Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, o cümlədən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə sıx bağlı olan sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa istiqamətlənmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır.
İnkişaf etmiş Qərb ölkələrinin timsalında qeyd edilənlərin əyani təsdiqini göstərən çoxsaylı misallar göstərmək mümkündür. Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılmış, digər mühüm əməli tədbirlər görülmüş, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilmişdir.
Son illər Azərbaycanın sürətli iqtisadi inkişafına özəl sektor, kiçik və orta sahibkarlıq müsbət təsir göstərmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, hazırda investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Hazırda sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanununu nəzərdən keçirək. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir. Adıçəkilən qanunda sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər öz ifadəsini tapmışdır. Məsələn, yoxlayıcının səlahiyyətləri yoxlayıcı orqanın səlahiyyətləri ilə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa, digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz. Yaxud, yoxlayıcı təmsil etdiyi yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.
Qanunda bildirilir ki, yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə, ən azı, bir dəfə təşkil edilir.
Qanunda həmçinin yoxlayıcının hansı hallarda yoxlama apara bilməməsi, sahibkarların risk qrupları üzrə bölgüsü, yoxlamaların elektron uçotu, növü və dövrü, məhsulun tədqiqi (sınağı) haqqında, habelə yoxlama zamanı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın qəbul edilməsi, yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi, yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası öz ifadəsini tapmışdır.
Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən aylarında da sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir.
Artıq fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur. Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 2753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 8500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Özəl bölmənin inkişafına yaradılan imkandan faydalanmaqla maliyyə təminatının yeni mənbələrindən səmərəli istifadə edilir. Məsələn, 2009-cu ildə imzalanan “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmana əsasən, sahibkarlığın inkişafına yaradılan maliyyə mənbələrinin həcmi genişləndirilmişdir. Bunun nəticəsidir ki, biznes mühiti Azərbaycan iqtisadiyyatında öz çəkisini artırmaqla yeni uğurlar qazanmışdır. Bu gün ölkəmizdə sahibkarlıq üçün tam əlverişli şərait yaradılmış, iş adamlarının dövlət qurumlarından asılılığı nəzərəçarpacaq dərəcədə azalmışdır. Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz nəticəsini vermişdir.
Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi məqsədilə vaxtaşırı seminar və treninqlər keçirilir, azərbaycanlı sahibkar və gənc menecerlər xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir, müvafiq müəssisələrdə təcrübə keçirlər.
Respublikamızın ixrac və investisiya imkanlarının təşviqi, qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin investisiya imkanlarının təbliğində İxracın və İnvestisiyaların Təşviqi Fondu da önəmli rol oynayır.
Ölkəmizdə özəl bölmənin inkişafına Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti də müsbət təsir göstərir. Adı çəkilən şirkətin iştirakı ilə indiyədək Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan” yeni sement zavodu və “Ağstafa Aqroservis” kimi müəssisələr fəaliyyətə başlamışdır.
Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, “Doing Business, 2013" hesabatında Azərbaycanın mövqeyi yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və MDB ölkələri arasında birinci mövqeyini saxlamışdır. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, ”əmək bazarının səmərəliliyi” göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 18-ci olmuşdur.
“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də respublikamızın davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir.
Konsepsiyada müəyyənləşdirilmiş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2013-cü il də əvvəlki illər kimi, dövlətimizin uğurla reallaşdırdığı milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.