Nyu-Yorkda “Cənub qaz dəhlizi” Avropanın enerji təhlükəsizliyinin qarantıdır” mövzusunda Xəzər Forumunun birinci sessiyası keçirilmişdir

 

Sentyabrın 25-də Nyu-Yorkda Xəzər Strateji İnstitutunun (HASEN) təşkilatçılığı ilə “Cənub qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır” mövzusunda Xəzər Forumunun birinci sessiyası keçirilmişdir.

Sessiyanı giriş sözü ilə açan HASEN-in baş katibi Haldun Yavaş iştirakçıları salamlamış, tədbirin işinə uğurlar arzulamışdır. 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Azərbaycanda neft-qaz istehsalının tarixindən bəhs etmişdir.

Bildirilmişdir ki, Bakıda ilk neft quyusu 1848-ci ildə qazılmış, ilk boru kəməri paytaxtımızdan Batumiyə çəkilmiş və ölkəmiz SSRİ-nin neft istehsalının 80 faizini təmin etmişdir.

E.Nəsirov ilk neft böhranının hələ 1920-ci ildə bolşeviklərin Bakını işğal etdikləri zaman baş verdiyini vurğulamışdır. Azərbaycanın enerji mənbələrinin əhəmiyyətinə toxunan ARDNŞ-in vitse-prezidenti “Cənub qaz dəhlizi” layihəsinin vacibliyini qeyd etmişdir. 

Tədbirdə çıxış edən bp-nin “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Alasder Kuk bildirmişdir ki, hələ XIX əsrdə kerosin ixrac etməklə Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu işi XX əsrin sonunda uğurla davam etdirmişdir. Azərbaycan XXI əsrdə də “Cənub qaz dəhlizi” layihəsini həyata keçirməklə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

A.Kuk qeyd etmişdir ki, Avropaya 10 milyard kubmetr qaz ötürməsi nəzərdə tutulan layihənin tikinti işlərinə təxminən 40 milyard ABŞ dolları həcmində vəsait xərclənəcəkdir. Boru kəmərinin tikintisi nəticəsində 30 min yeni iş yeri açılacaqdır. bp-nin vitse-prezidenti layihənin reallaşması üçün istehsalçı və istehlakçı ölkələr arasında tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamışdır.

Sessiyada çıxış edən Albaniyanın xarici işlər naziri Ditmir Buşati Trans-Adriatik boru kəmərinin (TAP) Albaniya ilə yanaşı, bütövlükdə regionda mühüm rolundan danışmışdır. Onun sözlərinə görə, enerji mənbələrinin şaxələndirilməsi müvafiq sahənin davamlılığına imkan yaratmaq və Albaniya iqtisadiyyatına 1,5 milyard ABŞ dolları məbləğində gəlir gətirməklə yanaşı, 15 min yeni iş yerinin açılmasına səbəb olacaqdır.

Layihənin ictimai və maliyyə xidmətlərinin, həmçinin nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafına verəcəyi töhfələrə toxunan Albaniyanın xarici işlər naziri demişdir: “Xarici siyasət baxımından bu layihə regionumuz üçün olduqca əhəmiyyətlidir və Albaniyanın enerji tələbatını ödəməyə qadirdir. Biz daxili qaz bazarının inkişafı üçün artıq TAP ilə müqavilə imzalamışıq”.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya çıxışında Azərbaycanın təbii qazı Avropaya ötürmək təşəbbüsünün məntiqli qərarları barədə danışmışdır.

Xorvatiya Baş nazirinin birinci müavini və xarici işlər naziri Vesna Pusik də öz növbəsində enerji mənbələrinin şaxələndirilməsi məsələsinə toxunmuşdur. İqtisadiyyatın inkişafında enerjinin əhəmiyyətindən danışan V.Pusik bildirmişdir ki, Azərbaycan TAP layihəsini seçməklə Avropanın uzunmüddətli enerji təminatında mühüm rola malik olduğunu bir daha təsdiqləmişdir.

Makedoniyanın xarici işlər naziri Nikola Poposki bildirmişdir ki, “Cənub qaz dəhlizi” layihəsinin reallaşması infrastrukturun inkişafına təkan verməklə yanaşı, regiona çoxlu sərmayələrin yatırılmasına səbəb olacaqdır.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında