Azərbaycanda son 6 ildə 900 min yeni iş yeri açılmışdır
Ölkəmiz sosial-iqtisadi sahələrdə aparılmış əsaslı islahatlar nəticəsində qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi artım templərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, xarici ticarət dövriyyəsi 2,8 dəfə, o cümlədən ixrac 3,9 dəfə, dövlət büdcəsinin gəlirləri 7 dəfə artmışdır.
İqtisadiyyatın şaxələndirilməsi, özəl bölmənin canlandırılması insanların həyat səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərmişdir. Son 6 ildə təxminən 900 min yeni iş yerinin açılması, əhalinin gəlirlərinin 2 dəfə, orta aylıq əmək haqqının 3 dəfə artması, yoxsulluğun səviyyəsinin isə 4 dəfə azalaraq 11 faiz təşkil etməsi bunun bariz ifadəsidir.
Son illər sosial obyektlərin, o cümlədən xəstəxanaların, məktəblərin tikilib istifadəyə verilməsi, köhnələrinin əsaslı şəkildə bərpa edilməsi də diqqət mərkəzində olmuşdur. Təkcə bir faktı xatırlatmaq yerinə düşər: 5 il ərzində 1800 yeni məktəb binası şagirdlərin ixtiyarına verilmişdir ki, bu da ölkədəki məktəblərin 40 faizini təşkil edir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən islahatlar strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı 2009-cu ildə belə Azərbaycanın bir sıra təhlükəli meyillərlə üzləşməsinin qarşısı alınmaqla yanaşı, əhalinin gəlirləri 6,7 faiz, orta aylıq əmək haqqı isə 8,6 faiz artmışdır. Beləliklə, böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsiri demək olar ki, tam neytrallaşdırılmışdır.
Azərbaycanda son illər əldə edilən uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının hazırladığı "Doinq Business" hesabatında Azərbaycan ötən il ən islahatçı ölkə elan olunmuş, bu il isə öz mövqelərini qoruyub saxlamışdır. Bu yaxınlarda isə "Fitch" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli reytinq vermişdir.
Azərbaycanın sosial-iqtisadi uğurları bu ilin ötən aylarında da öz ifadəsini tapmışdır. Bu barədə iyulun 13-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmışdır. Ölkə Prezidenti İlham Əliyev iclasda diqqəti bu ilin 6 ayında əldə edilən uğurlara yönəldərək demişdir: "Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
Dövlət Statistika Komitəsinin cari ilin birinci yarısında sosial-iqtisadi inkişafı əks etdirən məlumat-göstəriciləri də bu fikrin bariz ifadəsidir. Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 19,7 milyard manata çatmışdır. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8 faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,5 faiz təşkil etmişdir. ÜDM-in 6,3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat (2751,5 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin birinci yarısı ilə müqayisədə 3,5 faiz çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 77,5 faizi mədənçıxarma bölməsində, 17,2 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2009-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 2,1 faiz, emal bölməsində 5,2 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 2,9 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 3,1 faiz artmışdır.
Emal sektorunda qida məhsulları istehsalı 2,5 faiz, içki istehsalı 9,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 3 faiz, neft məhsulları istehsalı 9,7 faiz, kimya sənayesi məhsulları istehsalı 55,2 faiz, rezin və plastik məmulatlar istehsalı 15,5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 39,4 faiz, hazır metal məmulatları istehsalı 1,0 faiz, elektrik avadanlıqları istehsalı 36,4 faiz, maşın və avadanlıqların istehsalı 98,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 42,4 dəfə artmışdır.
Havaların kənd təsərrüfatı işlərinin aparılması üçün əlverişsiz keçməsi və sel sularının əkin sahələrinin bir qismini basaraq məhsullara ziyan vurmasına baxmayaraq kənd əməkçiləri yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 543,9 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1118,7 min ton məhsul toplanmışdır.
Yığım başlanandan tarlalardan 245 min ton kartof, 280,1 min ton tərəvəz, 61,5 min ton meyvə və giləmeyvə, 16 min ton bostan məhsulları, 28,7 ton tütün, 256,9 ton yaşıl çay yarpağı toplanmışdır. 2009-cu ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,9 min ton, yaxud 3,3 faiz, bostan məhsulları istehsalı 4 min ton (33,2 faiz), tütün istehsalı 4,7 ton (19,6 faiz) artmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 1,7 faiz artaraq 2627,8 min başa, qoyun və keçilərin sayı 0,9 faiz çoxalaraq 8519,6 min başa çatmışdır. Bu dövrdə 1,3 faiz çox və ya diri çəkidə 149,2 min ton ət, 5,6 faiz çox, yaxud 739,7 min ton süd, 0,5 faiz az və ya 610,7 milyon ədəd yumurta, 1,4 faiz çox, yaxud 13,2 min ton yun istehsal edilmişdir.
İlin əvvəlindən inşaat kompleksində 3,8 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 65,9 faizi və ya 2,5 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2009-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 10,9 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78,7 faizini və ya 3 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 5,9 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 705,5 min kvadratmetr yaşayış evləri, 260 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 40 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 135 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" iş və sərgi mərkəzləri, Naxçıvanda avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" sağlamlıq mərkəzi, avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Biləsuvarda konserv zavodu, Regional Ana və Uşaq Mərkəzi, Cəlilabad rayonunda müalicə-diaqnostika mərkəzi, şahmat məktəbi, Göytəpə su anbarı, şərab emalı sexi, Salyanda soyuducu anbar kompleksi, Lənkəranda konserv zavodu, çay fabriki, Regional Boks Mərkəzi, dondurma fabriki, Göyçay və Ağdaşda olimpiya idman kompleksləri, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549,0 milyon manat vəsaitin 1158,8 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 94,2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,4 faizi dəmir yolu nəqliyyatı, 50,5 faizi avtomobil nəqliyyatı, 5,8 faizi dəniz nəqliyyatı, 32,3 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,3 faizi avtomobil, 14,2 faizi metropolitenlə daşınmışdır.
2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215 manata) çatmışdır. Gəlirlərin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2,0 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı, müvafiq olaraq, 7,6 və 11,1 faiz artmışdır.
2010-cu ilin yanvar-may aylarında 126 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,5 faiz artaraq 10,6 milyard dollar təşkil etmiş, 85 faizi və ya 9 milyard dolları uzaq xarici dövlətlərlə, 1,6 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır. Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 8,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 7,4 milyard dolları uzaq xarici dövlətlərə, 821,5 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2,4 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1,6 milyard dollar, MDB üzvü dövlətlərindən isə 763,2 milyon dollar olmuşdur. Xarici ticarət əlaqələrinin 55,9 faizi Avropa, 36,4 faizi Asiya, 6,2 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılmışdır. Beş ay ərzində 5,8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 5,7 milyard dollar, MDB üzvü dövlətləri ilə isə 58,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 4,1 milyard manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 2,5 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 3,6 milyard manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,7 faiz az vəsait xərclənmiş, 537,1 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,3 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 38,7 faizi və ya 1378,1 milyon manatı iqtisadiyyatın inkişafına, 14,9 faizi, yaxud 531,9 milyon manatı sosial müdafiə və sosial təminata, 11,6 faizi və ya 412,9 milyon manatı təhsilə yönəldilmişdir. Büdcə xərclərinin 33,8 faizi və ya 1203,8 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.