Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illik yubileyi qeyd edilmişdir

Avqustun 19-da Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev zavodun tədrici kokslaşma qurğusuna baxış keçirmiş və qurğuda yeni layihə olan kompressor stansiyasını işə salmışdır.

Sonra tədbir zavodun mədəniyyət evində davam etdirilmişdir.

Zavodun baş direktoru Elman İsmayılov bildirmişdir ki, istismara buraxılma tarixi 50-ci illərə təsadüf edən bu müəssisə 60-cı illərdən başlayaraq keçmiş Sovet İttifaqının, həmçinin respublikamızın əsas aparıcı istehsalat sahələrindən hesab edilməklə xalq təsərrüfatının bütün sahələrin inkişafında misilsiz xidmətlər göstərmişdir. Ötən əsrin 60-cı illərinin sonlarında dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başlaması zavodun inkişafının ikinci mərhələsinin əsasını qoymuşdur. Bu dövrdə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi böyük qayğı nəticəsində zavodun modernləşdirilməsi proqramında nəzərdə tutulmuş texnoloji qurğular bir-birinin ardınca tikilib istifadəyə verilmişdir. Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1976-cı ildə hazırda zavodda istismarda olan, 6 milyon ton məhsuldarlığa malik ED-AVQ-6 qurğusu tikilib istismara buraxılmışdır.

Vurğulanmışdır ki, avtomobil benzinlərinin keyfiyyətində böyük dönüş yaratmış katalitik riforminq qurğusunun layihəsi 1980-ci ilin dekabrında ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və köməyi ilə ABŞ-ın “UOP” firmasının texnologiyası əsasında Fransanın “Litvin” firması tərəfindən yerinə yetirilmişdir. Məhsuldarlığı ildə bir milyon ton, oktan ədədi tədqiqat üsulu ilə 100 olan yüksək oktanlı benzin komponenti istehsal edən katalitik riforminq qurğusu vaxtaşırı olaraq avadanlıqların yenilənməsi, baş mütəxəssislərin səyi və yüksək texniki personalın fəaliyyəti sayəsində artıq 33 ildir istismardadır.

Qeyd olunmuşdur ki, ötən il zavodda 5737,2 min ton xammal emal edilmişdir. Bunlardan 4002,5 min ton xam neft, 1726,7 min ton “Azərneftyağ” neft-emalı zavodundan qəbul edilən yarımfabrikat və 8 min tona yaxın “Azərikimya” İstehsalat Birliyindən daxil olan ağır piroliz qətranı olmuşdur. Emal olunmuş xammalın tərkibində neftin həcmi 69,8 faiz təşkil etmişdir.

Cari ilin birinci yarısında isə zavodda 2147,5 min ton neft və 926,3 min ton kənardan daxil olan yarımfabrikat, ümumilikdə 3073,8 min ton xammal emal edilmişdir. Ümumi daxil olan xammala görə emal tapşırığı zavod üzrə 102,2 faiz icra edilmişdir.

Hesabat dövründə neft məhsullarının ümumi çeşidləri üzrə istehsal planı 102,4 faiz yerinə yetirilmişdir. Neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 224,3 min ton çox olmuş, bu göstərici üzrə artım 9,2 faiz təşkil etmişdir.

Cari ilin əvvəlindən indiyədək müəssisədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 247,3 min ton çox ümumi xammal emal edilmişdir. Bu göstərici üzrə artım 8,7 faiz təşkil etmişdir. Zavodda ötən ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 2,6 faiz artmışdır.

Xam neftin emalı nəticəsində zavodda 15 adda neft məhsulları istehsal olunur. Eyni zamanda, müəssisə respublikamızın yanacaq məhsuluna olan daxili tələbatını tam ödəyir. Satılan məhsulların 30 faizdən çoxu isə xarici ölkələrə ixrac edilir. Ümumiyyətlə, zavodun 60 illik fəaliyyəti ərzində burada 308 milyon ton müxtəlif çeşidli xam neftin emalı aparılmışdır.

Bildirilmişdir ki, dünyada neftin səmərəli emal olunmasını xarakterizə edən əsas göstərici – neftin emal dərinliyinin artmasıdır. Hazırda zavod bu göstərici üzrə 2006-cı ildəki 61 faizlik həddi aşaraq, cari ilin əvvəlində 92 faizə çatdırmışdır.

 Hazırda zavodda işçilərin orta aylıq əmək haqqı 700 manat təşkil edir. Son illərdə müəssisənin 500 nəfər işçisi “Neftayıranlar məhəlləsi”ndə onlar üçün inşa olunmuş 7 yaşayış binasında yeni mənzillərlə təmin edilmişdir.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək bildirmişdir ki, Heydər ƏIiyev adına Bakı neft emalı zavodu təkcə ölkənin sosial-iqtisadi inkişafında deyil, o cümlədən Nizami rayonunun da iqtisadiyyatında aparıcı mövqeyə malikdir. İcra hakimiyyətinin başçısı zavodun kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmiş və onlara daha böyük uğurlar arzulamışdır.

Sonra çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, hazırda ölkəmizdə yeni neft və qaz strategiyasının reallaşması istiqamətində mühüm işlər görülür, layihə və proqramlar həyata keçirilir. Bütün bu işlərdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun da öz yeri vardır. 1953-cü ildən indiyədək böyük təkamül yolu keçmiş zavod bu gün özünün nəhəng, müasir qurğuları ilə əhatə olunmuş, gündən-günə abadlaşan, yeniləşən sənaye kompleksinə çevrilmişdir.

Tədbirdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə neft sənayesindəki səmərəli fəaliyyətlərinə görə təltif olunmuş işçilərə “Şöhrət” ordeni (bir nəfər), “Tərəqqi” medalı (beş nəfər) və “Əməkdar mühəndis” fəxri adı (bir nəfər) təqdim edilmişdir.

Sonda zavodun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

AzərTAc

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında