Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edir

 

Yanvar-avqust aylarında ölkədə ÜDM istehsalı 5,2  faiz, qeyri-neft sektorunda isə 10,3 faiz artmışdır

Bu ilin yanvar-avqust ayları Azərbaycanın hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə müşahidə edilmişdir. Dövlət Statistika Komitəsinin sosial-iqtisadi inkişafla bağlı yaydığı məlumatdan da  aydın göründüyü kimi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi cari ilin səkkiz ayının səciyyəvi cəhətləridir.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Bütün bunlarla yanaşı, indi  Azərbaycanın özü də  sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Xatırladaq ki, modernləşmə istiqamətində davamlı tədbirlər həyata keçirən respublikamızın bütövlükdə regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən Azərbaycanı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

Son illərdə olduğu kimi, cari ilin 8 ayında da Azərbaycan iqtisadiyyatında  makroiqtisadi dayanıqlıq və yüksək artım potensialı nəzərə çarpmışdır. Başqa sözlə, sözügedən dövrdə bütün dövlət proqramlarının uğurla icrasına, sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması, habelə  yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur. Bütün bunları konkret rəqəmlər əsasında diqqətə çatdırmaq istərdik.

Bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz, yaxud müqayisəli qiymətlərlə 1,9 milyard manat çox əlavə dəyər istehsal olunmuş və onun ümumi həcmi 37,4 milyard manata çatmışdır. ÜDM-in 63,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 47,2 faizi sənaye müəssisələrində, 11 faizi inşaat kompleksində, 5,6 faizi isə aqrar bölmədə istehsal olunmuşdur. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 5,7 faizi nəqliyyat, 9,4 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 1,7 faizi rabitə, 12,8 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 6,6 faizini təşkil etmişdir. Orta hesabla hər nəfərə 4035,7 manatlıq (5143,6 ABŞ dolları) ÜDM istehsal olunmuşdur. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 10,3 faiz artmış, neft sektorunda isə 0,1 faiz azalmışdır.

Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla ilin əvvəlindən 22,5 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsul istehsalı sənayenin emal bölməsində 6 faiz artmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 0,3 faiz azalmışdır. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində artım  9,4 faiz olmuşdur.

Mədənçıxarma bölməsində neft hasilatı 29,1 milyon tona, əmtəəlik qaz hasilatı isə 11,7 milyard kubmetrə çatmışdır. Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 3,3 faiz, içki istehsalı 5,4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 32 faiz, poliqrafiya fəaliyyəti 71 faiz, neft məhsulları istehsalı 7,2 faiz, kimya sənayesi məhsulları istehsalı 15,4 faiz, əczaçılıq məhsulları istehsalı 19,2 faiz, tikinti materialları istehsalı 21,6 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 3,6 faiz, kompyuter və digər elektron avadanlıqlar istehsalı 14,6 faiz artmışdır. Elektrik avadanlıqları istehsalı sahəsində isə artım 12 faiz, avtomobil və qoşquların istehsalı sahəsində  49,5 faiz, mebel istehsalında 2,3 faiz, idman və tibb avadanlıqları istehsalında 1,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində 36,4 faiz olmuşdur.

Aqrar bölmədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla ölkədə 2806,9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132,1 min ton çox taxıl, 736,3 min ton (29,5 min ton çox) kartof, 988,5 min ton (20,5 min ton çox) tərəvəz, 340,4 min ton (9 min ton çox) meyvə və giləmeyvə, 398,1 min ton (1,3 min ton çox) bostan məhsulları, 31,9 min ton (306 ton çox) üzüm, 399,3 ton (3,9 ton çox) yaşıl çay yarpağı toplanmışdır.

İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 304,7 min tona, süd istehsalı 7,1 faiz artaraq 1227,1 min tona, yumurta istehsalı 15,2 faiz artaraq 914,6 milyon ədədə, yun istehsalı 4,2 faiz artaraq 15,6 min tona çatmışdır.

Beləliklə, səkkiz ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilmiş, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9 faiz, heyvandarlıq məhsulları istehsalı isə 5,2 faiz artmışdır.

Ölkədə inşaat işlərinin həyata keçirilməsi üçün səkkiz ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 10,4 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 6,9 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə edilmiş kapital qoyuluşunun 74,8 faizini, yaxud 7,8 milyard manatını daxili investisiyalar, 2,6 milyard manatını isə  xarici investisiyalar təşkil etmişdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala vəsait qoyuluşu 22,7 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait isə 35,4 faiz artmışdır.

İlin əvvəlindən ümumi sahəsi 1313,9 min kvadratmetr  olan yaşayış evləri, 5554 şagird yerlik ümumtəhsil məktəbləri, 205 çarpayılıq xəstəxana, 777 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi Təmiri və Gəmiqayırma İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Hava Limanında anqar kompleksi və Beynəlxalq Loqistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, “Alov Qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan Qrup Su Kəməri istifadəyə verilmişdir. Abşeron rayonunda birdəfəlik plastik qablar və priforminlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Qazax rayonunda sement zavodu, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Aqrar-sənaye kompleksi, “Qafqaz Karvansaray” otel kompleksi, Qobustan rayonunda idman kompleksi, Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax və Saatlı rayonlarında Olimpiya İdman kompleksləri, Siyəzən rayonunda gənclər mərkəzi, Tovuz rayonunda hemodializ mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, İsmayıllı rayonunda tikiş fabriki, “İsmayıllı-1" Su Elektrik stansiyası, Balakən rayonunda soyuducu anbar kompleksi, Ağcabədi rayonunda ”Aqat-Aqro" heyvandarlıq kompleksi, mərkəzi xəstəxəna, Gənclər Mərkəzi, Sabirabad rayonunda Kür çayı üzərində körpü, istixana kompleksi və digər istehsal və qeyri-istehsal obyektləri istismara daxil edilmişdir.

Tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 7092,8 milyon manat məbləğində vəsaitin 4672,9 milyon manatından istifadə olunmuşdur.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında daşınmış yüklərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 144,5 milyon tona çatmışdır. Bu dövrdə yük daşınması ilə yanaşı, sərnişin daşınması da artmış, səkkiz ay ərzində  1,1 milyard nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır.

Xidmət sahələri arasında sürətli inkişafı ilə seçilən  rabitə sahəsinin müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 985 milyon manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox rabitə xidməti göstərilmişdir.

Bu ilin yanvar-avqust aylarında əhalinin hər bir nəfərinə düşən gəlirlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 2376,2 manata çatmış, onun 68,7 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.

Əhalinin həyat səviyyəsini xarakterizə edən digər bir göstərici - muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul ayları ərzində 6,9 faiz artaraq 412,7 manata çatmışdır. Eyni zamanda, yanvar-iyul aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 641,4 manat, inşaat kompleksində 609,5 manat, nəqliyyatda 525,6 manat, rabitədə 669,6 manat olmuşdur.

Gəlirlərin artması, ilk növbədə özünü əhalinin ticarət şəbəkəsindən aldığı istehlak mallarının və göstərilən xidmətlərin həcminin artmasında büruzə verir. İlin əvvəlindən əhaliyə 12,2 milyard manatlıq istehlak malları satılmıışdır.Bu, ötən ildəkindən  9,4 faiz çoxdur. Pullu xidmətlərin həcmi isə 6,8 faiz artaraq 3,9 milyard manata çatmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə,  2013-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 20,1 milyard dollar təşkil etmişdir. Dövriyyənin 88,5 faizi və ya 17,8 milyard dolları uzaq xarici dövlətlərin, 11,5 faizi və ya 2,3 milyard dolları isə MDB üzvü ölkələrinin payına düşür.

Əmtəə dövriyyəsinin 13,8 milyard dolları, yaxud 69,2 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil etmişdir. Onun 94,2 faizi və ya 13,1 milyard dolları uzaq xarici ölkələrə, 5,8 faizi, yaxud 801,6 milyon dolları MDB-yə daxil olan dövlətlərə göndərilmişdir. Ölkəyə idxal olunmuş məhsulların dəyəri 6,2 milyard dollar təşkil etmiş, uzaq xarici ölkələrdən 4,7 milyard dollarlıq, MDB dövlətlərindən isə 1,5 milyard dollarlıq əmtəə gətirilmişdir.

Yeddi ay ərzində 7,7 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 8,4 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 696,3 milyon dollarlıq mənfi ticarət saldosu  yaranmışdır.

Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 25,4 milyard dollar (o cümlədən, ixrac 19,2 milyard dollar) təşkil etmiş və müsbət saldo 13 milyard dollara bərabər olmuşdur.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-iyul aylarında dövlət büdcəsinə 11,4 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən  isə 10,2 milyard manat vəsait xərclənmişdir. 1147,2 milyon manat məbləğində, yaxud ÜDM-in 3,6 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 4,5 milyard manatı və ya 44,4 faizi iqtisadiyyatın inkişafına, 769,8 milyon manatı (7,5 faizi) təhsilə və 1025,3 milyon manatı (10 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir.

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 36,3 faiz artaraq avqust ayının 1-nə 6 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 3,6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,4 milyard manat olmuşdur.

Yuxarıda sadalanan rəqəmlər Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında