Hər bir xalqın tarixi araşdırılarkən ilk növbədə həmin dövrlərdə inşa edilən tikililər, onların qalıqları tədqiq olunur. Çünki bu yolla hansısa dövrün xüsusiyyətlərini müəyyənləşdirmək, xalqın məskunlaşma və şəhərsalma mədəniyyətinin səviyyəsini öyrənmək mümkündür. Məhz bu baxımdan xalqın ən qabaqcıl nümayəndələri, həmçinin bəzi hökmdarlar tikinti-quruculuq işlərinə böyük əhəmiyyət vermişlər. Bu mənada qədim mədəniyyətə malik olan Azərbaycanın tikinti-şəhərsalma tarixində böyük qürur doğurası uğurlara imzalar atılmışdır. Vaxt gələcək, tariximizin son dövrlərində bu sahədə görülən işlər sonrakı nəsillərə daha böyük qürur yaşadacaqdır.
Müstəqil Azərbaycanda sahibkarlığın geniş inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyildir ki, sahibkarlığın inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. 1997-ci il iyun ayının 24-də qəbul olunan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı (1997-2000-ci illər)” milli iqtisadiyyatımızda kiçik və orta sahibkarlığın yerinin və rolunun müəyyən edilməsinə, bu sahədə qanunvericiliyin möhkəmlənməsinə, maliyyə-kredit sisteminin formalaşmasına, elmi-metodiki bazasının yaradılmasına əlverişli mühit yaratdı və proqramda müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirildi.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, özəl sektorun potensial imkanlarının reallaşdırılmasında dövlət sifarişləri mühüm rol oynayır. Bununla dövlət özəl sektorla bərabərhüquqlu tərəflər kimi partnyorluq münasibətlərinin qurulmasına, kiçik və orta müəssisələr üçün sabit və təminatlı bazarın formalaşmasına, dövlət ehtiyatlarının ödənməsində özəl sektorun iştirakına şərait yaranır.
Bu gün də ölkəmizdə sosial-iqtisadi sahələrin bütün sferalarında azad sahibkarlığın geniş inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Belə ki, özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, sahibkarların normal və sərbəst fəaliyyəti üçün bir sıra mühüm fərmanlar imzalanmışdır. Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir, dövlət onlara öz dəstəyini göstərir. Ölkəmizin uğurlu inkişafı özəl sektora öz müsbət təsirini göstərir.
Təbii ki, son illərdə həyata keçirilən irimiqyaslı layihələr, görülən işlər yerli istehsalın stimullaşdırılmasına, regionların iqtisadi inkişafının sürətlənməsinə, yeni iş yerləri yaranmasına və deməli, büdcə gəlirlərinin qeyri-neft sektoru hesabına artmasına təsir edir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd olunduğu kimi, ölkədə ümumi daxili məhsul 5 faiz və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və şübhəsiz, növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır... Vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün, əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar”.
Dövlətin bu qayğısı, şübhəsiz, bu gün fəaliyyət göstərən özəl qurumların məsuliyyətini bir qədər də artırır. Belə özəl şirkətlərdən biri də “Kənan-İnşaat və Ticarət” birgə müəssisəsidir. 1996-cı ildən fəaliyyət göstərən müəssisə inşaat-memarlıq sahəsində artıq öz sözünü deyə bilmişdir. İSO 9001:2008, OHSAS 18001:2007 kimi beynəlxalq standartlar üzrə uyğunluq şəhadətnamələrinə malik olan kollektiv öz imkanlarını genişləndirərək keyfiyyət amilini və istehlakçıların tələbatına cavab vermək məqsədini önə çəkir.
Onu da qeyd edək ki, müəssisənin fəaliyyətinin əsas istiqamətini inzibati, mülki və sənaye obyektlərinin tikintisi üzrə kompleks xidmətlərin, o cümlədən təmir-bərpa işlərinin yerinə yetirilməsi, həmçinin, konstruktiv həll yollarının işlənib-hazırlanması təşkil edir. Eyni zamanda, topoqrafik və mühəndis-geoloji axtarış işlərinin, bərpa, müasirləşdirmə, yenidən təchizetmə və təkrar planlaşdırma kimi işlərin yerinə yetirilməsi də əlavə xidmətlərə daxildir. Fəaliyyətə başladığı gündən indiyədək inşa etdiyi obyektlərə görə istər respublikada, istərsə də beynəlxalq aləmdə özü haqqında müsbət rəy formalaşdıran müəssisə Gürcüstan, Orta Asiya, İsveçrə, Rusiya, İsveç və Estoniyada etibarlı tərəfdaş kimi tanınmışdır. 2008-ci ildən müəssisənin Gürcüstanda ilk filialı fəaliyyətə başlayıb.
“Kənan-İnşaat və Ticarət” müəssisəsi müxtəlif forumlarda respublikamızı təmsil etmək hüququ qazanmaqla da bu sahədə fəaliyyət göstərən özəl qurumlardan fərqlənir. Bu günlərdə İsveçrənin Montr şəhərində sağlamlığa və sağlamlaşdırıcı turizmə həsr olunmuş liderlərin sammitində də respublikamızı “Kənan-İnşaat və Ticarət” birgə müəssisəsi layiqincə təmsil etmişdir. Məhz bu beynəlxalq toplantıda müəssisə “European Quality” (“European Quality Award”) beynəlxalq mükafatına layiq görülmüşdür.
Müəssisənin baş direktoru Əlihüseyn Əsgərov söhbət zamanı həmin tədbir barədə ətraflı məlumat verərək dedi:
— Bu forumda müxtəlif ölkələri, qitələri təmsil edən dövlət xadimləri, sənayeçilər, iş adamları, alimlər iştirak edirdi. Sammitin açılış mərasimi Montr şəhərinin ən yaxşı otellərindən biri olan - qədim Fairmont Le Montreux Palace otelində oldu. Plenar iclası ümumdünya Sağlamlaşdırıcı Turizm Şurasının təsisçisi Emmi Çakmak (Türkiyə) açaraq iştirakçıları forumun işi ilə tanış etdi. Sonra Böyük Britaniya Tibbi Turizm Assosiasiyası Şurasının Böyük Britaniya üzrə fəxri üzvü doktor Yen Makintoş məruzə ilə çıxış edərək müasir dünyada tibbi turizmin xüsusiyyətlərindən və imkanlarından danışdı.
Xüsusiləşdirilmiş investisiya panelləri burada peşəkar fəaliyyətlərinin sferalarında əldə etdikləri nailiyyətlərdən danışarkən iştirakçıların böyük marağına səbəb oldu. Bununla da, həmçinin gələcək əməkdaşlıq üçün perspektivlərin müzakirəsinə imkan yarandı.
1 saylı investisiya paneli çərçivəsində iş iki seksiyada davam etdirildi. Birinci seksiya “Dünyanın yeni turist marşrutları və kurortlar: şəhər planlaşdırılması və tikinti, infrastruktur, turistlərin cəlb olunması” mövzusuna həsr olunmuşdu. “EVA Best Enterprises. Achievements 2013" dünya reytinqinin ən yaxşı şirkətləri öz imkanlarını və nailiyyətlərini nümayiş etdirdilər.
“Rekreasiya və sosial layihələri, həmçinin turizm, idman və əyləncə sənayesinin proqramlarını maliyyələşdirən şirkətlərin təqdimatı” mövzusunda panelin ikinci seksiyası çərçivəsində edilən məruzə də maraq doğurdu.
“Tibbi və sağlamlaşdırıcı turizm: klinikalar, kurortlar və sağlamlıq müəssisələri. Tibb kompleksləri. Pəhriz və sağlam qidalanma” 2 saylı panelin mövzusu isə belə idi.
Sammitin gedişində Ascent Swiss Business Management AG (İsveçrə) şirkətinin baş direktoru, İsveçrə Keyfiyyət Standartları İnstitutunun direktoru Mixael Derre ilə də işgüzar görüşlər keçirildi.
Sonda Kraliça Viktoriyanın “Best City”, “Best Enterprises”, “Best University”, “European Quality”, “The Name in Sjienje” Avropa mükafatlarının təqdimatı oldu. 30 ölkədən 80 iştirakçı qalib elan edildi. Qaliblər arasında “Kənan-İnşaat və Ticarət” birgə müəssisəsi də var idi.
Bəli, bu gün milli memarlığımızın inkişafına töhfə verən, tikinti-inşaat sahəsində fərqlənən “Kənan-İnşaat və Ticarət” yeni-yeni uğurlara imza atır, öz adını tarixə yazır. Bu yolda onlara daha böyük uğurlar arzulayırıq.
Hacı BAXŞƏLİYEV,
“Qızıl qələm” mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.