Şriftin ölçüsü:
30.07.2010 11:46 | Oxunma sayı: 641
İyulun 29-da Bakı Biznes Mərkəzində iqtisadi inkişaf naziri Şahin Mustafayevin və Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın iştirakı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
Əvvəlcə Azərbaycan haqqında qısa film nümayiş etdirilmişdir.
Şahin Mustafayev 100-dən artıq iş adamından və rəsmi şəxslərindən ibarət Türkiyə nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında mövcud çoxşaxəli əməkdaşlığa yeni töhfə verəcəyinə əmin olduğunu bildirmişdir. Nazir demişdir ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, təkcə iqtisadi sahədə əməkdaşlığa dair 23 sənəd imzalanmışdır. Bu sənədlər əlaqələrimizin hüquqi təməlini təşkil edir.
İqtisadi əməkdaşlıq sahəsində görülmüş işlərdən danışan Ş.Mustafayev demişdir ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri xüsusi əhəmiyyət kəsb edir. Bu layihələr təkcə ölkələrimizin yox, həm də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu yaxınlarda ARDNŞ ilə Türkiyənin Botaş şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını, Naxçıvana yeni qaz kəmərinin çəkilişini həyata keçirməyə imkan verir. Ölkələrimizin böyük tranzit potensialı vardır. Hazırda çəkilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyə ilə Azərbaycanı, həm də Avropa ilə Asiyanı birləşdirəcəkdir. Bu gün 1000-dən çox Türkiyə şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, 2002-ci ildən bəri bu şirkətlər tərəfindən iqtisadiyyatımıza davamlı sərmayə yatırılır.
Ş.Mustafayev Azərbaycanın xarici sərmayəçilər üçün cəlbediciliyini qeyd etmiş, bunun başlıca səbəbinin mövcud siyasi sabitlik, əlverişli biznes və investisiya mühiti olduğunu vurğulamış, beynəlxalq təşkilatlar tərəfində yüksək qiymətləndirilən iqtisadi islahatlar sayəsində qazanılmış uğurlardan danışmışdır. Məlumat vermişdir ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
İqtisadi inkişaf naziri Ermənistanın blokadaya aldığı Naxçıvana Türkiyənin dəstəyini yüksək qiymətləndirmişdir.
Ş.Mustafayev bildirmişdir ki, son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı yeni istiqamətlər açmışdır və yüzlərlə Azərbaycan şirkəti xarici ölkələrdə, o cümlədən Türkiyədə çalışır və müxtəlif sahələrə sərmayələr yatırırlar. Buna misal olaraq ARDNŞ-in Türkiyənin neft-kimya sahəsində və Gürcüstandakı geniş fəaliyyətini göstərmək olar. Yeri gəlmişkən, ARDNŞ Gürcüstanda ən iri investor və ən iri vergi ödəyicisidir. Həm Azərbaycanın, həm də Türkiyənin artan iqtisadi potensialını nəzərə alaraq hesab edirəm ki, bizə dost olan ölkələrə birgə sərmayə qoymağın, müştərək layihələr həyata keçirməyin, birgə investisiya fondlarının yaradılmasının zamanı çatmışdır. Qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, İKT, tranzit daşımaları, xidmət, turizm sahələrində əməkdaşlıq və qarşılıqlı səmərə üçün geniş imkanlar mövcuddur.
Türkiyənin dövlət naziri Zəfər Çağlayan iqtisadi əməkdaşlıq sahəsində böyük potensial olduğunu təsdiq etmişdir. Bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında illik ticarət dövriyyəsinin həcmini 5 milyard ABŞ dollarına çatdırmaq mümkündür.
Dövlət nazirinin sözlərinə görə, hazırda azərbaycanlı iş adamları Türkiyəyə 3 milyard dollardan çox sərmayə qoymuşlar. Bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir. Türk iş adamları isə Azərbaycana 6 milyard dollardan çox sərmayə qoymuşlar. Qonaq Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov, Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Cengiz Gül, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Türkiyənin İxracatçılar Məclisi direktorunun müavini Bülent Aymen, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və başqaları çıxış etmişlər.
Biznes forum çərçivəsində ikitərəfli görüşlər keçirilmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.