Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının uğurları və potensialı yüksək dəyərləndirilir

 

Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurlar  nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapmışdır.

Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. “Doing Business, 2013” hesabatında da  Azərbaycanın mövqeyi yaxşılaşmışdır.

Dünya İqtisadi Forumunun hesabatında əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 18-ci olmuşdur.

Bu günlərdə isə Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatını (The Global Competitiveness Report) yaymışdır. Adı çəkilən sənədə əsasən, Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness İndex) görə qiymətləndirilməsi aparılan 148 ölkə arasında Azərbaycan 39-cu pillədə qərarlaşmış və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırmışdır. 

Reytinqə əvvəlki ildə olduğu kimi İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Sinqapur (keçən il - 2-ci pillə), Finlandiya (3), Almaniya (6), ABŞ (7), İsveç (4), Honkonq (9), Niderland (5), Yaponiya (10) və Böyük Britaniya (8) daxil olmuşdur.  Qeyd edək ki, ilk yeri tutan İsveçrə qiymətləndirmə nəticəsində 5,67 bal, Azərbaycan 4,51 bal, reytinqi tamamlayan Çad isə 2,85 bal toplamışdır.  Maraqlıdır ki, Türkiyə bu reytinqdə 4,45 bal (44-cü yer), Qazaxıstan 4,41 bal (50-ci yer), Rusiya 4,25 bal (64-cü yer), Gürcüstan 4,15 bal (72-ci yer), Ermənistan 4,10 bal (79-cu yer), İran isə 4,07 bal (82-ci yer) ilə qiymətləndirilmişdir.

Yeri gəlmişkən, xatırladaq ki, yuxarıda adı çəkilən Dünya İqtisadi Forumu kimi nüfuzlu bir təşkilat  mütəmadi olaraq Azərbaycanın sosial-iqtisadi uğurlarına mühüm önəm verir. Elə bu ilin aprel ayında Bakıda  “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda forumun keçirilməsi də bunun bariz ifadəsi idi. Davos Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab paytaxtımızda reallaşan həmin yüksək səviyyəli tədbirdə demişdir ki, Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir... Son illər ərzində Azərbaycanda çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir.

Sözügedən forumda diqqətə çatdırılmışdır ki, Azərbaycan dövlətinin son 10 ildə  əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər bu ölkənin iqtisadi inkişafına nəzər yetirilsə, iqtisadiyyatın son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olması aydın görünər. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl, əhalinin, demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri, demək olar ki, 20 dəfə artmış və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır.

Ölkəmizdə məşğulluq probleminin uğurlu həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirilərək o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılmışdır.  Bu tendensiya indi də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə 55 min yeni iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir.

Bu gün Azərbaycanda  neft gəlirləri insan kapitalına çevrilir. Dövlətin əsas gələcək məqsədlərindən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Bu sahəyə ayrılan  investisiya, Azərbaycan universitetləri ilə dünyanın aparıcı təhsil müəssisələri arasında əlaqələr iqtisadi inkişafı çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, Azərbaycanda hazırda yeni texnologiyalara sərmayə yatırılır. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1” uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır.

Azərbaycan iqtisadiyyatının digər uğurlu göstəricilərinə də diqqət yetirək. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox investisiya qoyulmuşdur. Bunun müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.

Hazırda Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başlanılan layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Azərbaycan Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olmuşdur. Respublikamız Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə  dəhliz yaradan ilk ölkədir. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və  enerji dəhlizi rolunu oynamağa başlamışdır. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsi yekunlaşmaq üzrədir  və bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır.

Azərbaycan iki il əvvəl Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalamışdır. Həmin memorandumda nəzərdə tutulan tələblər hazırda  həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP - Trans-Anadolu boru kəməri layihəsidir. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşların güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür. və boru kəməri ən azı 100 il xidmət edəcək. Ümumiyyətlə, Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksinə görə, Azərbaycanın ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırmasından danışarkən diqqəti bir məqama da yönəltmək istərdik. Bu da ölkəmizin ixrac potensialının getdikcə artması ilə bağlıdır. Xatırladaq ki, son 10 il ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı xeyli artmışdır. Hazırda  bu siyahı daha da genişlənməkdədir. Belə ki, ölkədə yeni texnoloji infrastrukturun qurulması, standartlara uyğun məhsulların istehsalı nəticəsində  xarici bazarlara ölkə məhsullarının ixracının həcmini artırmışdır. Son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə, o cümlədən ixrac 11 dəfə, qeyri-neft ixracı isə 6,5 dəfə artmışdır. İxracın coğrafiyasına baxsaq, 10 il bundan əvvəl Azərbaycan 80 ölkə ilə ticarət əməliyyatları aparırdısa, hazırda bu rəqəm 155-ə çatmışdır. Artıq bu gün Azərbaycan məhsulları ənənəvi olan bazarlarla yanaşı ABŞ, Avstraliya, Yeni Zelandiya və bir çox Şərqi Asiya ölkələrinə göndərilir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və yüksəliş prosesinin dövlətimizin daha da qüdrətlənməsi, əhalinin sosial rifah halının artması ilə müşayiət olunması son onilliyin əsas nailiyyət göstəricisidir. Əvvəlki illərdə qazanılan bu uğur tendensiyası bu ilin ötən aylarında da ardıcıl davam etmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar Azərbaycan dövlətinin  böyük inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2013-cü il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında