Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı uğurla həyata keçirilir

İqtisadiyyatın modernləşdirilməsi, bütün sahələrlə yanaşı, aqrar sahə üzrə də konkret inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmiz dinamik və hərtərəfli inkişaf edir, sosial-iqtisadi qüdrətini artırır, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.
Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir... Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir".
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ilə bağlı indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, proqramda dövlət qurumlarına torpaq və sudan istifadənin səmərəliliyinin artırılması tədbirlərinə aid məsələlər - eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanması tapşırılmışdır.
Eyni zamanda, torpaqların müəyyən edilməsi, torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi də nəzərdə tutulmuşdur. Bu tapşırıqlar sırasında dağ çaylarının gətirmə konuslarında, arid iqlimə malik dağətəyi və düzən ərazilərdə əkinə yararlı torpaqların kənd təsərrüfatı məhsulları istehsalı dövriyyəsinə cəlb edilməsi və istifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin stimullaşdırılması mühüm yer tutur. Pay torpaqları əsasında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşdirilməsinin stimullaşdırılması, suvarmada mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi qarşıda duran əsas vəzifələrdəndir.
Mütəxəssislərin fikrincə, bitkiçiliyin inkişaf etdirilməsi və bitkiçilik məhsullarının istehsalında növbəti əkin sisteminin yerli şəraitə uyğun aparılması, kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi, müvafiq tövsiyələrin fermerlərə çatdırılması, yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması, məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi, taxılın vaxtında, itkisiz yığılması üçün müvafiq texniki tədbirlərin görülməsi, taxıla olan dövlət ehtiyacının tənzimləmə mexanizminin işlənib hazırlanması kimi məsələlər də həll edilməlidir. Proqramda həmçinin faraş kartof və tərəvəz ixracının təşviq edilməsi, tərəvəz yetişdirilən istixana sisteminin genişləndirilməsinin dəstəklənməsi, mövcud yaşıl çay sahələrinin, meyvə bağlarının bərpası, üzümçülüyün inkişaf etdirilməsi, günəbaxan, qarğıdalı və digər yağ verən bitkilərin yetişdirilməsinin stimullaşdırılması, Lənkəran-Astara regionunda, Ağdaş, Zərdab, Salyan və digər rayonlarda çəltikçiliyin inkişafının dəstəklənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkədə heyvandarlığın, ətlik maldarlığın inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, dövlət damazlıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması, ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi, yem bitkiləri sahələrinin genişləndirilməsi, stasionar şəraitdə mal-qara və qoyunların saxlanılması, arıçılığın inkişaf etdirilməsi və digər bu kimi məsələlər də proqramda əksini tapmışdır.
"Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamında göstərilir ki, ölkədə aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər keçən ildən dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir. Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilmişdir.

{nl}

Ölkə ərazisində kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədilə artıq xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilir.
Bundan başqa, hazırda mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların, kənd təsərrüfatı məhsullarının müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi və tikintisi işləri görülür. Yeri gəlmişkən, ötən il iyulun 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilməsi üçün alınan gübrələrin, kənd təsərrüfatı texnikasının və avadanlığın istehsalçılar tərəfindən istifadəsinin asanlaşdırılması, eyni zamanda, istismara yararlı vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə "Aqrolizinq" ASC-nin aqroservis filiallarının regionlarda tikintisi üçün Prezidentin Ehtiyat Fondundan adı çəkilən cəmiyyətin nizamnamə kapitalına əlavə 5 milyon manat vəsait ayrılmışdır.
Bu səhmdar cəmiyyətin yaradılması, fəaliyyətinin genişləndirilməsi ilə bağlı dövlət başçımız demişdir: "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrələrin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin...".
Dövlət Proqramında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi ölkənin neft sənayesindən asılılığını azaltmağa, aqrar sahənin dinamik inkişafına, əhalinin gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə gətirib çıxaracaqdır. Araşdırmalar göstərir ki, aqrar sahədə istehsalın artırılmasının, ərzaq təminatının yaxşılaşdırılmasının əsas vəzifələrindən biri ərzaq məhsulları istehsalının infrastruktur təminatının yaxşılaşdırılmasıdır. Başqa sözlə, daxili yolların qaydaya salınması, qazlaşdırma, elektrikləşdirmə, su ilə təminat məsələləri ön plana çəkilməlidir ki, kənddə yaşayan mütəxəssislər və istehsalla məşğul olanlar üçün əlverişli infrastruktur yaransın. Buna görə də hazırda istehsalçının məhsulunun daşınması, saxlanması, soyuducu bazalarının yaradılmasına kömək göstərilməsi əsas vəzifələrdən biri kimi qarşıda durur.
Hər bir sahibkarın istehsal etdiyi məhsul keyfiyyətli, rəqabətə davamlı olmalıdır. İstehsal həcmi çoxaldıqca, onun keyfiyyət göstəricisinin də yaxşılaşdırılmasına diqqət artırılmalıdır. Hazırda ölkəmizdə dünya standartlarına cavab verən ət və süd emalı müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə beynəlxalq standartlara uyğun məhsul istehsal edilir. İstehsalçılar tarladan istehlakçıya qədər olan prosesdə keyfiyyətin idarə edilməsinə diqqəti artırmalıdırlar. Əhalinin ərzaq məhsulları ilə tam təminatına gəlincə qeyd etmək lazımdır ki, son illərdə adambaşına istehlak xeyli yüksəlib. Bununla yanaşı, ölkə əhalisinin sayı da artıb. Torpaq sahəsini isə genişləndirmək mümkün deyil. Bunun üçün kənddə yaşayan hər bir istehsalçı bilməlidir ki, ərzaq məhsulları istehsalının artırılması, adambaşına ət, süd, kartof, meyvə və tərəvəz istehlakının çoxaldılması həmişə əsas vəzifə kimi qarşıda durmalıdır.
Dövlət Statistika Komitəsinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafına dair göstəriciləri də ölkədə ərzaq təhlükəsizliyinə dair ardıcıl tədbirlər həyata keçirilməsindən xəbər verir. Belə ki, bu ilin əvvəlinə olan vəziyyətə görə, 938,4 min hektar taxıl sahəsinin 65,9 faizi biçilib döyülmüş və həmin sahələrdən 1268,8 min ton məhsul toplanmışdır. Hər hektardan orta hesabla 20,5 sentner məhsul götürülmüşdür.
Mövsümün əvvəlindən sahələrdən 245 min ton kartof, 280,1 min ton tərəvəz, 16 min ton ərzaq üçün bostan məhsulları, 61,5 min ton meyvə və giləmeyvə toplanmış, quru çəkiyə çevirməklə 29 ton tütün yarpağı yığılmışdır.
Heyvandarlıqda da müsbət nəticələr əldə edilmişdir. İyulun 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 1,7 faiz artaraq 2627,8 min başa, o cümlədən inək və camışların sayı 0,9 faiz artaraq 1260,2 min başa, qoyun və keçilərin sayı 0,9 faiz artaraq 8519,6 min başa çatmışdır. İribuynuzlu mal-qaranın 48 faizini inək və camışlar təşkil edir.
Dövlət Proqramının icra mexanizminin həyata keçirilməsi yaxın 3-4 ilə neft sektorundan asılılığı azaltmağa, ölkəmizdə əhalinin ərzaq təminatını yaxşılaşdırmağa və daxili istehsal hesabına özümüzü təmin etməyə imkan yaradacaqdır. Həm də Azərbaycan xaricə aqrar məhsullar ixracını xeyli artırmaqla valyuta mənbələrinə nail ola biləcək. Əhalinin ərzaq təminatının yaxşılaşdırılması əhalinin gəlirlərinin artırılmasına, mövcud ehtiyatlardan maksimum istifadə etməyə imkanlar yaradacaq. Eyni zamanda, sahibkar gəlirləri artırdıqca, onun sosial infrastrukturun yaxşılaşdırılmasına meyli də artacaq.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında