İlham ƏLİYEV: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

İnsan amili Azərbaycanda prioritet məsələdir. Mən hələ 10 il bundan əvvəl demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində bu istiqamətdə istədiyimizə nail ola bilmişik. İnsanların rifahı artır, sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır, onun beynəlxalq əlaqələri genişlənir, dostlarının sayı artır. Son illər ərzində ölkədə doğrudan da, böyük işlər görülmüşdür. Bütün bu qazanılmış uğurlar isə dövlət başçısı tərəfindən aparılmış düzgün siyasət və Azərbaycan xalqının böyük zəhməti hesabına əldə edilmişdir.

Biz ətrafında toqquşmalar, qarşıdurmalar, müharibələr gedən bir bölgədə yaşayırıq. Ölkəmiz dövlət başçısı tərəfindən güclü və müstəqil siyasətlə qorunur. Azərbaycan Prezidentinin səyi ilə respublika daxilində aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində ölkəmizi gücləndirir. İyirmi ildir ki, Azərbaycanda sabitlik, ictimai asayiş qorunur, möhkəmlənir. Bu gün Azərbaycan dünya xəritəsində nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə, həm bölgədə, eyni zamanda, ölkə daxilində çox müsbət istiqamətdə inkişaf edir, irəliyə gedir. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Aydındır ki, hər bir ölkənin inkişafı üçün də əsas şərt məhz sabitlikdir, əmin-amanlıqdır, təhlükəsizlikdir. Azərbaycan dövləti tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə ölkə başçısının rəhbərliyi ilə Azərbaycan xalqı yaratmışdır. Bu gün Azərbaycan dünya miqyasında ən yüksək reytinqlərə malikdir. Biz dünyanın aparıcı ölkələri sırasındayıq və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdəyik. Bu, böyük nailiyyətdir.

Keçid dövrünü başa vurmuş Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir – istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə baxılır, onun müsbət məqamları seçilir, sosial siyasətimiz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırılır və ona uyğunlaşdırılır.

Azərbaycanda iqtisadiyyat son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunsa da, çox güclü sosial siyasət də aparılır. Sosial məsələlərə diqqət yetirilməyən ölkələrdə isə böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Hətta son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, sosial layihə ixtisar edilməmiş, əksinə, maaşlar, pensiyalar qaldırılmış, sosialyönümlü investisiyalara vəsait ayrılmışdır. Artıq yoxsulluğun səviyyəsi aşağı düşmüş, əməkhaqları və pensiyaların məbləği artırılmışdır. İndi orta aylıq əməkhaqqı 520 dollar səviyyəsindədir, orta pensiyanın məbləği 170 manata çatdırılmışdır. Bu hələ son deyil. Bu rübdə də maaşlar, pensiyalar artırılacaq. Təcrübələr onu göstərir ki, bəzi hallarda aparılan islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün məhz güclü sosial siyasət olmalıdır. Yəni iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır. Son illərdə aparılan uğurlu sosialyönümlü islahatlar nəticəsində və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda məktəblər tikilmiş, təmir edilmişdir. Əsaslı təmirdən sonra istifadəyə verilən səhiyyə obyektləri dəqiq müayinə və düzgün müalicəyə xidmət edən son dərəcə müasir aparat və avadanlıqla təchiz olunmuşdur.

Son 10 ildə ölkəmiz gündən-günə inkişaf edir, dünya miqyasında öz şöhrətini, nüfuzunu, qüdrətini daha da artırır. Azərbaycan vətəndaşının rahat yaşaması, hüquqlarından maneəsiz istifadə etməsi üçün hər cür şərait, imkan var. Son dövr yaradılmış “ASAN xidmət” qısa müddət ərzində geniş əhali kütləsinin rəğbətini qazanmışdır. Bu xidmətdən insanlarımız bölgələrdə də faydalanır, ən xırda problemlərini belə qısa vaxtda operativ, ən başlıcası şəffaf şəkildə həll edirlər. Bütün bunlar bir reallıqdır. Bu reallıq məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə əldə edilmişdir.

Avqustun 7-də Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: “İnsan amili Azərbaycanda prioritet məsələdir. Mən hələ 10 il bundan əvvəl demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində bu istiqamətdə istədiyimizə nail ola bilmişik. İnsanların rifahı artır, sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Azərbaycan Prezidentinin fikri belədir ki, son illər ərzində bu istiqamətdə nailiyyətlər kifayət qədərdir. Gələcək illərdə bu işlər sistemli şəkildə davam etdiriləcək. Çünki hələ görüləsi işlər çoxdur. Ölkədə həm iqtisadi sahədə, həm də sosial məsələlərin həllində bundan sonra da islahatlar aparılacaq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır.

Ölkədə quruculuq, abadlıq işlərinin çox gözəl bir ab-hava yaratmasını qeyd edən Prezident bildirir ki, “Hər bir rayonda belə quruculuğa, inkişafa olan istək, meyil çox güclüdür. Elə bil ki, rayonlar bir-biri ilə yarışa çıxıblar və bu, sağlam rəqabətdir. Bölgələr, rayonlar, şəhərlər abadlaşır. Yəni, ölkəmizin təcrübəsi hesab edirəm ki, keçid dövründə yaşayan ölkələr üçün də vacibdir. İstənilən sahədə - iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən proseslər, birlik, həmrəylik, milli-dini tolerantlıq. Azərbaycan bir çox məsələlərlə bağlı nümunə göstərir”. Dövlət başçısının əsas məqsədi ölkəmizi gücləndirmək, insanların yaxşı, normal yaşamasını təmin etməkdir. Əlbəttə ki, bu məqsədə çatmaq üçün həyata keçirilən layihələr xüsusi yer tutur.

Azərbaycan dövlətinin infrastruktur layihələri arasında içməli su və kanalizasiya problemləri, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrlərdə digər infrastruktur layihələri uğurla icra edilmişdir. Onların böyük əksəriyyəti, demək olar ki, başa çatmışdır, o cümlədən magistral yolların tikintisi. Hazırda bölgələrdə kənd yollarının tikintisi gedir. Buna həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaqdır. Bu layihələrin arasında içməli su layihəsi, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti əlindən gələni edir. Ramazan bayramı ərəfəsində—avqustun 7-də Kürdəmirdə 22 min əhaliyə içməli təmiz bulaq suyunun verilməsi, avqustun 14-də İsmayıllıda əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması, Oğuzda 50 min əhalinin içməli suya olan təlabatının ödənilməsi, avqustun 16-da Qaxda 14 min nəfərin su təchizatı və kanalizasiya təlabatını ödəyəcək sistemin, avqustun 17-də isə Zaqatalada 48 min nəfərə xidmət edəcək su sistemininin işə salınması, insanlara, onların ailələrinə necə böyük sevinc, fərəh gətirmişdir. Azərbaycan Prezidentinin istəyi, məqsədi də məhz ölkə vətəndaşının gün-güzəranının yüksəlməsi, firəvan yaşayışının təmin olunmasıdır.

Demək lazımdır ki, ümumiyyətlə, içməli su layihələrinin icrası böyük vəsait hesabına başa gəlir. Ölkəmizdə bu vəsaitin əsas hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi kreditlər hesabına icra edilir ki, həmin kreditləri də Azərbaycan dövləti qaytarır. Azərbaycan Prezidenti Kürdəmirdəki çıxışında qeyd etmişdir: “Bir sözlə, bu layihələr sırf sosial məna daşıyır. Bu layihələrə qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla ölçüləcəkdir. Çünki ölkənin bütün su təsərrüfatı yenidən qurulur. Buraya qoyulan investisiyalar qayıdan investisiyalar deyildir. Çünki Azərbaycanda suya olan dövlət tarifləri çox aşağıdır və qoyulan investisiyaları əhalidən yığılan tariflər hesabına qaytarmaq mümkün olmayacaqdır. Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri daşıyır. Amma Azərbaycanda infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Avtomobil yolları, qazlaşdırma, su layihələri, kənd yolları - bunları dövlət insanların rahat, normal yaşaması üçün edir”.

Kürdəmirdə, eləcə də Oğuz, İsmayıllı, Qax, Balakən, Zaqatalada infrastruktur layihələrin istismara verilməsi bu rayonların inkişafının daim diqqət mərkəzində olmasının göstəricisidir. Bu bölgələrdə əvvəlki illərdə də dövlət tərəfindən dəstək olmuş, layihələr icra edilmiş, sosial obyektlər tikilmiş, yeni iş yerləri açılmış və davamlı olaraq yeni iş yerlərinin açılması ilə bağlı işlər görülür. Balakəndəki Mədəniyyət Mərkəzinin açılışında çıxış edərkən bölgələrdəki iqtisadi inkişaf, sosial məsələlərin həlli, gözəllik, abadlıq işlərindən razı qaldığını qeyd edən Azərbaycan Prezidenti demişdir: “Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hər bir vətəndaş, xüsusilə də çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər”.

Kürdəmirdən sonra İsmayıllı, Oğuz, Qax və Zaqatala şəhərlərinə içməli suyun verilməsi mərasimlərində və İsmayıllıda tikiş fabrikinin, “İsmayıllı-1" Su- Elektrik Stansiyasının, avtomobil yolunun, Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin, “Qafqaz Karvansaray” otel kompleksinin, “Aqro Kompleks Qəbələ” MMC-nin, Oğuzda 2 nömrəli körpələr evi-uşaq bağçasının, Şəkidə avtomobil yolunun, Qaxda Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin, “El Resort” otelinin, su təchizatı və kanalizasiya sistemləri kompleksinin, Balakəndə Mədəniyyət Mərkəzinin, YAP Balakən rayon təşkilatının inzibati binasının, Katex kəndində soyuducu anbar kompleksinin, Zaqatalada Bəhmətli kənd tam orta məktəbinin, uşaq bağçasının və digər obyektlərin açılışında iştirak edən Azərbaycan Prezidenti bildirmişdir ki, ölkəmizin bütün bölgələri gündən-günə inkişaf edir, sosial problemlər aradan qaldırılır, bu inkişaf davamlı olacaq və hər yerdə gözəl əhval-ruhiyyə hökm sürəcək. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz abadlaşır, yeni parklar, xiyabanlar, mərkəzlər açılır, küçələrimiz yenidən qurulur, yeni yollar çəkilir, binalar tikilira və yeni istehsal sahələri yaradılır.

Ölkə vətəndaşları belə bir yekdil fikirlə razıdırlar ki, “xalqımızın rahat yaşaması, firəvanlığı üçün Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi, təşəbbüsü və tapşırığı ilə əlindən gələni əsirgəmir. İnsan amilinə xüsusi diqqət yetirilir. Buna görə də Azərbaycan gündən-günə çiçəklənir, inkişaf edir və onun bugünü dünənindən gözəl olduğu kimi, sabahı da bugünündən gözəl olacaq”.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında