İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin I Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq konfrans keçirilmişdir

 

 

Sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin I Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda I Beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının və “EcoMod Networking” şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak etmişlər. Forumda İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və davamlı olaraq inkişaf etdirilməsi imkanları müzakirə olunmuşdur.

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın təşkilatın fəaliyyətinə böyük önəm verdiyini və regionda uğurlu fəaliyyətində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra işlər görülmüş, konseptual istiqamətlər müəyyənləşdirilmişdir. Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş imzalamışdır. Həmçinin ölkəmiz İƏT Bankına üzvdür və bu, Azərbaycanın üzv ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaratmışdır.

Nazir müavini İƏT-ə üzv olan dövlətlərlə ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyini diqqətə çatdırmış, həmçinin forum iştirakçılarına Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verərək demişdir: Dünya iqtisadiyyatı ağır iqtisadi tənəzzülə məruz qaldığı halda, ölkəmizdə iqtisadi artım təmin olunmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qorunub saxlanılmışdır. 2012-ci ildə ÜDM-in real artımı 2,2 faiz təşkil etmiş və cari qiymətlərlə 54 milyard manat olmuşdur. Bu isə Azərbaycanın Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini daha da gücləndirmişdir. Azərbaycanın valyuta ehtiyatları ÜDM-in 70 faizini təşkil edir ki, bu da dünya miqyasında çox yüksək göstəricidir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 6 faizə enmiş, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır. Azərbaycanın son illər ərzində qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun dünən açıqladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında Azərbaycan öz mövqeyini xeyli dərəcədə yaxşılaşdıraraq 148 ölkə arasında 39-cu pilləyə yüksəlmişdir.

S.Həsənova İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığının genişləndirilməsi, bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması, müxtəlif tədbirlərin təşkili və əldə olunmuş müsbət nəticələrdən istifadənin vacibliyini vurğulayaraq Bakı Forumunun və Beynəlxalq konfransın bu baxımdan əhəmiyyətini qeyd etmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov çıxışında təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin aktuallığını diqqətə çatdırmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar isə çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə olunmuş nəticələrdən, bu mərkəzlərin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs etmişlər.

Konfrans kənd təsərrüfatı, regional inteqrasiya, ticarət məsələləri mövzularında sessiyalarla davam etmişdir. Tədbirdə ekspertlərin məruzələri dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında