Prezident İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində, sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında 20 avqust 2013-cü il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən adları sadalanan sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.
Ayrı-ayrı sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması mütəmadi xarakter daşıyır. Bu, təsadüfi deyil. Çünki Azərbaycanın elmi təməl üzərində qərar tutan sosialyönümlü inkişaf strategiyası insan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək, hər bir vətəndaşın mənafeyini, sosial müdafiəsini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. Hazırda vətəndaşların etibarlı sosial müdafiəsi bu siyasətin prioritet xəttinə çevrilmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində “sosial dövlət” konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda məhz əhalinin rifahı və firavanlığı məsələsini daim diqqət mərkəzində saxlamışdır. Artıq Azərbaycanın insan inkişafı sahəsində mühüm uğurlar qazanmasını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Birləşmiş Millətlət Təşkilatı (BMT) İnkişaf Proqramının açıqladığı “İnsan İnkişafı Hesabatı” respublikanın insan inkişafı indeksinə görə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləmişdir. Xatırladaq ki, insan inkişafı indeksi 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən mətbuatda yayımlanan və dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu indeks əhalinin rifahını ümumi daxili məhsuldan daha geniş ehtiva edir və insan inkişafının üç meyarını özündə birləşdirir: uzun və sağlam ömür; təhsil səviyyəsi; layiqli yaşayış standartları. Sözügedən indeks həm də insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.
Dövlət büdcəsindən əhalinin sosial şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının yüksəldilməsi məqsədilə ayrılan vəsaitin ildən-ilə artırılması da ölkədə vətəndaşlara dövlət qayğısının bariz ifadəsidir. “Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən sosial-iqtisadi sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəltməliyik”, - deyən Prezident İlham Əliyev ötən 10 il ərzində həmin sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır.
Ümumiyyətlə, son 10 ildə ölkəmizdə əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması daim diqqət mərkəzində olmuşdur.Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində bununla bağlı demişdir: “...Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır...”.
Ölkəmizdə məşğulluq probleminin uğurlu həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirilərək o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu tendensiya indi də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə 55 min yeni iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, sosial-iqtisadi sahələrdə əldə olunan inkişafla Azərbaycan artıq qüdrətli dövlətə çevrilmək ərəfəsindədir. Artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş, regionda ümumi gəlirin 75 faizi respublikamızın üzərinə düşür. Bütün bunlar ölkədə aparılan düşünülmüş siyasətlə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru addımladır.
Bu, Azərbaycanın ildən-ildən artan büdcəsində də özünü göstərir. Cari ilin büdcə layihəsində ümumi daxili məhsulun 5,3 faiz artımı dünya iqtisadiyyatını, ümumilikdə götürdükdə orta artım tempini iki dəfə üstələyir. Xatırladaq ki, Ermənistanın bu il üçün büdcə gəlirlərinin həcmi 2,2 milyard dollar, xərcləri isə 2,5 milyard dollar həcmində müəyyənləşdirilmişdir. Düşmən ölkə ilə Azərbaycanı müqayisə etdikdə böyük fərqin ortaya çıxdığının şahidi oluruq. Bütün bunlar isə 2003-cü ildən sonra Azərbaycanın sürətli inkişafını xarakterizə edən ən mühüm göstəricidir.
İnkişaf proseslərində mühüm əhəmiyyət daşıdığı üçün dövlət büdcəsinin formalaşdırılmasına və icrasına nəzarət də ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Son illərdə respublikamızın dövlət büdcəsi də iqtisadi inkişafla mütənasiblik təşkil edərək sürətlə artmışdır. Hazırda Cənubi Qafqazda bütün sahələrdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir. Bir faktı xüsusilə qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi kurs nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri xeyli artmışdır.
Büdcədən danışarkən, bir məqamı da qeyd etmək istərdik. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına mühüm şərait yaratmışdır. Dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlülüyü daim diqqət mərkəzində saxlanılır, əhalinin gəlirlərinin, pensiyaların artırılmasına mühüm əhəmiyyət verilir.
İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun real artımı 11,7 faiz proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyindən, əhalinin sosial şəraitinin daha da yüksələcəyindən xəbər verir.
Proqnozlara əsasən, 2013-2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ÜDM-nin tələb komponentlərinin iqtisadi artıma müsbət töhfəsini reallaşdıracaqdır. 2013-cü ildə iqtisadi artım 5,3 faiz, sonrakı üç ildə isə orta illik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da əsasən daha dinamik qeyri-neft sektoru təmin edəcəkdir. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ÜDM-də payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaqdır.
Ümumiyyətlə, yeni yüzilliyin əvvəlindən ÜDM-nin yüksək sürətlə artması ölkəmizin maliyyə imkanlarının genişlənməsini, büdcə gəlirlərinin daha da sürətlə artmasını təmin etmişdir. Artıq 10 ilə yaxındır ki, büdcə gəlirlərinin artması ÜDM artımını üstələyir. Bu meyil 2013-cü il üçün də nəzərdə tutulur. Belə bir tendensiya müasir dövr, daha dəqiq, müəyyən mərhələ üçün obyektiv zərurətdir, dövlət büdcəsinin ölkənin sosial-iqtisadi inkişafında rolunun yüksəlməsini xarakterizə edir. Xatırladaq ki, 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 17 faiz idisə, 2013-cü ildə isə 34,2 faiz olacaqdır. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idisə, 2013-cü il üçün bu rəqəm 2037 manat nəzərdə tutulmuşdur. Onu da xatırladaq ki, yeni əsrin əvvəlində Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar idi. 2013-cü ildə isə büdcənin gəlir və xərcləri 24,4-25,2 milyard dollar civarında müəyyənləşdirilmişdir. Bu da müstəqil Azərbaycan dövlətinin çox mühüm tarixi nailiyyətlərindən biridir. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onilliklərdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıracaqdır.
Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır. Məhz elə həmin vəzifələrə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı sahələrində çalışan işçilərin aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.