Bakıda “Şahdəniz” qazının Avropaya satışına dair sazişlərin imzalanması mərasimi keçirilmişdir

 

 

Sentyabrın 19-da Bakıda “Four Seasons” otelində “Şahdəniz” qazının Avropaya satışına dair “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA” və “GDF Seuz S.A.” şirkətləri ilə uzunmüddətli sazişlərin imzalanması mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, imzalanma mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel imzalanacaq sazişlərin “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropaya nəqlinə imkan verəcəyini bildirmişdir. Azərbaycanın böyük qaz yataqlarına malik olduğunu deyən Q.Birrel Avropanın enerji təhlükəsizliyində ölkəmizin önəmli tərəfdaş olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Avropanın məşhur şirkətləri ilə uzunmüddətli qaz satışına dair sazişlərin imzalanması gələcəkdə də davam etdiriləcək tərəfdaşlığın əsasını qoyur.

Sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  (ARDNŞ) prezidenti Rövnəq Abdullayev imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayaraq, bununla da Azərbaycanın neft-qaz erasının yeni dövrünün əsasının qoyulduğunu bildirmişdir. Vurğulanmışdır ki, imzalanacaq sazişlər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil ediləcək qazın İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılmasına dair 25 illik əməkdaşlığın təməlini qoyacaqdır. Bu sazişlərin ardınca “Şahdəniz” Konsorsiumu yatağın işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarını qəbul edəcəkdir. Bu isə ilin sonuna planlaşdırılır. Planların uğurla həyata keçirilməsi sayəsində Azərbaycan “Şahdəniz” qazının ilk həcmlərini 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırmağı nəzərdə tutur. Biz Avropa istehlakçılarına ildə 10 milyard kubmetrdən çox təbii qaz tədarük edəcəyik. Alıcılarla razılaşdırıldığı kimi, qaz TAP marşrutu ilə İtaliya, Bolqarıstan və Yunanıstana nəql olunacaqdır. ARDNŞ Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropanın daxili bazarlarına ötürülməsinə aparıcı rol oynamağı planlaşdırır.

R.Abdullayev demişdir ki, “Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan ”Şahdəniz"in “dib qaz” ehtiyatları, bu yaxınlarda Xəzərdə aşkar edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli”nin “dib qaz” ehtiyatları, bir neçə kəşfiyyat layihələri, o cümlədən çox perspektivli “Şəfəq-Asiman” və “Babək” strukturları gələcək uğurlu əməkdaşlığımıza əsas yaradır. Azərbaycandakı nəhəng qaz imkanları və “Cənub qaz dəhlizi”nin açılması Avropa bazarlarına gətirəcəyimiz yeni mənbələrin gələcəkdə Bolqarıstan, Yunanıstan və İtaliya bazarlarının hüdudlarını aşacağını gözləməyə əsas verir.

Sonra Azərbaycan tərəfi ilə “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas natural Aprovisionamientos SDG SA” və “GDF Seuz S.A.” şirkətləri arasında “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalanmışdır.

Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcəkdir.

“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə çərçivəsində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri ilə çatdırılacaqdır. “Mərhələ-2"nin ”Şahdəniz" yatağının birinci mərhələsində hasil edilən təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənilməsi layihələrindən biridir. Bu layihə “Cənub qaz dəhlizi”ni açmaqla bərabər, Avropa bazarlarına qaz təchizatını və qitənin enerji təhlükəsizliyini təmin edəcəkdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında