Neft-qaz sənayesinin infrastruktur imkanları genişləndirilir

Ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesinin infrastruktur imkanları ildən-ilə genişləndirilir, dənizdə və quruda yeni-yeni sosial və istehsal təyinatlı obyektlər inşa olunur. Məhz bunun nəticəsidir ki, son zamanlar ölkə üzrə neft və qaz hasilatına dair proqnoz tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirilir. Neft-qaz sənayesi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ARDNŞ-in “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir. Hazırda  Dövlət Neft Şirkətinin sifarişlərini vaxtında və yüksək keyfiyyətlə yerinə yetirən trest müxtəlif xarici və yerli şirkətlərlə də əməkdaşlıq edir.

 Ölkəmizin neft sənayesinin inkişafına mühüm töhfələr verən “Neftqaztikinti” Tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft, qaz və su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trestin tərkibinə müxtəlif profilli 15 müəssisə və Gürcüstan nümayəndəliyi daxildir. Trest “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə  adalarında və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif təşkilatların sifarişlərini yerinə yetirir. Neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı müxtəlif layihələri uğurla icra edən “Neftqaztikinti” Tresti 2002-ci ildən başlayaraq bir sıra beynəlxalq sertifikatlara layiq görülüb.

2013-cü ilin altı ayı ərzində trest tərəfindən 16 min 500 ton metal konstruksiya hazırlanaraq quraşdırılmış, 8042 kvadratmetr meydança təmir olunmuş, 1,8 kilometr estakada tikilmiş, 239 min 297 kvadratmetr asfalt örtüyü vurulmuşdur. Bundan əlavə, hesabat dövründə 160,5 kilometr yüksək gərginlikli elektrik ötürücü xəttləri, 14,2 kilometr sualtı, 53,6 kilometr quruda, 24,5 kilometr isə estakada və özüllərdə boru xəttləri çəkilmişdir. Cari ilin altı ayı ərzində trest tərəfindən əsaslı tikinti üzrə 128 milyon 966,5 min manatlıq, əsaslı təmir üzrə isə 54 milyon 504,6 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bütövlükdə isə ümumi podrat üzrə 183 milyon 471,1 min manatlıq iş həcmi yerinə yetirən trestin kollektivi bu sahədə 114,5 faizlik artım sürətinə nail olmuşdur.

İlin əvvəlindən ölkənin neft-qaz sənayesinin infrastruktur imkanlarının artırılmasına xidmət edən layihələrin icrası sürətlə davam etdirilmişdir.  Hazırda  “Azneft” İstehsalat Birliyi üzrə hasil edilən neft və qazın xeyli hissəsi “Günəşli” yatağının payına düşür. Həmin yatağın istismarını həyata keçirən “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə ilin əvvəlindən burada bir sıra tikinti-quraşdırma və təmir işləri həyata keçirilmişdir. Belə ki, bu ilin birinci yarısında trestin kollektivi tərəfindən  13 saylı dərin dəniz özülünün əlavə iki quyunun qazılması üçün yenidən qurulması, buradakı 2 və 6 saylı dərin dəniz özüllərinin kompleks əsaslı təmiri işləri, eləcə də  “Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özülünün tikintisi sürətlə davam etdirilmişdir.

Azərbaycanda ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağı uzun illər istismar edilməsinə baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, son illər Dövlət Neft Şirkəti tərəfindən adıçəkilən yatağın infrastruktur imkanlarının artırılmasına xüsusi diqqət yetirilir. Cari ilin ötən dövründə trestin inşaatçıları “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 saylı dərin stasionar platformasının və 2A saylı iriləşdirilmiş neft-yığım məntəqəsinin tikintisi, həmçinin  BM-2-5A arası estakadanın, 683 saylı estakadayanı meydançanın və 203 saylı estakadanın əsaslı təmiri ilə bağlı mühüm işlər görmüşlər. Bundan əlavə, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə 1 və 3 saylı neft-yığım məntəqələrini bir-biri ilə, eləcə də Daşgildəki məntəqə ilə birləşdirən neft boru xəttinin çəkililişi də uğurla davam etdirilmişdir.

İlin ötən dövründə “Abşeronneft” NQÇİ-nin sifarişçisi olduğu layihələrin icrası sahəsində də geniş miqyaslı tikinti-quraşdırma və əsaslı təmir işləri görülmüşdür. “Abşeronneft” NQÇİ-nin yığım-nəql sisteminin yenidən qurulması, “Darvin bankəsi” yatağında 8 istismar quyusunun qazılması üçün 740 saylı və “Qərbi Abşeron” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 20 saylı stasionar dəniz özüllərinin tikintisi işləri məhz bu qəbildəndir.

Son illər ölkənin qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi sahəsində də bir sıra uğurlu layihələr icra olunur. “Neftqaztikinti” Trsesti ilin ötən dövründə həmin layihələrin podratçısı kimi də bir çox uğurlara imza atmışdır. Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsinin sifarişi ilə “Qazıməmməd-Qazax magistral qaz kəmərindən Mingəçevir qazpaylayıcı stansiyasına  gedən magistral qaz kəməri qolunun tikintisi”, “Altıağac-Ağsu magistral qaz kəmərinin 17-26-cı kilometrlik hissəsinin əsaslı təmiri”, Neft Kəmərləri İdarəsinin sifarişi ilə “Şimal ixrac boru kəmərinin 57-60-cı kilometrlik hissəsinin əsaslı təmiri” və digər layihələr bu baxımdan diqqəti cəlb edir.

Cari ilin ötən dövründə ölkəmizin neft sənayesi üçün son dərəcə vacib olan bir sıra istehsalat təyinatlı obyektlər istismara verilmişdir. “Neft Daşları” mədəngeofizika ekspedisiyasının bazası, yeni qaz-turbin elektrik stansiyası  üçün meydança, köməkçi bina və qurğular da məhz “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuşdur.

Trest həmçinin müxtəlif xarici və yerli şirkətlərlə məqsədyönlü əməkdaşlıq etməklə öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir. 2011-ci ilin sentyabr ayında ölkə Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş və Cənubi Qafqaz regionunda unikal layihə hesab olunan Bakı Gəmiqayırma Zavodunun inşası trestin “Sənayetikinti” İdarəsi tərəfindən həyata keçirilir. Layihə hazırda nəzərdə tutulmuş tikinti qrafiki üzrə uğurla icra olunur və cari ilin sentyabr ayında obyekt sifarişçi təşkilat olan “Bakı Gəmiqayırma Zavodu” MMC-yə təhvil veriləcək. Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin hazırlanması ilə bağlıdır.

Yeri gəlmişkən, trest ilin ötən dövründə “MakDermott”, “Saipem” Asia və “Heavy Crane” FZE şirkətlərinin Azərbaycan filialları, “Caspian Pipe Coatings” MMC, “Nobel Oil”, “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Ltd”, “Gürcüstan Neft və Qaz Korporasiyası” SC və digər bu kimi beynəlxalq şirkətlərlə  əməkdaşlığı davam  etdirmişdir.

“Neftqaztikinti” tresti ölkə hüdudlarından kənarda da öz fəaliyyətini getdikcə genişləndirir. Belə ki, 2006-cı ildən trestin Gürcüstan nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik Gürcüstan ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Cari ilin may ayında nümayəndəlik “Gürcüstan Neft və Qaz Korporasiyası” SC-nin sifarişinə əsasən, “Abaşa-Senaki qaz xəttinin 29 kilometrlik hissəsinin tikintisi” və “SOCAR GEORGIA GAS” MMC-nin sifarişi ilə   “Bolnisi rayonunun Talavani (Faxralı) kəndinin qazlaşdırılması” və “Marneuli rayonunun Keşəli kəndinin orta təzyiqli qaz xətlərinin tikintisi” layihələrini yekunlaşdırmışdır. Bütövlükdə isə nümayəndəlik tərəfindən ötən müddətdə  soydaşlarımızın kompakt yaşadığı 11 kəndin qazlaşdırılması işləri başa çatdırılaraq sifarişçiyə təhvil verilmişdir.

Hazırda Dövlət Neft Şirkəti tərəfindən neft-qaz sənayesində yeni texnologiyaların tətbiqinə xüsusi diqqət göstərilir. Bu məqsədlə “Neftqaztikinti” Trestinin rəhbər və mühəndis-teniki işçiləri bir sıra Avropa ölkələrində xidməti səfərlərdə olmuş və beynəlxalq neft-qaz sərgilərində iştirak etmişlər. Yeri gəlmişkən, “Azneft” İB-nin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən ötən il tikintisi başa çatdırılmış “Daşgil-Kənizdağ  yüksək təzyiqli qaz xəttinin tikintisi” obyekti üzrə yarımavtomat və avtomat qaynaq üsulu tətbiq edilmişdir. Xatırladaq ki,  yeni texnologiyanın tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasını, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasını, qaynaq birləşmələrinin mexaniki xassələrinin sabit və keyfiyyətliliyini,  qaynaqçının fiziki yüklənməsinin azalmasını təmin edir. Hazırda yarımavtomat və avtomat qaynaq üsulu trest tərəfindən uğurla tətbiq edilir.

Ötən müddətdə neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi sahəsində yüksək uğurlara imza atmış “Neftqaztikinti” Trestinin əmək kollektivi əldə olunan nailiyyətləri ilin sonuna kimi daha da artırmaq əzmindədir.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında