Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçmiş, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımız Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qlobal iqtisadi-maliyyə böhranı illərində inkişaf etmiş ölkələrin bir sıra ciddi problemlərlə üzləşməsi fonunda iqtisadiyyatımız davamlı inkişaf etmiş, makroiqtisadi sabitlik tam təmin olunmuşdur. Son 10 ildə ÜDM 3,4 dəfə, qeyri-neft ÜDM-i 2,7 dəfə artmış, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq 7500 ABŞ dollarına yüksəlmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları investisiya qoyulmuş, büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşmışdır.
Sözügedən dövrdə əhalinin həyat səviyyəsi də əhəmiyyətli dərəcədə yaxşılaşmış, 1,2 milyon yeni iş yeri açılmış, əhalinin gəlirləri 6,1 dəfə artmış, yoxsulluq səviyyəsi 6 faizə enmişdir. Əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bir müddət əvvəl açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə qərarlaşmışdır. Bununla yanaşı, Azərbaycan ötən dövr ərzində Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlmiş, BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olmuşdur.
Son illərdə sürətlə artan investisiyalar, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcəkdir. Sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye parklarının yaradılması, hazırda icra olunan və ya icrası planlaşdırılan iri miqyaslı sənaye layihələri Azərbaycanın qeyri-neft sənayesinin inkişafı və bu sahədə ixrac imkanlarının artırılmasında xüsusi rol oynayacaqdır.
Hazırda qeyri-neft ixracının təxminən yarısını kənd təsərrüfatı və aqrar sektorun emalı məhsulları təşkil edir. Sənaye üsulu ilə quş əti istehsalı son 10 ildə 4,6 dəfə çoxalmışdır. Son 3 ildə qurulan süd zavodları sayəsində ölkənin süd emal gücü 2 dəfədən çox artmışdır. Yaranan yeni istehsal gücləri qarşıdakı illərdə bu sahədə Azərbaycanın ixracını əhəmiyyətli dərəcədə artıracaqdır.
Azərbaycanın sosial-iqtisadi uğurları dünyanın nüfuzlu qəzet və jurnallarında da geniş işıqlandırılır. Məsələn, bu yaxınlarda ABŞ-ın nüfuzlu “The New York Times” jurnalında ölkəmizin sürətli iqtisadi inkişafından bəhs edən məqalə dərc olunmuşdur. “Azərbaycan: Gələcəyi inamla qarşılayan ölkə” sərlövhəli yazıda Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğu, ölkənin müasir mədəniyyətin və sivilizasiyanın yaranmasına, inkişafına və şaxələnməsinə öz töhfəsini verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan qədim İpək yolunun üzərində, Qərb və Şərq mədəniyyətlərinin birgə təsiri ilə formalaşmış sivilizasiyaların qovuşuğunda yerləşir. Müxtəlif vaxtlarda fərqli imperiyaların tərkibinə qatılsa da, Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.
Məqalədə bildirilir ki, regionun aparıcı dövləti olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilir. Bununla yanaşı, xatırladılır ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli enerji layihələri həyata keçirir. Neft ölkəsi kimi tanınan Azərbaycan Xəzər hövzəsinin zəngin enerji potensialını aşkar edən ilk dövlət olmuş və regionda yüksək səviyyəli iqtisadi inkişaf modeli yaratmışdır. Azərbaycan Avropa ilə Asiya arasında ticarət və siyasi əlaqələrin genişlənməsində, həmçinin Qafqaz nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmininə və prioritet sahələrə irimiqyaslı sərmayələrin yatırılmasına təkan vermişdir.
Son 10 ildə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.
Ümumilikdə, son 10 il ərzində əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 9 dəfə çoxalmış, əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə və pensiyalar 8,6 dəfə yüksəlmişdir (son artımlar nəzərə alınmadan).
Elementar hesablama Azərbaycanın iqtisadi və maliyyə imkanlarının digər Cənubi Qafqaz respublikaları ilə ölçüyəgəlməz dərəcədə yüksək olduğunu təsdiq edir. Məsələn, Azərbaycanda 2013-cü ilin dövlət büdcəsi 25 milyard dollar təşkil edir. Ermənistanın dövlət büdcəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət büdcəsi 4,8 milyard dollardır. Bu da ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstandan 5 dəfə çoxdur. Ümumilikdə, 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövlət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80 faizinin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir.
Azərbaycan hökuməti son 10 ildə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə də xüsusilə həssaslıqla yanaşmışdır. Əgər 2003-cü ildə ölkədə 1,45 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdisə, 2012-ci ilin yekunlarına görə, aqrar istehsalın həcmi 4,845 milyard manata yaxın olub. Adambaşına düşən kənd təsərrüfatı məhsulu göstəricisi isə 177 manatdan 528 manata çatıb.
Ölkənin ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi də qənaətbəxşdir. Məsələn, meyvə-tərəvəz, ət və ət məhsulları, yumurta, şəkərlə təminat baxımından Azərbaycanın demək olar ki, idxaldan asılılığı yoxdur. Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışılmış, aqrar sahədə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Həmin iclasda bildirilmişdir ki, ölkəmizdə hələ də dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir. Artıq 5 min hektar torpaq dövriyyəyə buraxılmış və orada hektardan 54 sentner məhsuldarlıq əldə edilmişdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Hazırda aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər davam etdirilir.
2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilmişdir ki, onun da 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir. 2013-cü il iyulun 15-i tarixinə 905 min 80 hektarda və ya ümumi sahənin 88 faizində biçin aparılmışdır. Biçilmiş sahələrdən 2 milyon 408 min 191 ton dənli və dənli paxlalıların məhsulu yığılmış və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal edilmişdir ki, onun da 1 milyon 612 min 644 tonunu buğda təşkil etmişdir. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur.
Aqrar sahənin müxtəlif istehsal vasitələri ilə təminatı ilə yanaşı, digər prioritet məsələ özünütəminat, natural tipli təsərrüfatçılıqdan rəqabətqabiliyyətli və kommersiya tipli təsərrüfatlara keçidin asanlaşdırılması məqsədilə könüllülük prinsipi əsasında torpaqların konsolidasiyası vasitəsilə iri fermer təsərrüfatlarının yaradılmasıdır. Bu prosesin dövlət tərəfindən müxtəlif stimullaşdırıcı vasitələrlə dəstəklənməsi hazırda Azərbaycanda mövcud olan kiçik həcmli pərakəndə torpaq mülkiyyətçilərinin tədricən aradan qaldırılmasına və istehsalın artırılmasına xidmət etmiş olar. Buna əyani misal olaraq Beyləqan və Ağcabədi rayonlarında yeni yaradılmış iri fermer təsərrüfatını göstərmək olar ki, bu təsərrüfatda hər hektardan orta hesabla 54 sentner taxıl məhsulu əldə olunmuşdur.
Qeyd edək ki, sözügedən fermer təsərrüfatına yüksək reproduksiyalı toxum gətirilərək 1875 hektar sahədə ərzaq buğdası, 2000 hektar sahədə yazlıq qarğıdalı, günəbaxan və soya səpini aparılmışdır. Bu ilin payızında isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılmış 4800 hektar sahədə ərzaq buğdası əkiləcəkdir. Yeni yaradılan iri toxumçuluq təsərrüfatlarında məhsuldarlıq 50-55 sentnerə çatmışdır. Taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortların yaradılması və toxumçuluğun təşkili ilə əlaqədar mütəmadi iş aparılması daim diqqətdə saxlanılır.
Yeri gəlmişkən, bir mühüm məsələni də xatırlatmaq istərdim. Yüksək məhsuldarlığa nail olmaq üçün taxıl əkinlərinə aqrotexniki qulluq daim diqqət mərkəzində saxlanılmalıdır.Taxılçılıq üçün zəruri olan 50-dək aqrotexniki qaydanın ən vacib olanlarına əməl edilsə, məhsuldarlıq 35 sentnerdən çox olar. Bu, yalnız mütəxəssislərin yox, eyni zamanda taxılçılıqla məşğul olan hər bir torpaq mülkiyyətçisinin önəm verdiyi məsələ olmalıdır.
Bu gün Yer kürəsində qlobal istiləşmə getdiyi bir şəraitdə istiliyə, quraqlığa və xəstəliklərə davamlı yeni toxum sortlarının yaradılması da zəruridir.
Azərbaycanın elmi-tədqiqat institutları və regional aqrar elm mərkəzləri tərəfindən 2004-cü ildə 345,4 ton orijinal, superelit və elit toxumlar istehsal edildiyi halda, 2012-ci ildə bu göstərici 1819,3 tona çatdırılmışdır.
Ölkəmizin ərzaq təhlükəsizliyilə bağlı əldə etdiyi uğurlarla əlaqədar olaraq, Azərbaycan bu ilin iyun ayında Roma şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının konfransında bu təşkilatın mükafatına layiq görülmüşdür. Bu mükafat 2000-ci ildə Nyu-York şəhərində keçirilmiş BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təltif edilmişdir. Mükafatın məqsədi yoxsulluqla mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin BMT tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.
Məhərrəm ŞƏFİYEV, iqtisadiyyat üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.