Ucqar kəndlərin içməli su problemi aradan qaldırılır

Hazırda Bakı şəhərinin, eləcə də ölkəmizin şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına  diqqət getdikcə artırılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətin təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir.

Proqram çərçivəsində Gədəbəy rayonunun bu günə qədər içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndi olan Pərizamanlı kəndinin su təchizatının yaradılması layihəsi uğurla başa çatdırılmış, yeni infrastruktur istismara verilmişdir. Bu məqsədlə avqustun 23-də adıçəkilən kəndə içməli suyun verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov layihənin başa çatması və ucqar dağ kəndinə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Çətin relyefə malik kəndin su probleminin birdəfəlik həll edilməsini mühüm hadisə adlandıran icra hakimiyyətinin başçısı  diqqət və qayğıya görə  rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirmiş, son illər Gədəbəydə infrastruktur layihələrinin icrasının sürətləndirildiyini diqqətə çatdırmışdır.

“Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. Prezident İlham Əliyevin ölkəmizin hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlərin həyata keçirildiyini diqqətə çatdıran E.Məmmədov hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kənd və qəsəbəsində su layihələrinin uğurla icra olunduğunu bildirmişdir.  “Azərsu” ASC-nin ucqar kəndlərin su təchizatının yaxşılaşdırılması üçün lazımi tədbirlər gördüyünü vurğulayan natiq Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemi yaradılmasını da məhz bunun məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, çətin relyefə malik olmasına baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana tikilmiş, müxtəlif diametrli borularla 12 kilometr uzunluğunda su xətti çəkilmiş və  bununla da kənd sakinləri təmiz bulaq suyu ilə təmin edilmişdir. E. Məmmədov, həmçinin gələcəkdə rayonun digər kəndlərində və Gədəbəy şəhərində də su layihələrinin icrasının planlaşdırıldığını diqqətə çatdırmışdır.

Sakinlər adından çıxış edən Yaqub Qasımov indiyə qədər suyu uzaq məsafədən müxtəlif vasitələrlə daşıdıqlarını bildirərək bu çətinliyin aradan qaldırılmasına,  regionlarda, xüsusən də belə ucqar kənddə infrastruktur layihələrinin icrasına görə dövlət başçısı İlham Əliyevə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirmişdir. 

Xatırladaq ki, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən “Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemlərinin yaradılması” layihəsi kəndin 720 sakininin içməli su probleminin həllinə hesablanmışdır. Layihəyə əsasən, istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığındakı Kərəm, Sarı və Qarabulaq bulaqları seçilmişdir. Bulaq sularının toplanaraq anbara çatdırılması məqsədilə polietilen borulardan 670 metr uzunluğunda suyığıcı xətlər quraşdırılmış, həcmi 100 kubmetr  olan anbar və nasos stansiyası tikilmişdir. Kənd əhalisini fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədilə relyef baxımından yüksək ərazidə hər birinin tutumu 100 kubmetr olan iki  ədəd əlavə su anbarı inşa edilmişdir və nasoslarla su mənbədəki anbardan bura  qaldırılır. Yüksəklikdəki anbarlardan suyun kəndə nəqli üçün polad borularla 1122 metr uzunluğunda magistral su xətti çəkilmiş, 12,4 kilometr uzunluğunda daxili şəbəkə yaradılmışdır.  Yaxın vaxtlarda qonşuluqda yerləşən 20 təsərrüfatdan ibarət Totuxlu kəndinə də bu mənbədən suyun verilməsi nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında