Qədim neft diyarı olan Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmişdir. Neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olmuş, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Azərbaycana dünya neft sənayesinin beşiyi desək yanılmarıq. Çünki neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılmış, emal olunmuş, tankerlərlə, dəmir yolu və boru kəmərləri ilə nəql edilmiş, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına başlanılmışdır. Bu gün neftçilərimiz peşə bayramları ilə yanaşı, Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasının 165 illiyini də böyük fəxrlə qeyd edirlər.
XX əsrin sonlarında xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanan və hazırda uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatıdır. Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri, beynəlxalq aləmdə qazandığımız uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.
1994-cü ildə ulu öndərin təşəbbüsü və gərgin səyi nəticəsində ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında" sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. “Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açmış, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnın başlanğıcını qoymuşdur. Təsadüfi deyil ki, bu möhtəşəm müqavilənin imzalandığı gün - 20 sentyabr hər il Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin neftçilərə bəxş etdiyi bu əlamətdar gün ərəfəsində neft-qaz sənayesində əldə olunan uğurlar təhlil edilir, gələcək planlar müzakirə olunur və onların həyata keçirilməsi üçün tədbirlər işlənib hazırlanır.
Yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Ötən müddətdə genişmiqyaslı islahatlar aparılmış, sənayenin şaxələndirilməsi həyata keçirilmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna ümumilikdə təqribən 47 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.
Xarici tərəfdaşlarla birgə işlərdə yeni bir mərhələnin başlanğıcını qoymuş “Çıraq” neft layihəsinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanması məqsədinə xidmət edən layihəyə dair sanksiya 2010-cu ilin martında verilmişdir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 1997-ci ildən başlanmış işlənməsinin davamı olan bu layihə çərçivəsində artıq “Qərbi Çıraq” platformasının üst modullarının inşası tamamlanmışdır. Bu ilin iyul ayında Azərbaycanın dövlət başçısı Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Qərbi Çıraq” platformasının üst modullarında aparılan işlərlə tanış olmuşdur. Bu gün artıq üst modullar dənizdə dayaq blokunun üzərində quraşdırılmışdır. Modulların montaj və istismar-sınaq işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunmuşdur ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil etmişlər. “Qərbi Çıraq” layihəsi “AÇG”-də neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaqdır.
“Əsrin müqaviləsi” üzrə ilk neftin çıxarıldığı vaxtdan Azərbaycanda neft hasilatında ciddi yüksəliş əldə olunmuşdur. 2012-ci ildə ölkəmizdə 43 milyon 389,8 min ton neft hasil olunmuşdur ki, bunun da 8 milyon 289,8 min tonu ARDNŞ-in payına düşmüşdür. Cari ilin 8 ayı ərzində isə ölkə üzrə neft istehsalı 29,3 milyon ton təşkil etmiş, bunun 5,5 milyon tonu ARDNŞ-in müəssisələri tərəfindən hasil olunmuşdur. “Azneft” İstehsalat Birliyi üzrə neftçıxarma proqnozu 101,1 faiz yerinə yetirilmiş, əlavə olaraq 51 min 471 ton neft hasil edilmişdir. Cari ilin sentyabrın 1-nə olan məlumata əsasən, birlik üzrə qaz hasilatı proqnozu 103 faiz yerinə yetirilmiş, 4 milyard 461 milyon 935 min kubmetr qaz istehsal olunmuşdur ki, bu da nəzərdə tutulandan 131 milyon 415 min kubmetr çoxdur.
Yeri gəlmişkən, hazırda bütün dünyada “mavi yanacağa” tələbatın artdığı bir dövrdə qaz hasilatının yüksəldilməsi ARDNŞ-in qarşısında duran əsas vəzifələrdəndir. 2012-ci ildə ölkə üzrə qaz hasilatı 26 milyard 908,8 milyon kubmetr olmuşdur ki, bunun da 6 milyard 924,6 milyon kubmetri ARDNŞ-in payına düşür. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində artıq alternativ təbii qaz mənbəyi, dünya bazarında etibarlı qaz ixracatçısı kimi tanınır. Dünya miqyasında ən iri dəniz yataqlarından olan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2012-ci ildə yataqdan təxminən 7,8 milyard kubmetr qaz və 2 milyon ton kondensat çıxarılmışdır. İstismar dövrünün başlanğıcından 2013-cü il sentyabrın 1-dək yerli və beynəlxalq bazarlara 44,1 milyard kubmetr qaz, eləcə də 11,5 milyon ton kondensat ixrac edilmişdir. Hazırda yataqda orta gündəlik hasilat 27,3 milyon kubmetr qaz və 6,7 ton kondensat həcmindədir. Artıq işlənmənin ikinci mərhələsinə hazırlıq işləri başa çatmaq üzrədir. “Şahdəniz-2" layihəsi çərçivəsində ilkin mərhələdə hasil olunacaq ildə 10 milyard kubmetrədək təbii qaz “Cənub dəhlizi" vasitəsilə Avropa bazarlarına nəql ediləcək. Son illərdə “Abşeron” yatağında “Total” şirkəti ilə birlikdə aparılan uğurlu kəşfiyyat işləri və “Ümid” yatağının açılması, burada hasilatın başlanması ilə ARDNŞ-in əldə etdiyi uğur Xəzərin Azərbaycan sektorunda potensialın böyük olduğunu bir daha sübuta yetirmişdir.
İstismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Sentyabrın 1-nə olan məlumata əsasən, “Azneft” İB üzrə istismar quyu fondu 9066 ədəd, işlək fondda olan quyular 6771 ədəd təşkil etmişdir, 34 quyu isə mənimsəmədədir. İlin əvvəlindən NQÇİ-lərdə həyata keçirilmiş 3722 geoloji və texniki tədbir nəticəsində 212 min 833 ton əlavə neft hasil edilmişdir.
Bu ilin 8 ayında ARDNŞ üzrə 107 min 209 metr qazma işi görülmüşdür ki, bunun da 100 min 896 metri istismara, 6313 metri kəşfiyyata aid olmuşdur. Qazma işlərini sürətləndirmək, səmərəliliyi artırmaq məqsədilə ARDNŞ yeni nəsil qazma qurğularının tikintisini qərara almışdır. Bu ilin iyun ayında “Caspian Drilling Company Ltd.” və “Keppel Offshore & Marine Ltd.” şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üzrə anlaşma əldə edilmişdir. Əsasən dənizin 1000 metrədək dərinliyində qazma işlərinin aparılması üçün nəzərdə tutulmuş bu yeni qurğu Xəzərin ekologiyasının çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Qurğunun tikintisinin 2016-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Dərinsulu ərazilərdə axtarış-qazma işlərinin sürətləndirilməsi məqsədilə ən müasir qazma qurğularının inşası həyata keçirilir.
Hazırda axtarış-kəşfiyyat işləri də müvəffəqiyyətlə davam etdirilir. BP ilə imzalanmış hasilatın pay bölgüsü sazişi çərçivəsində “Şəfəq-Asiman” yatağında 3 ölçülü seysmik tədqiqat proqramı başa çatdırılmışdır. Təhlillər bitdikdən sonra yataqda ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Almaniyanın RWE şirkəti ilə “Naxçıvan” perspektiv strukturu üzrə əsas kommersiya prinsipləri razılaşdırılmışdır. Bu ilin aprel ayında ARDNŞ və “Statoil” şirkəti arasında “Zəfər-Məşəl” blokunun kəşfiyyatı və işlənməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Mövcud layihələr üzrə görülən işlər, perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar var. Adıçəkilən yataqlardan əlavə “AÇG”-nin dərin hissəsinin, “Babək”, “Naxçıvan” və digər strukturların işlənilməsi Azərbaycanda qaz hasilatını kəskin artırmağa imkan yaradacaqdır.
Neft-qaz hasilatının yüksəldilməsi haqqında dövlət tapşırığına uyğun olaraq ARDNŞ-in istismar etdiyi yataqlarda tikinti işləri sürətləndirilmişdir. Cari ilin 8 ayında təhvil verilmiş iri obyektlərdən Daşgil - Kənizdağ 500 millmetrlik yüksək təzyiqli qaz xəttini, “Darvin bankası” yatağında 740 saylı platformanı, “Neft Daşları”nda mədən-geofizika ekspedisiya bazasını, 2585 və 2150 saylı özülləri, 418A saylı estakadayanı meydançanı, yeni qaz turbin istilik elektrik stansiyasını qeyd etmək olar. “Neft Daşları” və “28 May” NQÇİ-lərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün inşa olunmuş 6 bloklu bu stansiyanın ümumi gücü 45 meqavat təşkil edir. İlin sonuna kimi “Günəşli” yatağında qazlift kompressor stansiyasının, “Darvin bankası” yatağında daha bir stasionar dərinlik özülünün təhvili də nəzərdə tutulur. Tikintisi cari ildə davam etdirilən irimiqyaslı obyektlərdən “Günəşli” yatağında 7 və 17 saylı, “Neft Daşları”nda 602A, 620A, 1954A, 1541A, 1637A saylı, “Qərbi Abşeron”da 10, 20 və 54 saylı özülləri qeyd etmək olar. Yeni platformalarda ən müasir qazma avadanlığı, vertolyot meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış idarəetmə sistemi, qazqızdırıcı qurğu, yanğından mühafizə sistemi, eləcə də avtomatlaşdırılmış qazpaylayıcı qurğu və digər zəruri avadanlıqlar quraşdırılır. Ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir.
Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Bütün Avrasiya regionunun analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri dünya enerji təhlükəsizliyinin əsas elmentlərindən biridir. Ötən 8 ayda kəmərlə 20 milyon 220 min tondan çox neft ixrac edilmişdir. Bütövlükdə isə kəmər istifadəyə verilən gündən 2013-cü il sentyabr ayının 1-nə qədər BTC-yə 225 milyon 671 min 819 ton neft vurulmuş, Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. BTC Xəzər hövzəsinin digər ölkələrində də hasil olunan neft həcmlərinin nəqlində də mühüm rol oynayır. Belə ki, indiyədək bu kəmər vasitəsilə 8,6 milyon ton Türkmənistan nefti nəql olunmuşdur. Sevindirici haldır ki, son vaxtlar Qazaxıstan və Rusiya şirkətlərinin də BTC-yə marağı artmaqdadır.
Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması üçün mühüm addımlar atılmışdır. “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsini ilin mühüm hadisələrindən hesab etmək olar. Qeyd etmək lazımdır ki, TAP layihəsi çərçivəsində Avropa bazarlarına ildə 16 milyard kubmetrdən çox Azərbaycan qazı daşınacaqdır. Artıq ARDNŞ, BP və “Statoil” bu layihədə 20 faiz, “Total” isə 10 faiz paya sahib olmuş və “TAP AG” şirkətinin digər səhmdarları ilə alqı-satqı müqaviləsi imzalanmışdır.
Azərbaycan və Türkiyə arasında TANAP—Transanadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması da bu istiqamətdə atılmış mühüm addımlardandır. Hökumətlərarası saziş artıq hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunmuşdur. Azərbaycan və Türkiyənin dövlət və hökumət başçılarının birgə təşəbbüsü və siyasi qətiyyəti nəticəsində qısa bir müddətdə beynəlxalq birliyin enerji gündəmində özünə möhkəm yer tutmuş TANAP layihəsi nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmış, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsinin praktiki həllinə mühüm təkan vermişdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr həcmində planlaşdırılır, gələcəkdə isə bu göstəricinin 31 milyard kubmetrə çatdırılması gözlənilir. Belə ki, növbəti mərhələlərdə Azərbaycanın digər yataq və strukturlarından (“Ümid”, “Abşeron”, “Babək”, “Naxçıvan” və s. ) hasil ediləcək qazın da TANAP kəməri vasitəsilə ixracı nəzərdə tutulur. Layihədə ARDNŞ 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir. “Şahdəniz-2" layihəsi üzrə tərəfdaşlarımız da TANAP-a qoşulmaq niyyətindədirlər. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu yüksəltməyə böyük imkan yaradacaq.
Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Qısa müddət ərzində Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının aktiv tutumu genişləndirilmiş və ötən il 3,3 milyard kubmetrə çatdırılmışdır. Yeni quyular qazılması hesabına yeraltı anbarların aktiv qaz həcminin 5 milyard kubmetrə qədər çatdırılmasını planlaşdırırıq.
“Azəriqaz” İB tərəfindən əhali və digər istehlakçıların “mavi yanacaq”la təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə qazanılan nailiyyətlər ilbəil artır. Bu istiqamətdə görülən işlər ölkənin qaz təsərrüfatının dinamik inkişafına yol açır. Təkcə cari ilin 8 ayı ərzində 113 yaşayış məntəqəsinə təbii qaz verilmiş, ölkə üzrə 90270, o cümlədən Bakı şəhərində 20529, regionlarda 69741 əhali abonenti təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 1 milyon 569 min 860-a çatmışdır. Son illər 6361 kilometrlik yeni qaz kəmərləri çəkilmiş, 987,8 kilometr uzunluğunda kəmərlərdə isə əsaslı təmir aparılmışdır. Ümumilikdə, 2009-2013-cü illər ərzində 22518,7 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 6941,7 kilometrlik qaz kəmərləri isə əsaslı təmir edilmişdir.
Azərbaycan bu gün dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. ARDNŞ-in emal kompleksinə aid neftayırma zavodlarının - bu yaxınlarda 60 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Azərneftyağ” zavodunun əməkçiləri, həmişə olduğu kimi, xam neftdən səmərəli istifadə etməklə mühərrik yanacaqlarının istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uğurla işləmişlər. Zavodlarda emal olunmuş neftin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 min ton artmışdır. Neftayırma zavodlarında, eləcə də “Azərikimya” İB-də əldə olunmuş yüksək istehsalat göstəricilərinin qorunub saxlanması və məhsulların keyfiyyətinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə texnoloji proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi və optimallaşdırılması, xüsusilə də ekoloji səmərəliliyinin artırılması istiqamətində mütəmadi olaraq kompleks işlər aparılır.
Son illər ölkəmizdə həyata keçirilən inkişaf və tərəqqi strategiyası çərçivəsində enerji sektorunda qazanılmış nailiyyətlərin məntiqi davamı olaraq bu gün qarşımızda qoyulmuş əsas məqsədlərdən biri rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal edə biləcək yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşa edilib istismara verilməsidir. Bu kompleksdə qaz emalı, neft emalı və neft-kimya zavodlarının, enerji blokunun və 40-a yaxın texnoloji qurğunun fəaliyyəti nəzərdə tutulur.
Daha bir mühüm layihə Sumqayıtda yaradılacaq Kimya Sənaye Parkıdır. Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin özəl sektorunun inkişafında mühüm rol oynayacaq bu parkda “Azərikimya” İB-də istehsal olunan məhsullardan müxtəlif çeşidli yekun istehlak mallarının hazırlanması nəzərdə tutulur.
Ölkəmizdə həyata keçirilən nəhəng layihələrdən biri də Dövlət Neft Şirkəti və onun xarici tərəfdaşları tərəfindən Bakıda Xəzər dənizi hövzəsində analoqu olmayan yeni gəmiqayırma zavodunun inşa edilməsidir. Zavod və burada istehsal olunmuş birinci gəmi istismara tam hazırdır. Müəssisənin istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir. Zavod hər il 15 min ton yükqaldırma qabiliyyətinə malik 4 ədəd tanker, 4 ədəd yedək-təchizat gəmisi istehsal etmək, həmçinin 80-100 ədəd müxtəlif təyinatlı gəmini təmir etmək imkanına malikdir. Regionda ilk belə zavodun istismara verilməsi Xəzər hövzəsində genişmiqyaslı kəşfiyyat, qazma, tikinti və təmir işləri aparmağa qadir ixtisaslaşmış Xəzər Dəniz Neft Donanmasının gəmi parkının yenilənməsində, Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycanın digər dövlət qurumlarının, habelə hövzə ölkələrinin müasir tanker və gəmilərlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini daim genişləndirən ARDNŞ bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutmuşdur. Şirkətimiz bu gün Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi olan “Petkim Petrokimya Holdinq A.Ş.”-nin səhmlərinin əhəmiyyətli hissəsinə (70 faiz) nəzarət edir, onun idarəçiliyini uğurla həyata keçirir. Holdinq 2013-cü ilin birinci yarısını müvəffəqiyyətlə başa vurmuşdur. İstehsal olunmuş neft-kimya məhsullarının ümumi həcmi 1 milyon 393,8 min ton təşkil etmişdir. Hazırda ARDNŞ-in “SOCAR Turkey Enerji A.Ş.” şirkəti tərəfindən idarə olunan “Petkim” Türkiyənin termoplastik məhsullar bazarının tələbatının 25 faizini ödəyir. Şirkətimiz yeni investisiyalar hesabına 2023-cü ilədək bu rəqəmi 40 faizə qaldırmağı planlaşdırır. Bu isə mövcud 3,2 milyon tonluq istehsal potensialını təxminən iki dəfə artıraraq 6 milyon tona çatdırmaq deməkdir.
Gürcüstandakı investisiya layihələrimiz də özünü doğrultmuşdur. ARDNŞ-in neft və neft məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rola malik Kulevi Qara dəniz terminalı 2008-ci ildən uğurla fəaliyyət göstərir. Terminalın işi qısa müddətdə regionun bir çox şirkətlərinin diqqətini cəlb etmişdir. Xatırladım ki, burada hazırda Azərbaycan və Mərkəzi Asiya mənşəli neft məhsullarının Avropaya ixracı təmin edilir. Ötən il Kulevi terminalında propilenin qəbulu və yüklənməsi üzrə yeni bir kompleks tikilərək istismara verilmişdir.
ARDNŞ Ukrayna və Rumıniyanın pərakəndə yanacaq satışı bazarlarına da inamla daxil olmuşdur. 2009-cu ildən fəaliyyət göstərən “SOCAR Energy Ukraine” MMC-nin əsas fəaliyyəti yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və digər neft məhsullarının topdansatışını həyata keçirməkdir. Hazırda Kiyev, Lvov, Odessa və Xarkov şəhərlərində MMC-nin 4 neft bazası və 37 yanacaqdoldurma məntəqəsi istismardadır. Ən qısa zamanda daha 10 məntəqənin istifadəyə verilməsi planlaşdırılır. Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə təsis edilmiş “SOCAR PETROLEUM SA” şirkəti isə ona məxsus olan iki neft bazası və 16 yanacaqdoldurma məntəqəsi vasitəsilə əhalini Avropa standartlarına uyğun “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və ”Benzin 98” tipli neft məhsulları və qaz yanacaqları ilə təmin edir. 5 ildir ki, Avropanın mərkəzində - İsveçrədə Azərbaycana məxsus neft və neft məhsullarının son istehlakçılara birbaşa satışını təmin edən “SOCAR Trading” şirkəti “Azeri Light” markalı neftin bazarlanması və rəqabət qabiliyyətinin yüksəldilməsi kimi olduqca mühüm vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycanın tarixində ilk treyder şirkəti olan bu müəssisə böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmiş, Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Moskva və Qahirədəki ofisləri vasitəsilə dünya xam neft və neft məhsulları bazarında özünə mühüm yer tutmuşdur.
Cəmiyyət qarşısında sosial məsuliyyətini dərindən dərk edən ARDNŞ ölkənin ictimai həyatında fəal iştirak edir, respublikamızda həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr verir. Hər il şirkətimizin maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və kəndlərində əhalinin rifahının gücləndirilməsi məqsədilə inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri, idman qurğuları, istirahət obyektləri, körpülər, park və xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini sübut edir.
Neftçilərin sosial-məişət məsələləri də daim diqqət mərkəzindədir. Prioritet istiqamətlərdən biri neftçilərin mənzil probleminin həllidir. ARDNŞ üzrə hazırda 5022 nəfər işçi mənzil qeydiyyatındadır ki, onların da 4528 nəfəri Bakı şəhərini əhatə edir. Növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə 2009-cu ildə “Neftçi” Mənzil Tikinti Kooperativi təsis edilmişdir. 2009-2013-cü illərdə 1017 neftçi ailəsi, o cümlədən ARDNŞ-in Təqaüd Proqramının 69 məzunu mənzillə təmin olunmuşdur.
Ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları çərçivəsində neft-qaz yataqlarının işlənməsi, istismarı və emal zamanı ətraf mühitin qorunması, sağlam ekoloji mühitin yaradılması, təbii sərvətlərdən düzgün istifadə olunması məsələlərini daim diqqət mərkəzində saxlayan ARDNŞ-də işlənib hazırlanmış xüsusi strateji planlar hazırda uğurla həyata keçirilir. Bundan əlavə, neftlə çirklənmiş torpaqların təmizlənməsi, lay sularının idarə olunması, neft şlamı təmizləyici qurğuların və dəniz suyunun şirinləşdirilməsi üçün qurğuların quraşdırılması, səmt qazlarının idarə olunması, tullantı mərkəzinin yenidən qurulması, yaşıllaşdırma işlərinin aparılması sahəsində mühüm işlər görülür. 2013-cü ildə neftlə çirklənmiş 1300 hektardan çox ərazi rekultivasiya edilmişdir.
Bu gün ARDNŞ-in müasir tipli bir şirkət olaraq ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyacı var. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədilə çoxşaxəli kadr hazırlığı proqramı müvəffəqiyyətlə icra olunur. Gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrlar hazırlanması istiqamətində təqaüd proqramları həyata keçirilir. 2012-ci ildə şirkətin maliyyə vəsaiti hesabına Böyük Britaniya, Fransa və Almaniyanın nüfuzlu universitetlərində oxuyan 24 məzun təhsilini müvəffəqiyyətlə başa vurmuş və ARDNŞ-in müxtəlif struktur bölmələrinə təyinat almışlar. ARDNŞ bundan sonra da dövlətin dəstəklədiyi prioritet fəaliyyət istiqamətləri olan elm və təhsilin inkişafına diqqətini davam etdirəcək və neft kapitalının insan kapitalına çevrilməsi üzrə səylərini artıracaqdır.
Son illər ölkəmizdə gedən davamlı inkişaf prosesləri, sürətli iqtisadi artım, əhalinin maddi rifahının günbəgün daha da yaxşılaşması bir daha sübut edir ki, xalqımızın ümumilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyası və onun nüvəsini təşkil edən yeni neft strategiyası uğurla həyata keçirilir. Azərbaycanın 165 illik zəngin tarixə və şanlı ənənələrə malik neft-qaz sənayesi əməkçiləri bu gün də öz sələfləri kimi xalqımıza ləyaqətlə xidmət edir, ölkənin sosial-iqtisadi, elmi-mədəni yüksəlişinə mühüm töhfələr verirlər. Xalqımızı əmin edirik ki, neftçilər bundan sonra da Azərbaycan cəmiyyətinin avanqard qüvvəsi olaraq Vətənimizin tərəqqisi və işıqlı gələcəyi naminə əzmlə çalışacaqlar.
Rövnəq ABDULLAYEV,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.