Respublika Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin son illər ölkə iqtisadiyyatının sürətli inkişafına təkan verdiyi göz qabağındadır. Qeyri-neft sektoruna göstərilən diqqət, aparılan islahatlar Azərbaycanın bu sahədə də öz sözünü deməsi üçün şərait yaradır. Bunun nəticəsidir ki, iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri olan qara metallurgiya son illər yüksək inkişaf tempi ilə seçilməkdədir.
Yeni layihələrin həyata keçirilməsi, istehsal edilən məhsulların çeşidinin artırılması, daxili bazarda keyfiyyət əmsalının yüksəkliyi, ixrac edilən məhsulların ildən ilə çoxalması, əcnəbi şirkətlərin ölkə daxilindəki zavodlarla sıx ünsiyyətə can atması metallurgiya sahəsində illər öncə yaranmış durğunluğun artıq geridə qaldığını bir daha sübut edir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda metal məhsullarının əsas istehsalçısı olan “Baku Steel Company” MMC dinamik inkişafı ilə diqqət mərkəzindədir. Zavodda aparılan islahatlarla bağlı söhbətimiz zamanı müəssisənin sahibi Rasim Məmmədov hazırda zavodda dünya standartlarına cavab verən nəhəng laboratoriyanın qurulduğunu bildirdi. İstehsal, keyfiyyət, eləcə də texnoloji göstəricilərinə görə Zaqafqaziyada lider olan BSC-nin Almaniya, İtaliya, İspaniyadan gətirilmiş müasir avadanlıqlarla təchiz edildiyini söyləyən R.Məmmədov BSC-də aparılan yenidənqurma işlərinin sona çatmaq üzrə olduğunu, bu ilin 25 sentyabr tarixində illik istehsal gücünün 1 milyon 100 min ton olması nəzərdə tutulan yenidən qurulmuş zavodun istifadəyə veriləcəyini dedi.
R.Məmmədov göstərilən səylərə baxmayaraq, ölkədə metallurgiya sahəsində də bəzi problemlərin olduğunu qeyd etdi. Onun sözlərinə görə, hazırda respublikaya idxal olunan metallurgiya məhsulları əsasən Gürcüstan, Ukrayna və digər ölkələrdən gətirilir: - “Nəzərə alsaq ki, adıçəkilən ölkələrdə sənaye müəssisələrinin əksər hissəsinin inşası və avadanlığı sovetlər dövrünə aiddir və indiyə kimi də həmin müəssisələrdə istehsal zamanı domna sobalarından istifadə olunur. Müqayisə zamanı görərik ki, bizdə məhsul istehsalı daha müasir texnologiyalar, ən yüksək tələblərə cavab verən avadanlıqlarla aparılır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən Rustavi Metallurgiya Zavodu keçmiş zamanlarda Daşkəsən Filizsaflaşdırma Kombinatından Gürcüstana aparılan filizin tullantılarından hal-hazırda armatur istehsal edir. Ən ucuz ferrobirləşmələrdən istifadə edilərək aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edib, nəqliyyat xərcləri az olduğuna görə daha ucuz qiymətlərlə Azərbaycana ixrac edir. Gürcüstanın Qara dəniz vasitəsilə dünya okeanına birbaşa çıxışı olduğunu nəzərə alsaq, istehsal olunan məhsul keyfiyyətli olduğu halda dünya bazarlarına çıxarılması daha məqsədəuyğun olardı.
Lakin buna baxmayaraq, bəzi dövlət məmurları və biznes adamları idxal məhsullarının yerli istehsalla müqayisədə daha keyfiyyətli olduğunu bildirirlər. Regionda ən böyük metallurgiya şirkətinin rəhbəri olaraq əminliklə bildirirəm ki, bu fikirlər tamamilə absurddur. Hər hansı bir ölkədən gətirilməsindən və ya yerli məhsul olmasından asılı olmayaraq tikinti sektorunda istifadə olunan metal məhsulları, eləcə də tikinti armaturları dünyada qəbul olunan standartlara uyğun şəkildə ərsəyə gətirilməlidir. Bizim təqdim etdiyimiz tikinti armaturları da dünya ölkələri tərəfindən qəbul olunmuş GOST uyğunluq sertifikatlarına malikdir, tam olaraq müasir standartlarına cavab verir və məhsulun keyfiyyət dərəcəsi dünyaca məşhur Almaniyanın BAM şirkətində yoxlanıb təsdiqlənmişdir. Həmçinin heç bir keyfiyyət fərqinin olmadığı halda, yerli bazarda Ukrayna və Rusiyadan gətirilən tikinti armaturunun satış qiyməti 780-820 AZN civarında dəyişsə də, BSC-nin istehsalı olan eyniadlı məhsul müştəriyə 680 AZN dəyərində təklif olunur. Belə olan halda, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi zamanı idxal məhsullarına üstünlük verilməsi məqsədəuyğun deyil və bu məsələnin hələ də dəyişməz olaraq qalmasını anlamaq çətindir... Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, istehsal etdiyimiz bütün metal məhsullarımız keyfiyyət etibarilə dünya standartlarına tam uyğundur və ixrac siyasətimiz zamanı bir daha əmin oluruq ki, əksər əcnəbi ölkələrdə bizim məhsullara tələbat böyükdür, ildən-ilə də artmaqdadır".
R.Məmmədov buna baxmayaraq, ölkədə hələ də standartlardan kənar dəmir məmulatlarının istehsalıyla məşğul olan qanunsuz sexlərin mövcud olduğunu da təəssüflə qeyd etdi. “Heç bir rəsmi icazəsi olmayan belə sexlər metallurgiya sənayemiz üçün qara ləkədir və ən acınacaqlısı odur ki, adıçəkilən yerlərdə istehsal olunan məhsullar yerli bazarda istehlakçılara BSC-nin adından təqdim olunur. Tikinti layihələrini həyata keçirərkən belə kiçik sexlərin keyfiyyətsiz məhsullarından istifadə edən şirkətlər bunun gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini anlamalıdırlar” - faktını vurğulayan müəssisə sahibi respublikada həyata keçirilən böyük layihələrin icrası zamanı əcnəbi şirkətlərin belə məhsullarla qarşılaşdığını, bunun isə onlarda yerli məhsullar haqda xoşagəlməz təəssürat formalaşdırdığını bildirdi. Xarici şirkətlər metal məhsullarının öz ölkələrindən gətirilməsinə üstünlük verir. Baş verən bütün bu prosseslər ölkədən külli miqdarda valyutanın xarici ölkələrə getməsinə, ölkəmizdə lazımi keyfiyyətli məhsul istehsal olunduğu halda eyniadlı məhsulların gərəksiz yerə idxal edilməsinə səbəb olur. Bütün bunlar birbaşa Azərbaycanda qeyri neft sektorunun əsas dayağı olan metallurgiya sənayesinin lazımi inkişafına birbaşa öz mənfi təsirini göstərir.
Yuxarıda qeyd olunan müəyyən problemlərin olmasına baxmayaraq, Baku Steel Company MMC-nin yüksələn istiqamətdə inkişafa iddialı olduğunu söyləyən R.Məmmədov bir neçə gün öncə BSC ilə Almaniyanın “Siemens VAİ” şirkəti arasında Hövsan limanında yeni metallurgiya zavodunun tikilməsi ilə əlaqədar müqavilə imzalandığını dedi. Dəyəri 100 milyon avro olan müqavilənin şərtlərinə görə dünyanın ən qabaqcıl texnologiyalarına əsasən tikiləcək zavodda fasiləsiz tökmə maşınından istifadə ilə illik istehsal gücünün 750 min tona çatdırılması nəzərdə tutulur. Hövsan metallurgiya zavodunda 130 mm - 260 mm ölçülü kvadrat pəstahlarının, eləcə də gələcəkdə “Azərboru” ASC-də xammal kimi istifadə olunacaq, diametri 110 mm-350 mm olan boru pəstahlarının istehsalı planlaşdırılır. R.Məmmədov zavodda metal qırıntıları ilə yanaşı, DRİ-ın da xammal kimi istifadə olunacağını bildirərək, yüksək keyfiyyət əmsalına malik olacaq bu yeni istehsal məhsullarının gələcəkdə dünya ölkələrinə ixracının da həyata keçiriləcəyini qeyd etdi. Zavodun fəaliyyətə başlaması ilə 1000-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur. Məlumat üçün deyək ki, Hovsan Metallurgiya Zavodunun yerləşdiyi Hövsan limanının təmirinin bu yaxınlarda başa çatdırılması və istifadəyə verilməsi planlaşdırılır.
Müəssisə rəhbəri ikinci böyük layihə olan - Gəncə Daşkəsən layihəsinin bu ilin oktyabr ayında reallaşdırılacağını da dedi. Dəyəri 1 milyard 200 milyon avro olan bu layihəyə əsasən illik istehsal gücü 3 milyon ton olacaq zavodun tikilməsi və 100 mindən çox iş yerinin açılması nəzərdə tutulur.
Söhbətin sonunda əsas məqsədin illik istehsal əmsalının 4 milyon tona çatdırılması olduğunu qeyd edən R.Məmmədov respublika sənayesinin inkişafına xidmət edən nəhəng layihələrin davamlı olacağını bildirdi.
“Baku Steel Company” MMC-nin mətbuat xidməti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.