Prezident İlham ƏLİYEV: Azərbaycanda regionların inkişafı proqramı uğurla icra edilir

Azərbaycan regionlarının inkişafı üçün son illər müvafiq dövlət proqramları qəbul edilmiş və onların icrası məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində artıq bölgələrimizin siması dəyişmiş, infrastruktur yeniləşdirilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bu barədə demişdir: "Azərbaycanda regionların inkişafı proqramı uğurla icra edilir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər".
Lakin etiraf edək ki, regionlarımızın inkişafı məqsədilə qarşıya qoyulan vəzifə hələ tam yerinə yetirilməyib. Başqa sözlə, bölgələrimiz hələ o səviyyəyə çatmayıb ki, yerlərdə istehsal hesabına bütün ehtiyaclar ödənilsin, dövlət dəstəyi olmadan infrastruktur yeniləşdirilsin. Dövlət başçımız yuxarıda sözügedən iclasda bu barədə demişdir: "...Bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu, hər bir bölgə özünəxas xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin".
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionların inkişafında mühüm rol oynayan yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair 2009-cu ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir.
Onu da xatırladaq ki, ildən-ilə dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı artırılır. 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür.
Cari ilin altı ayında isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 14 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir.
Hesabat dövründə dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, "Aqrolizinq" ASC-yə 23,5 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.
Regionların inkişafından söz düşmüşkən, ölkə Prezidentinin prioritet məsələ kimi qarşıya qoyduğu respublikamızın ayrı-ayrı bölgələrinin tərəqqisi ilə bağlı görülən işlərə də qısaca diqqət yetirək. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi potensialının möhkəmləndirilməsi, respublikamızın bölgədə və dünyada rolunun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bu gün də mühüm tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir. Başqa sözlə, bu gün sözügedən Dövlət Proqramında müəyyənləşdirilmiş məqsədə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli şəkildə yararlanmaqla qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir, infrastruktur şəbəkəsi genişləndirilir, sahibkarlığın inkişafına göstərilən diqqət daha da artırılır, ixracyönümlü məhsul istehsalı stimullaşdırılır. Bütün bunlarla yanaşı, əhalinin məşğulluğu, yoxsulluğun səviyyəsinin azaldılması məsələləri də diqqət mərkəzində saxlanılır.
İkinci regional Dövlət Proqramının əsas hədəfləri sırasında ədalətli rəqabət mühitinin formalaşdırılması, vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması, sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, bank, sığorta, lizinq xidmətlərinin inkişaf etdirilməsi, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, yol təsərrüfatının yeniləşdirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı sisteminin müasirləşdirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin reallaşdırılması, əhalinin sosial müdafiəsinin diqqət mərkəzində saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Regionların inkişafı ilə bağlı bir məqama da diqqət yetirək. Bölgələrdə infrastrukturun yaxşılaşdırılması ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinə xüsusi fikir verilir. Məsələn, Sahibkarlığa Kömək Milli Fondu "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, uşaq qidası istehsalının təşkil olunması, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin və üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlamışdır. Bununla əlaqədar fond tərəfindən investisiya layihəsinin xüsusiyyətlərinə əsasən, bir sıra şərtlər irəli sürülmüşdür. Belə ki, investisiya təklifinin ümumi dəyərinin ən azı 30 faizi sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə fondun güzəştli kreditləri hesabına maliyyələşdirilir. İnvestisiya layihəsinin maliyyələşdirilməsində Azərbaycan İnvestisiya Şirkəti ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilərlər.
Yeri gəlmişkən, burada bir məqama da toxunmağı vacib bilirik. Birinci regional Dövlət Proqramı (2004-2008-ci illər) qəbul ediləndə orada nəzərdə tutulan tədbirlərin tam həcmdə həyata keçirilməsinə şübhə ilə yanaşanlar da vardı. Bu barədə dövlət başçısı çıxışlarının birində demişdir: "...Son illər ərzində regionların canlanması, regionlarda gedən inkişaf prosesləri ölkəmizi daha da gücləndirir... Biz 2004-cü ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəndə mən bilirdim ki, bu proqramın icrasına nail olacağıq. Baxmayaraq ki, proqramda çox ciddi və bəzi hallarda gözlənilməz məsələlər qoyulmuşdu. 600 min yeni iş yerinin açılması, yoxsulluğun kəskin şəkildə azaldılması, Azərbaycanda beş il ərzində minlərlə yeni müəssisənin yaradılması, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması. Yəni bu proqramda qlobal xarakter daşıyan məsələlər nəzərdə tutulmuşdu. Bəzilərinə elə gələ bilərdi ki, bu proqramda reallıqdan uzaq olan çoxlu məsələlər var, şüar xarakterli məsələlər var. Amma həyat göstərdi ki, orada nəzərdə tutulmuş bütün vəzifələr icra olundu. Deyə bilərəm ki, nəzərdə tutulmamış böyük iqtisadi və sənaye-infrastruktur layihələri icra edildi".
Onu da xatırladaq ki, Azərbaycanda regionların inkişafı ilə bağlı reallaşdırılan tədbirlər yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, görülən işlər nəticəsində 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsi iki dəfə azaldılacaq. Xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və s. bu məsələdə mühüm rol oynayacaq.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında