin mədəni irsə malik olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

 Xüsusi diqqət və qayğının nəticəsi kimi son 10 ildə ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi müşahidə olunur.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 il ərzində ölkənin müxtəlif bölgələrində olimpiya idman kompleksləri istifadəyə verilmiş, mövcud idman qurğuları, stadionlar və digər idman meydançaları təmir edilmiş və yenidən qurulmuşdur.

Cari ilin əvvəlinə ölkədə idman qurğularının sayı 10 mini keçərək 24,8 faiz artmış, olimpiya idman komplekslərinin ümumi sayı 38-ə çatdırılmış, bir sıra rayonlarda isə yeni olimpiya idman komplekslərinin təməli qoyulmuşdur.

 2003-2012-ci illərdə idmançılarımız böyuk uğurlara imza atıblar. 2012-ci ildə beynəlxalq yarışlarda qazanılan medalların sayı 2002-ci ildəkindən 4,2 dəfə çox olmaqla 735-ə çatmışdır. Bu medalların 255-i qızıl, 244-ü gümüş, 236-sı isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 273-dür.

Səhiyyə və əhalinin sağlamlığı dövlətin daim diqqət mərkəzində olmuşdur. Səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ilbəil artmaqda davam etmiş, son 10 ildə bu vəsait 13,6 dəfə artırılmışdır. Bu dövr ərzində 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bunların arasında Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq  Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digərlərini göstərmək olar. 

Təkcə 2012-ci il ərzində təmir-tikinti işləri aparılan 84 tibb müəssisəsindən  38-də təmir işləri başa çatdırılmış və onlar istifadəyə verilmişdir.

Bu dövrdə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dərman vasitələri haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu, eləcə də səhiyyə sahəsində digər qanunlara zaman-zaman əlavələr və dəyişikliklər edilməsi vətəndaşların sağlamlığının qorunması üçün mühüm imkanlar yaratmışdır.   

 Səhiyyədəki islahatlar nəticəsində 2008-ci il fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində əhaliyə pulsuz tibbi xidmətlər göstərilir.

2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuş və hazırda onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait xərclənmişdir.

Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq şəkərli diabet, xroniki böyrək çatışmazlığı, irsi qan və yoluxucu xəstəliklərdən əziyyət çəkən xəstələr dövlət hesabına pulsuz müalicə alır və dərmanlarla təchiz olunur.

2013-cü ilin əvvəlinə ölkədə 32,3 min həkim və 57,5 min orta tibb işçisi əhaliyə tibbi xidmət göstərmiş, 539 xəstəxana, 1725 ambulator-poliklinika müəssisəsi fəaliyyətdə olmuşdur. 2002-ci illə müqayisədə həkimlərin sayı 11 faiz, əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı 6,6 faiz artmışdır.

Ölkədə sosial yönümlü siyasətin gücləndirilməsi əsas məsələlərdən biri olmuşdur. “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə uyğun olaraq 1 iyul 2011-ci il tarixindən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılmış, nəticədə 2006-cı il yanvar ayının 1-dək pensiyaya çıxan 900 min nəfərin əmək pensiyası yenidən hesablanaraq orta hesabla 40 faizə qədər artırılmışdır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği isə son 10 ildə 8,6 dəfə artaraq 152 manata çatmış və hazırda 168,8 manat təşkil edir. Son 10 ildə yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 dəfə, əlilliyə görə 6,4 dəfə, ailə başçısını itirməyə görə 7,4 dəfə artmışdır.

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ildən başlayaraq hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır, pensiyanın sığorta hissəsi isə inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Pensiyaların minimum məbləği 20 manatdan 100 manata çatdırılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2012-ci ilin sonuna sosial müavinət təyin olunmuş şəxslərin sayı 317,1 min nəfər, bir nəfərə düşən orta aylıq məbləğ isə 44,43 manatdır. 2007-ci illə müqayisədə sosial müavinət alanların sayı 15,1 faiz, bir nəfərə düşən orta aylıq məbləğ 1,9 dəfə artmışdır.

Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir. 2012-ci ilin sonuna 133,6 min ailənin 589,9 min nəfər üzvünün hər biri orta hesabla ayda 25,81 manat ünvanlı dövlət sosial yardımı almışdır. 2007-ci ilə nisbətən ünvanlı dövlət sosial yardımı alanların sayı 1,6 dəfə,  bir nəfərə düşən orta aylıq məbləğ isə 1,5 dəfə artmışdır.

Ətraf mühitin mühafizəsi. İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir və 2010-cu il “Ekologiya ili” elan edilmişdir.

Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və təmiz havaya olan ehtiyaclarını təmin etmək məqsədilə ölkədə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilmiş, kəndlərdə əhalini təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmiş, yaşıllaşdırma işləri geniş vüsət  almışdır. Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir.

Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmışdır. 2013-cü ilin əvvəlinə ölkədə ümumi sahəsi 209,1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322,3 min hektar olan 9 milli park və sahəsi 361,2 min hektar olan 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-2011-ci illərdə 100 baş ceyran, 2012-ci ildə layihənin II mərhələsində isə 15 baş ceyran tarixi ərazilərə buraxılmışdır. Buraxılmış ceyran sürülərində təbii artım (balavermə) müşahidə olunur.

Azərbaycan xalqının firavan yaşaması demoqrafik proseslərə də öz müsbət təsirini göstərmişdir. Belə ki, 2003-2012-ci illərdə ölkə əhalisinin sayı 1007,4 min nəfər artaraq 9356,5 min nəfərə çatmışdır. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir.

2012-ci ildə təbii artım 119,5 min nəfər təşkil etmiş və əhalinin hər min nəfərinə hesabı ilə təbii artım göstəricisi 2003-cü ildəki 7,9-a qarşı 13 olmuşdur. 2003-cü illə müqayisədə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu göstəricisi 1,6 yaş artaraq 73,9 yaşa çatmış, o cümlədən oğlanlar üçün 71,3 yaş, qızlar üçün   76,6 yaş təşkil etmişdir.

Əhalinin 22,3 faizi 0-14 yaşda 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 29,7 faizini təşkil edir.

Ötən il ərzində ölkədə 174,5 min körpə doğulmuş və bu da əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 13,9-dan 19-a qədər doğulanların sayının artması deməkdir. Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,3 uşaq düşür və ölkədə əhalinin təkrar istehsalı təmin olunur.

2012-ci ildə rəsmi dövlət orqanları tərəfindən ölkədə 79,1 min nikah qeydə alınmış və birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında 23,7 yaş olmuşdur.

Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır.

Hörmətli oxucuların nəzərinə çatdırdığım faktlar son 10 ildə görülmüş işlərin cüzi bir hissəsidir. Bir çox ölkələrin 50-60 il ərzində keçdiyi yolu Azərbaycan 10 il ərzində qət etmişdir və bu yalnız başlanğıcdır. Ölkəmizi yaxın illərdə daha böyük nailiyyətlər gözləyir və tam əminəm ki, həmin uğurlar qazanılacaqdır.  

 

 

Arif VƏLİYEV,

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında