Sentyabrın 12-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə seminar keçirmişdir.
AzərTAc xəbər verir ki, seminarın məqsədi FAO və Azərbaycan hökuməti arasında imzalanmış milli ortamüddətli prioritetlər çərçivəsinin (2010-2012-ci illər) icrasının qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni ölkə proqram çərçivəsinin hazırlanmasıdır.
Tədbirdə müvafiq qurumların, özəl sektorun və QHT-lərin nümayəndələri, eləcə də mütəxəssis və tədqiqatçılar iştirak etmişlər.
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov və FAO-nun Azərbaycan üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaser FAO ilə Azərbaycan hökuməti arasında əlaqələrin inkişafı, eləcə də hazırlanacaq yeni sənədin əhəmiyyəti barədə seminar iştirakçılarına məlumat vermişlər.
A.Aslanov ötən üç il ərzində milli ortamüddətli prioritetlər çərçivəsində qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə FAO ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, kənd təsərrüfatı məhsullarının istehsalı və gəlirin yaradılması, təbii ehtiyatların qorunması və idarə edilməsi sahəsində FAO tərəfindən müxtəlif layihələr və proqramların həyata keçirildiyini bildirmişdir.
Nazir müavini əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısı haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatında aqrar sektor həyati əhəmiyyətə malikdir və əhalinin məşğulluğunda, kəndin inkişafında böyük rol oynayır. Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində ölkədə 1 milyondan çox yeni iş yeri açılmışdır ki, bunu da əksəriyyəti aqrar sektorun payına düşür. Kənd təsərrüfatında ümumi daxili məhsul 2012-ci ildə 2005-ci ilə nisbətən 2,6 dəfə artmış, ötən il isə kənd təsərrüfatında ÜDM-in artım səviyyəsi 6,6 faiz olmuşdur. Azərbaycanın kəndli sahibkarları bu gün dünyanın 105 ölkəsinə 25 adda məhsul ixrac edirlər.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına toxunan A.Aslanov konsepsiyada 2020-ci ilə qədər adambaşına düşən ÜDM-in həcminin qeyri-neft sektoru hesabına iki dəfədən çox artırılmasının əsas hədəf kimi qoyulduğunu, bunun bilavasitə kənd təsərrüfatının inkişafına yönəldiyini diqqətə çatdırmışdır.
Nazir müavini daha sonra ölkəmizin kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rolundan danışmışdır. Bildirilmişdir ki, FAO ilə Azərbaycan arasındakı əlaqələr böyük tarixə malikdir. Bu təşkilat tərəfindən ölkədə müxtəlif layihələr, proqramlar icra edilmiş və edilməkdədir.
FAO-nun Azərbaycan üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaser Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində ölkədə aparılan davamlı iqtisadi islahatlar, neft və qaz gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində əldə etdiyi uğurlardan danışmış, dünyada yüksək orta gəlirli ölkələr sırasına çıxdığını vurğulamışdır.
M.Sinaser Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrildiyini, son beş ildə ölkədə ÜDM-in 3 dəfə artdığını və yoxsulluq səviyyəsinin 2003-cü ildə ki 49 faizdən 2012-ci ildə 6 faizə endiyini diqqətə çatdırmışdır. Azərbaycan hökuməti ilə FAO arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə təşkilat tərəfindən xüsusi önəm verildiyini deyən M.Sinaser Azərbaycanın FAO-nun tərəfdaş ölkələri sırasına daxil olması ilə bağlı hökumətlə aparılan danışıqlara toxunmuşdur. Nümayəndə yeni ölkə proqram çərçivəsi üçün müəyyən olunacaq prioritetlərin FAO-nun strateji məqsədlərinə uyğun seçilməsinə diqqət yönəldilməsini tövsiyə etmişdir.
Seminarda milli ortamüddətli prioritetlər çərçivəsinin icrasının qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni ölkə proqram çərçivəsinin prioritetlərinin müəyyənləşdirilməsi ilə bağlı təqdimatlar keçirilmiş, müzakirələr aparılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.