Qəzanın aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür

“Bulla-dəniz” yatağında 90 saylı quyuda baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər davam etdirilir.  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin socar. az saytının yaydığı məlumata görə, qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaratmışdı. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edirdi.

Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiyanın qarşısında, ilk növbədə, alovu şaquli istiqamətə yönəltmək vəzifəsi dayanırdı. Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunmuş, Sərhəd Qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsilə quyuağzı maneçilik törədən avadanlıqlardan təmizlənmişdir. Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunmuşdur. Bununla da, gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranmışdır. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılmış və alovun qarşısında su pərdəsi yaradılmışdır. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması əsas götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılmışdır. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməmişdir.

Əməliyyat zamanı ARDNŞ-in Təhlükəsizlik İdarəsinin fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirmişdir. Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olmuşdur. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilmiş və hazırlıq işləri başa çatdırılmışdır.

Bütövlükdə isə aparılan əməliyyatlara Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsinin fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət 11 gəmi cəlb olunmuşdur. “Şirvan” kran gəmisi özülə yan almış, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxmışdır. Qrup özülün qərb hissəsində “katapiller dizel generatorları” sahəsində işləmək imkanının mümkünlüyünü müəyyən etmişdir. “Şirvan” kran gəmisi yenidən özülə yaxınlaşmış və yanğın zamanı platformada qalmış 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyulmuşdur.

Platformanın təmizlənməsi işləri dünən də davam etdirilmişdir. Bu məqsədlə səhər saat 8:00-dan 4 ədəd “Vixr” tipli, habelə “Caspian Support” və “Topaz Legenda” yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunmuşdur. Nəticədə quyu ağzında su pərdəsi yaradılmış və “Şirvan” kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlamışdır.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında