Son illər həyata keçirilmiş qanunverici-institusional islahatların məntiqi nəticəsi olaraq vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması Azərbaycanda liberal biznes mühitinin təkmilləşməsinə, habelə vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərir. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergi xidməti müşaviri Natiq Şirinov 2013-cü ilin birinci yarısında əldə olunmuş bu və digər uğurlar, eləcə də qarşıda duran vəzifələr barədə dedi:
- Liberal iqtisadi sistemin qurulması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, investisiya cəlbediciliyinin yüksəldilməsi ümumilikdə Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsini təmin etmişdir. 2013-cü ilin birinci yarısı da respublikamız üçün bir sıra uğurlu nəticələrlə səciyyəvi olmuş, sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilmişdir: ölkə iqtisadiyyatında ÜDM-in real artım tempi 5 faiz təşkil etməklə 27,2 milyard manat olmuşdur ki, bunun da 14,8 milyard manatı qeyri-neft sektorunun payına düşür. Hesabat dövründə inflyasiya cəmi 2 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 7,1 faiz artaraq 15,8 milyard manat olmuşdur. Orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 408,8 manata, əhalinin hər bir nəfərinə düşən gəlir isə 5,7 faiz artaraq 1708,8 manata çatmışdır. 2013-cü ilin ilk yarısında dövlət büdcəsinin proqnozu 113,4 faiz və ya 9,5 milyard manat civarında icra edilmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 17,1 faiz və 1,4 milyard manat çoxdur.
Respublikamızın valyuta ehtiyatları 2013-cü il 1 iyul tarixinə 48 milyard dollar olmaqla, orta illik ÜDM-in 70 faizi qədərdir. Bu göstəriciyə görə, respublikamız dünya ölkələri arasında ilk onbeşliyə daxildir.
Vergilər Nazirliyinin xətti ilə 2013-cü ilin 6 ayında dövlət büdcəsinə 3 milyard 326,1 milyon manat vəsait toplanaraq proqnoz tapşırığı 107,7 faiz icra edilmişdir. Hesabat dövründə dövlət büdcəsinə səfərbər edilmiş vergilərin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 356,2 milyon manat və ya 12 faiz çoxdur. Bu uğurlu göstəricilər qeyri-neft sektorunda da özünü aydın göstərir. İlin birinci yarısında qeyri-neft sektoru üzrə proqnoz tapşırığı 100,6 faiz icra edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 151,8 milyon manat və ya 9,3 faiz çox vəsaitin dövlət büdcəsinə ödənilməsi deməkdir. Ümumilikdə dövlət büdcəsinə ödənilmiş vergi məbləğinin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür. Xüsusi qeyd olunmalıdır ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinin və gəlirlərinin yüksəldilməsi hökumətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən kompleks iqtisadi tədbirlər sayəsində 2013-cü ilin birinci yarısında regionlardan toplanmış vergilərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz və ya 28,1 milyon manat artaraq 255 milyon manat təşkil etmişdir.
Hazırda Avropanın əksər dövlətlərində qlobal böhranın mənfi təsirlərinin hələ də qabarıq hiss olunduğu bir vaxtda ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi siyasət neft-qaz sektoru ilə yanaşı, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, kənd təsərrüfatı kimi mühüm sahələrdə də dinamik inkişafı təmin etmişdir. Qeyri-neft sektorunun inkişafı nəticəsində bu sahə üzrə ÜDM-in real artım tempi 2013-cü ilin 6 ayında 10,9 faiz təşkil etmişdir. Hesabat dövründə cəmi ÜDM-in strukturunda qeyri-neft sektoru üzrə ÜDM-in xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 bənd artaraq 54,3 faizə yüksəlmişdir. Müqayisə üçün bildirmək istərdim ki, bu göstərici 2012-ci ilin ilk yarısı üzrə 49,3 faiz, yekunları üzrə isə 52,7 faiz təşkil etmişdir.
ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsini təmin edən başlıca amil neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi nəticəsində bu sahədə dinamik iqtisadi artıma nail olunmasıdır. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artım tempi qeyri-neft sektoru üzrə ÜDM-in artımını üstələyir. 2012-ci il ərzində qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi 9,7 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcmi 14,5 faiz artmışdır. Eyni zamanda, 2013-cü ildə qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi 10,1 faiz proqnozlaşdırıldığı halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ötən ilin faktiki daxilolmalarına nisbətən 14,4 faiz artımla icrası gözlənilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.