Bakıda I Avropa-Azərbaycan investisiya konfransı keçirilmişdir

 

 

 

Sentyabrın 11-də Bakıda I Avropa-Azərbaycan investisiya konfransı keçirilmişdir. Konfransda 12 ölkədən 190-dan çox iş adamı iştirak etmişdir.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilmiş tədbirdə Avropa və Azərbaycan şirkətləri yeni layihələrə, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparmışlar.

Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşları sırasındadır. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayan Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaratmışdır. Artıq bir sıra Azərbaycan şirkətləri Avropa ölkələrinə investisiya yatırmışlar, eləcə də müxtəlif layihələrin icrasında uğurla iştirak edirlər.

Azərbaycan iqtisadiyyatı barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Sevinc Həsənova dövlət başçısı tərəfindən böyük uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin edildiyini, Azərbaycanın iqtisadi qüdrətinin artdığını və beynəlxalq iqtisadi sistemə uğurla inteqrasiya etdiyini diqqətə çatdırmışdır. Belə ki, son 10 ildə ölkədə ÜDM 3,4 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmış, ölkə iqtisadiyyatına 132 milyard dollar həcmində investisiya qoyulmuşdur. Əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan nazir müavini qeyd etmişdir ki, Aİ ölkələri ilə əməkdaşlığın daha da genişlənməsində iş adamları arasında əlaqələrin inkişafının böyük rolu vardır və konfrans bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz öz çıxışında bildirmişdir ki, Aİ dünyanın ən böyük xarici sərmayə qoyuluşunu həyata keçirən fond birjaları ilə yaxından əməkdaşlıq edir. Avropa İttifaqı birbaşa sərmayə qoyuluşuna dəstək verir, iqtisadi dirçəlişə, məşğulluğun artırılmasına və yoxsulluğun azaldılmasına, həmçinin biznes dairəsinin genişlənməsinə kömək göstərir.

Müvəqqəti işlər vəkilinin sözlərinə görə, daxili sərmayə qoyuluşu yerli sahibkarlığın inkişafında önəmli mərhələdir və davamlı inkişafı təmin edir. Azərbaycan çox sürətlə inkişaf edən iqtisadiyyata malikdir və ölkəyə yönəldilən xarici sərmayələrin artması bir indikatordur. Azərbaycanın, eyni zamanda həddindən artıq maraqlı biznes mühitinə, rəqabətə davamlı iqtisadiyyata malik olduğunu deyən Toralf Pilz investisiya konfransının Bakıda keçirilməsinin məhz bu amillərdən qaynaqlandığını diqqətə çatdırmışdır.

Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrindən, investisiya konfransının əhəmiyyətindən danışmışdır. Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inandığını bildirən səfir demişdir ki, Bakıda bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Xanım H.Tempel həmçinin, Almaniya şirkətlərinin Azərbaycana olan böyük marağından da danışmışdır.

Konfransda çıxış edən Avropa Palataları Assosiasiyasının “East Invest” layihəsi üzrə meneceri Birgit Arens tədbirin əhəmiyyəti, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşmüşdür.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış etmişlər.

Konfrans çərçivəsində “Azərbaycana investisiya qoyuluşu - Azərbaycan və Avropa şirkətləri arasında əməkdaşlıq imkanları və perspektivləri”, “Kiçik və orta müəssisələr üçün imkanlar”, “Kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu - Avropa bazarlarına ixrac imkanları”, “Ekoloji cəhətdən səmərəli tikinti sahəsinə investisiya qoyuluşu”, “İnformasiya-kommunikasiya texnologiyaları sahəsinə investisiya qoyuluşu” mövzuları üzrə panel iclasları keçirilmişdir. Panel iclaslarında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında