Bakıda “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Sentyabrın 6-da Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yenidən baxış” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər Xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.

 “Kapital bazarlarının modernləşdirilməsi” layihəsi (CMMP) və Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) birgə təşkilatçılığı ilə keçirilən konfransda on beş ölkədən 100-dən çox nümayəndə iştirak etmişdir.

Maliyyə naziri Samir Şərifov konfransdakı çıxışında 15 il əvvəl Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının tənzimləyici qurumunun yaradılmasını bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması və ölkəmizdə 1994-1995-cı illərdə həyata keçirilən köklü iqtisadi islahatların məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Belə ki, o vaxt Azərbaycanda qiymətli kağızlar bazarının fəaliyyəti üçün vacib amillərdən biri olan özəlləşməyə start verilmiş və ölkədə özəl sahibkarlar təbəqəsi yaranmağa başlanmışdı. Bu islahatların davamı olaraq 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalanmışdır.

Maliyyə naziri ölkəmizin qiymətli kağızlar bazarının 15 ildə keçdiyi institusional inkişaf yolu və qazandığı uğurlar barədə məlumat verərək demişdir: Bu dövr ərzində qiymətli kağızlar bazarının bütün vacib institutları, əhatəli qanunvericilik bazası, ən qabaqcıl təcrübə və texnologiyalara əsaslanan effektiv əməliyyat infrastrukturu, investorlara geniş çeşidli maliyyə xidmətləri təqdim edən maliyyə vasitəçiliyi təsisatları formalaşmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində qiymətli kağızlar bazarında ticarətin həcmi hər il orta hesabla iki dəfədən çox artaraq ölkənin qeyri-neft ümumi daxili məhsuluna nisbətdə 2 faizdən 33 faizə yüksəlmişdir. Bu illər ərzində həyata keçirilən köklü sosial-iqtisadi islahatlar və dayanıqlı sosial-iqtisadi inkişaf nəticəsində ölkə iqtisadiyyatı real ifadədə təxminən 3 dəfə artmışdır və bu dəyişikliklər qiymətli kağızlar bazarına da öz müsbət təsirini göstərmişdir. Hazırda qiymətli kağızlar bazarı qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində fəal vasitəçi kimi çıxış edərək iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bu gün maliyyə, informasiya və kommunikasiya texnologiyaları, energetika və digər iqtisadi sektorları təmsil edən milli müəssisələr mütəşəkkil fond bazarı vasitəsilə sərmayələri cəlb etmək imkanı qazanmışlar.

QKDK-nın bütün əməkdaşlarını yubiley münasibətilə təbrik edən S.Şərifov bildirmişdir ki, qurumun ötən dövr ərzində fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Azərbaycanda qiymətli kağızlar bazarının yaradılması, formalaşması və mövcud vəziyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, qiymətli kağızlar bazarı Azərbaycanda maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır. Ölkəmizdə fond bazarı özəlləşdirmə prosesində yaradılmağa başlamışdır və hazırda müasir texniki tələblərə cavab verən, investorlar, emitent və digər bazar iştirakçıları üçün imkanlar yaradan maliyyə sisteminin bir seqmentidir.

Konfransda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qərarı ilə yaradılmış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ötən 15 il ərzində uğurlu inkişaf yolu keçmişdir. Komitə ölkəmizdə gedən nəhəng institusional quruculuq proseslərində mühüm rol oynamış və o cümlədən dayanıqlı maliyyə sisteminin formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkədə qiymətli kağızlar bazarının inkişafına böyük diqqət göstərilir. Bu istiqamətdə son illərdə əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycanda maliyyə və bank sektorları arasında çox fəal əlaqələr olduğunu qeyd edən E.Rüstəmov daha sonra demişdir: Hazırda bank aktivləri və qiymətli kağızlar bazarı dövriyyəsinin həcmi qeyri-neft ümumi daxili məhsulun təxminən 100 faizinə bərabərdir və bütövlükdə qiymətli kağızlar bazarının payına bu dövriyyənin üçdə biri düşür. Banklar qiymətli kağızlar bazarının fəal iştirakçılarıdır. Bank sektoru qiymətli kağızlar bazarında həm fəal investor, həm də benefisiardır. Bu sektorun 19 milyard manatlıq aktivlərinin 1,5 milyardını qiymətli kağızlara investisiyalar təşkil edir.

Azərbaycanın əsas makroiqtisadi göstəriciləri barədə də məlumat verən Mərkəzi Bankın sədri vurğulamışdır ki, iri həcmli strateji ehtiyatlar, makroiqtisadi sabitlik, stabil valyuta siyasəti kimi amillər ölkədə müasir və inkişaf edən qiymətli kağızlar bazarının fəaliyyəti üçün əsas yaradır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə qiymətli kağızlar bazarının formalaşmasından, keçdiyi inkişaf yolundan, QKDK-nın yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışmışdır. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yeni iqtisadi sistemin uzlaşması istiqamətində çox ciddi addımlar atılmış və bu sistemin mühüm strukturlarından biri olan qiymətli kağızlar bazarının inkişafı üçün təsirli tədbirlər görülmüşdür. QKDK Azərbaycanın iqtisadi strukturları arasında yüksək peşəkarlığına görə fərqlənir, problemlərə milli maraqlar baxımından yanaşmaq, eyni zamanda qloballaşan dünyaya inteqrasiya istiqamətində çox düzgün mövqe seçmişdir. Bu gün komitə ölkənin davamlı iqtisadi inkişafının təmin olunmasında vacib rol oynayır və qarşısında duran vəzifələri bundan sonra da uğurla həyata keçirəcəkdir.

Konfransın “İnkişaf etməkdə olan ölkələrdə kapital bazarı tənzimlənməsi: Düzgün balansı necə müəyyən etməli?” adlı birinci panelində və “Kapital bazarlarının peşəkar iştirakçılarının tənzimləyici mühitdə dəyişikliklərə uyğunlaşması” adlı ikinci panelində məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası arasında məlumat mübadiləsi haqqında anlaşma memorandumu imzalanmışdır.

Sənədi Azərbaycan tərəfdən QKDK-nın sədri Rüfət Aslanlı Ukrayna tərəfdən isə Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyanın rəhbəri Dmitri Tevelev imzalamışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında