ARDNŞ Əfqanıstanla əməkdaşlığı genişləndirmək niyyətindədir

 

Sentyabrın 4-də ARDNŞ-nin baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə Əfqanıstan İslam Respublikasının mineral ehtiyatlar və neft naziri Vahidullah Şahraninin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Dövlət Neft Şirkətindən aldığımız məlumatda bildirilir ki, Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını və neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini vurğulayan ARDNŞ prezidenti əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda Dövlət Neft Şirkətinin rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Əfqanıstan İslam Respublikasının mineral ehtiyatlar və neft naziri Vahidullah Şahrani son illərdə Azərbaycanın yüksək templə inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını söyləmiş, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulamış, ölkəmizin enerji sektorunun avanqardı olan ARDNŞ-nin artıq bütün dünyada uğurla fəaliyyət göstərən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını qeyd etmişdir. Başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini ARDNŞ prezidentinə təqdim edən nazir Azərbaycana səfərləri çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirdiklərini və dərin təəssürat qazandıqlarını nəzərə çatdırmışdır. Daha sonra böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətə başladığını bildirən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, ARDNŞ ilə Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir.

Azərbaycanın uzun əsrlər boyu dünyanın neft ölkəsi hesab olunduğunu diqqətə çatdıran Rövnəq Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırlatmış, ötən ildən ARDNŞ-nin nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyətə başladığını qeyd etmiş və həmin ənənənin davamı olaraq gələn tədris ilindən əfqanıstanlı gənclərin bu ali məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləmişdir. R. Abdullayev həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirmişdir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında