Paytaxtda tunel tipli kollektor tikilir

Bakı şəhəri və Abşeron yarımadasında yeni kanalizasiya infrastrukturlarının yaradılması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir. Bununla yanaşı, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tədbirlər planına uyğun olaraq yağış və tullantı sularının idarə edilməsinin  yaxşılaşdırılması və Xəzər dənizinə birbaşa axıdılmasının qarşısının alınması məqsədilə də bir sıra yeni layihələr reallaşdırılır.

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin  məlumatına görə,  bu günlərdə Xırdalan şəhəri, Masazır qəsəbəsi və ətraf ərazilərdə toplanan çirkab sularının nəqlini Bakı şəhərinin mərkəzindən kənarlaşdırmaq məqsədilə “Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi” layihəsinin icrasına başlanılmışdır. Xatırladaq  ki, hazırda həmin ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya Stansiyasına ötürülür.  Çirkab sularının axıdılması iki mərhələdə nasoslar vasitəsi ilə və böyük həcmdə elektrik enerjisinin sərfiyyatı hesabına həyata keçirilir.

Yeni layihə isə çirkab sularının Lökbatan istiqamətində özüaxımlı rejimdə nəqlini  nəzərdə tutur. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınaraq Xocasən təpəlikləri altında tunel tipli kollektorun tikintisi layihələndirilmişdir. Layihəyə əsasən,  ümumi uzunluğu 14750 metr olan tunelin  32-49 metr dərinliklərdə  qazılması nəzərdə tutulur.  Tunelin 7400 metrlik hissəsi  2200 mm, 7350 metrlik hissəsi isə 2800 mm diametrində olacaqdır.

Artıq iki istiqamətdə – Xocasən gölünün yaxınlığında və Sulutəpə qəsəbəsində tikintiyə hazırlıq işləri  başa çatdırılmış, şaxtalar qazılmış, avadanlıqlar quraşdırılmış və tunel yolunun qazılması işlərinə start verilmişdir. Tunelin tikintisində dünyada  tətbiq olunan qabaqcıl texnologiyadan—TBM qazma qurğusundan istifadə olunur. Bununla paralel tunelin tikintisində istifadə olunacaq dəmir-beton boruların hazırlanması məqsədilə istehsal sahəsi də yaradılmışdır. Abşeron rayonu ərazisində fəaliyyət göstərən zavodda sutkada 24 rinq (tunelin 1 seqmenti 6 rinqdən ibarətdir) istehsal olunur. Bu qurğu vasitəsilə qazma işləri aparılarkən yerüstü obyekt və qurğuların köçürülməsinə ehtiyac olmur. Yeni texnologiya ilə aparılan qazma işləri  ərazidə yerləşən yaşayış evləri və obyektlərə, nəqliyyat və kommunal infrastruktura heç bir problem yaratmır. 

Hazırda qazma işləri sürətlə davam etdirilir və tunelin inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektoru istismara verildikdən sonra Xırdalan şəhərində və ətraf yaşayış məntəqələrində, həmçinin Qaradağ, Binəqədi, Yasamal və Səbail rayonlarının bir hissəsində toplanan çirkab suları Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. Burada isə tullantı suları təmizlənib zərərsizləşdirildikdən sonra Xəzər dənizinə axıdılacaqdır. 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında