Ötən əsrin sonlarında müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikasına yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirən “Əsrin müqaviləsi” iqtisadiyyatın böhran məngənəsindən çıxarılmasına imkan yaratmaqla yanaşı, həm də ölkəmizin neft sənayesinə yeni texnika və texnologiyaların gətirilməsinə səbəb oldu. Bunun da nəticəsində ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirildi. 1997-ci ilin noyabr ayında “Çıraq” yatağında ilkin neftin hasilatına başlanılması ilə ölkəmizdə yeni neft erasının əsası qoyuldu. Bütövlükdə isə “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması Xəzər regionunu beynəlxalq əməkdaşlıq üçün böyük təcrübə mərkəzinə çevirdi.
Bu təcrübə isə yeni-yeni layihələrə, əməkdaşlığa geniş perspektivlər açdı. Elə Azərbaycanın neft strategiyasının, “Əsrin müqaviləsi”nin mühüm istiqamətlərindən sayılan “Çıraq” neft layihəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Sözügedən layihənin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı indiyədək əldə edilmiş nailiyyətlər üzərində qurulması da bunu təsdiqləyir. Xatırladaq ki, “Çıraq” neft layihəsinə sərmayə qoyulmasına dair qərar 2010-cu il mart ayının 9-da qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp Azərbaycan şirkəti arasında imzalanmış bu sənəd xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması istiqamətində daha bir mərhələnin əsasını qoymuşdur. “Çıraq” neft layihəsinə start verilməsi, eyni zamanda, ölkəmizin neft sənayesində növbəti, son dərəcə mühüm tikinti-quraşdırma işləri üçün geniş imkanlar yaratmışdır.
Artıq layihə üzrə tikinti-quraşdırma tədbirlərinin həyata keçirildiyi sahələrdə işlər uğurla tamamlanmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ilin ötən dövründə də layihə üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri əvvəlcədən müəyyənləşdirilmiş cədvələ və plana uyğun olaraq davam etdirilmişdir. “Qərbi Çıraq” platformasının dayaq bloku aprel ayının 14-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsindən həmişəki yerində quraşdırılmaq üçün dənizə yola salınmışdır. Aprel ayının 20-də isə dayaq blokunun suya salınması və bərkidilməsi əməliyyatları həyata keçirilmişdir. Dayaq blokunun dənizə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları isə, əvvəlcədən planlaşdırıldığı kimi, 45 günə başa çatdırılmışdır. Məlumat üçün bildiririk ki, “Qərbi Çıraq” platformasının dayaq bloku Xəzər dənizində indiyədək inşa olunmuş bu tip ən ağır qurğudur. Dayaq blokunun tikintisinə 2010-cu ildə başlanmış və nəzərdə tutulan vaxtda uğurla tamamlanmışdır. Qurğunun inşasına 2 min nəfər, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşlar. İşçi qüvvəsinin 96 faizi yerli azərbaycanlılardan ibarət olmuşdur. Dayaq bloku yerli şirkət olan və hazırda ARDNŞ-ə məxsus BOS Şelf şirkəti tərəfindən inşa edilmişdir. Bu nəhəng obyektin ümumi çəkisi 18 min 200 ton, hündürlüyü isə 185 metrdir. Qurğunun ümumi çəkisi 6700 ton olan 13 dirəyi, 7 dikborusu, 8 J şəkilli borusu və 10 kessonu var. Dayaq bloku suyun 170 metr dərinliyində quraşdırılmışdır.
Yeri gəlmişkən, ilin əvvəlindən etibarən “Çıraq” layihəsi çərçivəsində öncəqazma proqramı da uğurla davam etdirilmişdir. Xatırladaq ki, müqavilə sahəsində öncəqazma işlərinə 2010-cu ilin aprel ayında başlanmışdır. Ötən müddətdə 16 quyudan ibarət bu proqram çərçivəsində 7 quyuda lazımi qazma əməliyyatları aparılaraq gələcək istifadə üçün müvəqqəti bağlanmışdır. “Çıraq” layihəsi çərçivəsində öncəqazma proqramını həyata keçirən “Dədə Qorqud” qazma qurğusu modernləşdirmə və planlaşdırılmış beş illik sertifikatlaşdırma prosesindən keçəndən sonra qazma proqramı 2011-ci ilin iyul ayının sonundan başlayaraq bərpa olunmuşdur. Ötən ilin yanvar ayında J02z quyusu qoruyucu boruyadək qazılaraq bağlanmşdır. Daha sonra isə qazma əməliyyatları J05, J07 və J011quyuları ilə davam etdirilmişdir. Digər üç qabaqlayıcı quyu isə qoruyucu boruyadək qazılaraq müvəqqəti bağlanmışdır.
Azərbaycanın yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi”nin imzalanmasının 19-cu ildönümü isə daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Belə ki, “Qərbi Çıraq” platformasının üst modulları Xəzər dənizindəki həmişəki yerində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılmışdır. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində Xəzərin Azərbaycan sektorunda quraşdırılmış unikal platformaların sayı 8-ə çatdırılmışdır.
Xatırladaq ki, üst modulların tikintisi 2010-cu ilin yayında başlanmış və bu ilin iyul ayında başa çatdırılmışdır. Bundan sonra isə quruda təqribən iki ay ərzində istismar sınaq işləri aparılmışdır. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə həyata keçirilmiş və bu işlərə sərf olunmuş təxminən 20 milyon adam-saat ərzində qəza ucbatından itirilmiş heç bir iş günü qeydə alınmamışdır. Nəhayət, 2013-cü il sentyabrın 12-də üst modullar “Çıraq” neft layihəsinin bir hissəsi kimi inşa olunduğu AMEK-Tekfen-Azfen alyansının Bibiheybətdəki tikinti-quraşdırma sahəsindən uğurla yola salınmışdır. Üst modulların dənizdə montajı və istismar sınağının bu ilin sonunadək başa çatdırılacağı gözlənilir. Sözügedən modulların tikintisində Xəzərdə ilk dəfə tətbiq olunan bir sıra yeni texnologiya və avadanlıqdan istifadə olunmuşdur ki, bu da uzun illər təhlükəsiz və etibarlı əməliyyatlar üçün yüksək standartları təmin edir.
Yeri gəlmişkən, 19500 ton çəkisi olan “Qərbi Çıraq” platformasının üst modulları Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş AMEK-Tekfen-Azfen tikinti-quraşdırma sahəsində büsbütün ölkə daxilində inşa edilmişdir.
Tikinti işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olmuş, subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4 min nəfər insan cəlb edilmişdir ki, bunun da 90 faizə qədəri yerli işçilərdir.
Yeri gəlmişkən, 2010-cu ilin mart ayında həyata vəsiqə almış “Çıraq” neft layihəsinin ümumi dəyəri 6 milyard dollar təşkil edir. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün planlaşdırılmış, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya “Azəri-Çıraq-Günəşli” yatağı laylarının neft verməsini optimallaşdırmağa xidmət edəcək.
Yeni platformanın layihə gücü gündəlik 183 min barrel neft və 229 milyon standart kub fut qaz təşkil edir. Lakin bununla belə, platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü vardır. “Azəri-Çıraq-Günəşli” yatağının 17 il əvvəl başlanmış işlənməsinin davamı olan “Çıraq” neft layihəsindən ilk neftin hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır. Bütövlükdə isə layihə çərçivəsində 360 milyon barrel neft hasilatı proqnozlaşdırılır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.