148 ölkə içərisində 39-cu pillədə dayanan ölkəmiz
MDB məkanında liderliyini qoruyub saxlamışdır
Azərbaycan dövləti son 10 il ərzində iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar əldə etmişdir. Başqa sözlə, respublikamız sözügedən dövrdə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlamış, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 12 dəfədən çox artıra bilmişdir. Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərən dövlət proqramları, fərman və sərəncamlar uğurla icra edilmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması istiqamətində sistemli addımlar atılmışdır.
Azərbaycanda hazırda milli ideya səviyyəsində nəzərdən keçirilən məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı 3 dəfəyədək artırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Respublikanın ilbəil genişlənən maliyyə imkanları isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Bunu ölkəmizin son illərdəki büdcəsinə nəzər saldıqda aydın görə bilərik. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faizlə müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı ötmüşdür. 2013-cü ilin dövlət büdcəsinin gəlir və xərcləri 2012-ci illə müqayisədə 12 faiz, 2011-ci illə müqayisədə isə 30 faiz çox nəzərdə tutulmuşdur.
Azərbaycanın valyuta ehtiyatlarının həcmi də getdikcə atrır. Strateji valyuta ehtiyatlarının böyük bir qisminin hələ 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunda saxlanılaraq idarə olunması da ölkədə makroiqtisadi tarazlığı qorumaq məqsədinə xidmət edir. Fond neft sazişlərinin həyata keçirilməsi ilə bağlı əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədardır. 2013-cü il iyulun 1-nə fondun aktivləri 2013-cü ilin əvvəlinə (34129,4 milyon ABŞ dolları) nisbətən 1,6 faiz artaraq 34678,4 milyon ABŞ dollarına bərabər olmuşdur. Dövlət Neft Fonduna toplanan vəsaitlərin müəyyən hissəsi ölkə üçün müstəsna əhəmiyyət kəsb edən sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsində istifadə olunur. Fond müntəzəm olaraq ictimaiyyət qarşısında hesabatla çıxış edir, onun fəaliyyəti yerli və xarici auditorlar tərəfindən yoxlanılır.
Ölkənin strateji valyuta ehtiyatlarının müəyyən bir qismi isə bütövlükdə bank sektorunda dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə olunur. Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin sentyabrın 1-nə 12 958,9 milyon dollar təşkil etmişdir ki, bu da ötən ilin sentyabrın 1-nə nisbətən 1 706,6 milyon dollar və ya 15,1 faiz çoxdur. Eyni zamanda, avqust ayında AMB-nin rəsmi valyuta ehtiyatları 78,6 milyon dollar və ya 0,6 faiz artmışdır.
Son illərin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Müqayisə üçün bildirək ki, beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. İlin əvvəlində nüfuzlu “Bloomberg” agentliyində dərc olunan materialda qeyd olunurdu ki, Gürcüstanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 77,7, Ermənistanda 60, İspaniyada 68,5, Yunanıstanda 160, İtaliyada 120, ABŞ-da 100 faiz həddindədir. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2013-cü ilin birinci yarısında da artaraq 48 milyard ABŞ dollarına çatmışdır.
Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması milli iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir. Mərkəzi Bank hesab edir ki, strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir. Respublikanın ÜDM-in təxminən 80 faizi həcmində strateji valyuta ehtiyatlarına malik olması ölkədə makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amillərdən sayılır.
İnkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illərdə imzalanan fərmanlarda, təsdiq edilən regional inkişaf proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Azərbaycanın maliyyə cəhətdən güclənməsi yeni iş yerlərinin yaradılmasına da öz müsbət təsirini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası çərçivəsində 2013-cü il iyulun 1-nə ölkədə 419,8 min yeni, o cümlədən 320 min daimi iş yeri açılmış, onların 58,7 mini, o cümlədən 44,7 min daimi iş yeri 2013-cü ilin birinci yarısında yaradılmışdır. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 72,7 faizi regionlarda, 95,5 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında da iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi əksini tapmışdır.
Bu günlərdə isə Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatını (The Global Competitiveness Report) yaymışdır. Adı çəkilən sənədə əsasən, Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 ölkə arasında Azərbaycan 39-cu pillədə qərarlaşmış və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırmışdır. Reytinqə əvvəlki ildə olduğu kimi, İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Sinqapur (keçən il – 2-ci pillə), Finlandiya (3), Almaniya (6), ABŞ (7), İsveç (4), Honkonq (9), Niderland (5), Yaponiya (10) və Böyük Britaniya (8) daxil olmuşdur. Qeyd edək ki, ilk yeri tutan İsveçrə qiymətləndirmə nəticəsində 5,67 bal, Azərbaycan 4,51 bal, reytinqi tamamlayan Çad isə 2,85 bal toplamışdır. Maraqlıdır ki, Türkiyə bu reytinqdə 4,45 bal (44-cü yer), Qazaxıstan 4,41 bal (50-ci yer), Rusiya 4,25 bal (64-cü yer), Gürcüstan 4,15 bal (72-ci yer), Ermənistan 4,10 bal (79-cu yer), İran isə 4,07 bal (82-c yer) ilə qiymətləndirilmişdir.
Ümumiyyətlə, son 10 ilin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanın müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9-6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə, işsizliyin səviyyəsi 28 faizdən 5,2 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.