2013-cü ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir ki, bunun da nəticəsində ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 3484,7 manat (4441,3 ABŞ dolları) təşkil etmiş və 3,7 faiz artmışdır.
ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,7 faizi sənayedə, 10,8 faizi tikintidə, 5,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 54,8 faiz təşkil etmişdir. Neft-qaz hasilatı və emalı sahələrində ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz az əlavə dəyər istehsal edilmişdir.
Cari ilin yeddi ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 33,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,2 faiz, informasiya və rabitə xidmətlərində 6,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,2 faiz, sosial və digər xidmət sahələrində 3 isə faiz artmışdır.
Nəqliyyat, informasiya və rabitə sektorunda işləyənlərin sayı və əmək haqqı
2013-cü ilin yanvar-iyun aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə onu demək olar ki, cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,3 faizi dövlət müəssisələrində, 27,7 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 52,9 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir. 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 8,3 faiz artaraq 523,3 manat olmuş, bu göstərici hava nəqliyyatında 817,9 manat, dəniz nəqliyyatında 711,1 manat, avtomobil nəqliyyatında 488,4 manat, dəmir yolu nəqliyyatında isə 242,0 manat təşkil etmişdir. Əmək haqqı dəmir yolu nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 12,1 faiz, dəniz nəqliyyatında isə 6,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 665,9 manat olmuşdur.
Əhalinin gəlirləri
2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyərək 5,8 faiz olmuşdur.
Bu dövr ərzində gəlirlərin 68,9 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlirlər 17,2 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2 faiz artmışdır.
Sənayenin işi haqqında
Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-iyul aylarında 19,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 3,4 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Yeddi ay ərzində 25,5 milyon ton neft, 10,3 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
“İpək yolu”nun fəaliyyəti
2013-cü ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 29 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox yük, 138,7 milyon nəfər və ya 7,3 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 45,7 faizi avtomobil, 36,3 faizi dəmir yolu, 18 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 6,5 faiz, dəmir yolu nəqliyyatında 1,9 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 25,8 faizini və ya 7,5 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 226,3 milyon manat, sərnişin daşınmasından isə 46,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 5,9 faiz və 14,5 faiz artmışdır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.