Azərbaycan Prezidenti İlham Əliyev son 10 il ərzində respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda reallaşdırılan bütün tədbirlər məhz vətəndaşların rifahına, firavanlığına, sosial şəraitinin yaxşılaşmasına hesablanmışdır.
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, sosial məsələlərin həlli həmişə prioritetdir. Əgər belə olmasaydı, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşməzdi. Bu da neft-qazla zəngin olan ölkələr üçün çox əlamətdar bir göstəricidir. Çünki neft-qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Bizim sosial-iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadın qarşısını almışdır.
Ölkə rəhbəri demişdir: “ Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq...”.
Bu ilin ötən ayları iqtisadi sahədə artımla yanaşı, sosial sferada qazanılan uğurlarla da əlamətdardır. Həyata keçirilən inkişaf strategiyası sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə paralellik təşkil edir. Dərindən düşünülmüş sosial siyasət nəticəsində bu il də əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində, sosial təminat müəssisələrində, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat qurumlarında, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalaması bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.
Son 10 ilin yekunları, həm də deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə ölkə rəhbərinə ən böyük dəstək xalqdan, taleyini yenidən İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Xalqımız İlham Əliyevi dinamik inkişafın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün, sosial şəraitin, rifahın qarantı hesab edir. Eyni zamanda, dövlət başçısına tam güvənir, respublikanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanın parlaq sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.
Ümumiyyətlə, ötən illərin reallıqları ondan ibarətdir ki, davamlı inkişaf dövlətin sosial siyasətinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər bu sferada dinamik inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açmışdır. Bununla yanaşı, artıq respublikamız iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsinə qədəm qoymuşdur ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var. Bunun bariz nümunələrindən biri yuxarıda qeyd etdiyimiz kimi, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmasıdır.
Yazını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun 16-da Qaxda Olimpiya İdman Kompleksinin açılışında dediyi sözlərlə tamamlamaq istərdik: “Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət isə o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz buna çalışırıq...”.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.