“Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə”

 

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT)  qoşulmasının 10 illiyinə həsr olunmuş “Azərbaycan MHŞT daxilində 10 il. Tarixdən yeni pilləyə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

AzərTAc xəbər verir ki, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov konfransı açaraq ölkəmizin MHŞT-yə qoşulmasından ötən 10 ildə görülən işlərdən, əldə olunan uğurlardan danışmışdır. Sidneydə keçirilən konfrans zamanı MHŞT-yə yeni nəfəs verildiyini diqqətə çatdıran Ş.Mövsümov ARDNF-in qəbul edilən sonuncu standartlara uyğun hesabatının hazırlanması üzərində iş aparıldığını vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, konfransın təşkilində məqsəd son dövrlərdə MHŞT ətrafında baş verən qlobal dəyişikliklər və müzakirələri gündəmə çıxarmaq, yeni standarta keçidlə bağlı çətinlikləri və perspektivləri, 10 il ərzində Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində qazandığı uğurları müzakirə etmək və MHŞT-nin daha geniş inkişafına təkan vermək, Azərbaycanın bu sahədəki təcrübəsini digər ölkələrlə bölüşməkdən ibarətdir.

MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberq çıxış edərək demişdir ki, artıq açıqlıq, şəffaflıq yeni bir mərhələyə çatmışdır. Şəffaflıq korrupsiyaya qarşı mübarizədə, insanların məlumatlandırılmasında xüsusi rol oynayır. Qəbul edilən yeni standartlar digər dövlətlərdə də tətbiq olunmağa başlamışdır. Bu standartların təməlində daha ətraflı və konseptual məlumatlar toplusu dayanır ki, biz onlardan istifadə edə bilək. Şübhə yoxdur ki, Azərbaycan bu sahədə lider rolunu oynayır. Biz bu hamar olmayan yolu birlikdə qət etmiş, bir-birimizdən öyrənmişik. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi digər dövlətlər tərəfindən də öyrənilir.

Sonra beynəlxalq konfrans işini “MHŞT və Azərbaycan”, “Sidneydən sonra: Yeni MHŞT Standartı”, “MHŞT-nin tətbiqində donor ölkələrin və beynəlxalq qurumların rolu”, “Təşəbbüsün tətbiqinə dair digər ölkələrin təcrübəsi” sessiyaları üzrə davam etdirmişdir.

Sessiyalarda Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində təcrübəsi və əldə etdiyi uğurları barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan bu prosesə 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulmuşdur. Ötən 10 il ərzində Azərbaycan MHŞT-nin tətbiqi sahəsində çox böyük uğurlar əldə etmiş, bir çox yeniliklərə imza atmışdır. 2005-ci ildə MHŞT üzrə ilk hesabatını dərc edən Azərbaycan bu günədək 17 hesabat açıqlamaqla, MHŞT-ni tətbiq edən ölkələr arasında ən çox hesabat dərc edən ölkədir.

Konfransda Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən bu sahədəki prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu, MHŞT-nin tamhüquqlu üzvü statusunun təsdiq edildiyi və bütün bu uğurların nəticəsində “2009-cu il MHŞT mükafatı”na layiq görüldüyü xüsusi vurğulanmışdır.

Azərbaycanın hər iki ildən bir seçilən MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı rolunu sübut edir.

Sessiyalarda Sidneydə keçirilmiş 6-cı beynəlxalq konfransda qəbul edilmiş MHŞT üzrə yeni standart və onun tətbiqi ilə bağlı məsələ də müzakirə edilmişdir. Bu standart bütün üzv ölkələrdə MHŞT prosesinin tətbiqini tənzimləyən əsas sənəd rolunu oynayır və öncəki illərdə qəbul edilmiş tənzimləyici sənədləri əvəzləyir.

MHŞT hesabatlılığının keyfiyyətinin yüksəldilməsinə, şirkətlər tərəfindən fərdi hesabatların açıqlanmasına nail olmaqla mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına, qiymətləndirmə prosesində mühüm dəyişikliklərə, prosesin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə və MHŞT sahəsində digər irəliləyişlərin həyata keçirilməsinə xidmət edəcək standartın Azərbaycanda tətbiqi bu sahəyə yeni nəfəs verəcəkdir. Bu, həmçinin şəffaflıq sahəsində yüksək səmərəlilik əldə olunmasına, insanlara daha etibarlı, düzgün və lazımlı informasiyanın çatdırılmasına, prosesin tətbiqi ilə bağlı daha genişmiqyaslı islahatlar üçün zəmin yaradılmasına yardım edəcəkdir.

Konfransda Azərbaycanın hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında