Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurlu həlli üçün Bakının mövcud potensialı səmərəli şəkildə realizə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstəricilər paytaxt sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən dövrdə həmçinin Bakıətrafı qəsəbələrin əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.
Bəli, Bakı bugün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Hazırda Dənizkənarı Milli Park tamamilə yeniləşdirilmişdir. Bayraq Meydanı əzəməti ilə Azərbaycana gələn qonaqları heyrətləndirir. Yeni istifadəyə verilən otellər möhtəşəmliyi ilə diqqət çəkir. Bir müddət bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı zamanı dediyi sözləri xatırlayırıq: “...“Fairmont” oteli sözün əsl mənasında möhtəşəm oteldir. Bakının, Azərbaycanın ən böyük, ən müasir otelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir. Şəxsən mən bundan daha gözəl, möhtəşəm, əzəmətli otel görməmişəm”.
Dövlət başçımız həmin mərasimdə həmçinin vurğulamışdır ki, Bakıda otellər çoxdur. Xüsusilə son iki il ərzində beşulduzlu otellər tikilmişdir. Azərbaycan, Bakı bu baxımdan fərqlənir. Çünki ikinci belə şəhər yoxdur ki, iki il ərzində beşulduzlu altı otel tikilsin. Bu otellərin hamısı ən məşhur otel brendlərini təmsil edir... Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni otellər şəhərimizi daha da gözəlləşdirir. Bu gün Bakıda bütün məşhur otel brendləri vardır. Təkcə son iki il ərzində “Kempinski”, “Hilton”, “Jumeirah”, “Marriott”, “Four Seasons” və “Fairmont” otelləri açılmışdır. Bu, özlüyündə bir göstəricidir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bugününə və sabahına inamını göstərir. Bir sözlə, ölkəmiz inkişaf edir.
Prezident İlham Əliyevin aşağıdakı sözləri də hazırda hər bir paytaxt sakinində qürur hissi doğurur: “... Bakı indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir...”.
Prezident İlham Əliyev çıxışlarının birində maraqlı bir məqama da toxunmuşdur. Dövlət başçısı Bakının qədim, yaşının çox-çox uzaq əsrlərə gedib çıxan abidələri ilə yanaşı, bugünkü tikililərinin də fərəh hissi doğurduğunu bildirmiş, “Fairmont” otelinin və “Alov qüllələri”nin Bakının yeni simvolu olduğunu vurğulamışdır: “...Bakımızın qədim simvolları var ki, biz haqlı olaraq onlarla qürur duyuruq”. “Qız qalası” Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır.
Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, “Alov qüllələri”nin xüsusi yeri var. Təsadüfi deyil ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində “Alov qüllələri” bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir... ”.
Bakı bu gün həm də yaşıl, gözoxşayan xiyabanlar, parklar şəhəridir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının açılışı mərasimində demişdir: “Bakı indi parklar şəhəridir. Bakıda olan parklar deyə bilərəm ki, ən yüksək səviyyədədir. Gözəlliyi ilə seçilən parklar, ictimai yerlər, bağlar salınıbdır, bərpa edilibdir. Bizim əlbəttə ki, ən böyük parkımız Bulvardır. Bulvar da deyə bilərəm ki, dünyanın ən böyük parklarından biridir. Bulvarın genişləndirilməsi prosesi davam edir. Bundan başqa, əlbəttə ki, biz ilk növbədə şəhərin mərkəzində parkların yenidən qurulmasını həll etdik. İndi isə bütün başqa yerlərdə də belə gözəl parklar salınır. İstər mərkəz olsun, istər qəsəbə olsun, Azərbaycanın hər bir yerində bax belə gözəl şərait olmalıdır. Bu, artıq Azərbaycan standartlarıdır. Biz Azərbaycan standartlarını tətbiq edirik. Xüsusilə ictimai yerlərdə, istirahət zonalarında gözəl şərait olmalıdır...”.
Yazının bu məqamında diqqəti bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olmuş Bolqarıstanın iqtisadiyyat, enerji və turizm nazirinin müavini Yevgeniya Haritonovanın sözlərinə yönəltmək istərdim. Xanım Y. Haritonova paytaxtımızla tanışlıqdan sonra demişdir: “25 il bundan əvvəl olduğum Bakıda indi gördüyüm heyrətləndirici inkişafa hər bir Avropa ölkəsi həsəd apara bilər”.
Sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı, ətraf kənd və qəsəbələrdə də son illər ərzində geniş miqyaslı tikinti-quruculuq işləri aparılmışdır. Bu barədə ölkə Prezidenti demişdir: “Bakıətrafı qəsəbələr simasını tamamilə dəyişmiş, müasirləşmiş, insanların rifah halı yüksəlmişdir. Paytaxtətrafı yaşayış məntəqələrinin inkişaf proqramı da bu il başa çatmalıdır. Bu, çox böyük proqramdır. Ancaq icra müddəti çox qısadır-cəmi iki il. Çalışmalıyıq ki, cari ilin sonuna qədər bütün qəsəbələrdə nəzərdə tutduğumuz layihələr icra edilsin...”.
Yeri gəlmişkən, burada bir fakta da nəzər salaq. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) icrasından ötən dövr ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Bakı şəhəri və onun qəsəbələrində 550 investisiya layihəsinin maliyyələşdirilməsinə 133 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması hesabına 4 600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Göründüyü kimi, ardıcıl və sistemli sosial-iqtisadi islahatların uğurlu nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi tanınan Azərbaycanın paytaxtı Bakı şəhəri gündən-günə daha da gözəlləşir, bu isə paytaxtda yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təbii ki, öz müsbət təsirini göstərir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.