Bakıda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçirilir

 

Bakıda Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının salonunda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçirilir.

Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək aqrar sahənin, o cümlədən arıçılığın inkişafından, görülən işlərdən danışmış, yarmarkanın əhəmiyyətindən bəhs etmişdir.

A. Aslanov bildirmişdir ki, “Arıçılıq haqqında” Qanuna əsasən, bu tədbirin hər il keçirilməsi artıq ənənəyə çevrilmişdir. Sərgi-satış yarmarkası xüsusilə Bakı sakinlərində böyük maraq doğurur. Yarmarkanın məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.

A.Aslanov vurğulamışdır ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir.

Kənd təsərrüfatı nazirinin müavini çıxışında daha sonra demişdir:

– Ölkəmizdə arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. 2004-cü ildə arı ailələrinin sayı 95,7 min ədəd olmuşdur. Ötən il isə arı ailələrinin sayı artaraq 225,3 min ədədə çatmışdır. Bu dövrdə arı ailələrinin sayı 129,6 min ədəd və ya 2,3 dəfə artmışdır. Hər arı ailəsində mövsümdən asılı olaraq 20-80 min arı olur.

A.Aslanov daha sonra demişdir ki, hər arı ailəsindən bu il orta hesabla 8-10 kiloqram bal alınmışdır. Bu il havaların arıçılıq üçün əlverişli keçməsi nəticəsində təxminən 2500 ton bal istehsalı gözlənilir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 225 ton çoxdur. Yerli icra orqanlarının verdiyi məlumata görə, ölkəmizdə arıçılıqla 6 min nəfərdən çox adam məşğul olur.

Arıçılıqda seleksiya-damazlıq işləri ildən-ilə genişləndirilir. Hazırda respublikada 32 özəl damazlıq təssərrüfatı fəaliyyət göstərir. Arıçılığın daha da inkişaf etdirilməsi üçün ötən il 41 nəfərə 476 min mant, bu ilin 7 ayında isə 39 nəfərə 455 min manat kredit verilmişdir.

Nazir müavini ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail olmağa çalışdıqlarını vurğulamışdır. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur.

Gəlirli, rəqabət qabiliyyətli arıçılığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan A. Aslanov nəzərə çatdırmışdır ki, arıçılıqda elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir.

Arı məhsullarından əsasən bal istehsal olunur. Digər məhsulların (arı zəhəri, mum, arı südü və s.) istehsalı da diqqətdə saxlanılmalıdır. Arıçılıqda seleksiya-damazlıq işləri ildən-ilə təkmilləşdirilir.

Nazir müavini bildirmişdir ki, Azərbaycanda “Peşəkar arıçılar”, “Qızıl pətək”, “Dağ arıçıları” ictimai birlikləri fəaliyyət göstərir. Bunlarla yanaşı, respublikada Arıçılar İttifaqı yaradılmışdır. Onlar bu sahədə geniş iş aparırlar.

Digər çıxış edənlər də ölkədə arıçılığın inkişafından danışmışlar. Məlumat verilmişdir ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinə qarşı ciddi mübarizə aparılır.

Xatırladaq ki, yarmarkaya 47 şəhər və rayondan 320 nəfər arıçı iştirak edir. Yarmarkada 500 ton bal, 40 kq çiçək tozu, 3 kq arı südü və 10 kq vərəmum satılması planlaşdırılır.

Arıçılıq yarmarkası oktyabrın 5-dək davam edəcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında