Yeraltı qaz anbarlarının imkanları artırılır

Son illər Dövlət Neft Şirkəti tərəfindən ölkə əhalisinin və iqtisadiyyatın təbii qazla təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusən də payız-qış mövsümündə əhalinin “mavi yanacaq”la fasiləsiz təmin edilməsi məqsədlə yeraltı qazsaxlama anbarları yenidən qurulur, ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan bu obyektlərin imkanları  artırılır.

“Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsində son illər bu baxımdan məqsədyönlü işlər görülmüşdür. Məlumat üçün bildiririk ki, hazırda idarənin tərkibində Qalmas və Qaradağ yeraltı qaz anbarları ilə yanaşı, quyuların əsaslı və yeraltı təmir sexi fəaliyyət göstərir. Yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağa” olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır.

Ölkə Prezidenti İlham Əliyevin 2005-ci il 14 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı”nın 33-cü bəndində mövcud qaz anbarlarının imkanlarının genişləndirilməsi və mərhələlər üzrə qaz tutumunun 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısının “Neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi” haqqında 2009-cu il 1 iyul tarixli sərəncamına əsasən isə “Azəriqaz” QSC Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra yeraltı qaz anbarlarının  imkanlarının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə Dövlət Neft Şirkəti  tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılmasına dair xüsusi proqram hazırlanmışdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülmüş, dövlət başçısı İlham  Əliyevin müvafiq göstərişinə əsasən ölkənin yeraltı qaz anbarlarının tutumu üç dəfədən çox artırılmışdır. Belə ki, qaz anbarlarının imkanlarının genişləndirilməsi məqsədilə yeni quyular qazılır, qaz-mədən sahələrində quyuağzı avadanlıqlar dəyişdirilir, quyuətrafı sahələr abadlaşdırılır və quyulararası yollar çəkilir.

 Qaz Anbarlarının İstismarı İdarəsinin kollektivi 2013-cü ilin birinci yarısını da uğurlu göstəricilərlə başa vurmuşdur. Belə ki, hesabat dövründə də yeraltı anbarlardan 1 milyard 115 milyon 375,7 min kubmetr qaz götürülmüşdür. Ümumilikdə isə 2012-2013-cü illər mövsümündə anbarlardan götürülmüş qazın həcmi 1 milyard 823 milyon 517,2 min kubmetr təşkil etmişdir. Qazgötürmənin sonuna kimi  anbarlarda 1 milyard  474 milyon 23,7 min kubmetr ehtiyat qazı olmuşdur ki,  bu da 2012-ci il ilə müqayisədə 290 milyon 469,2 min kubmetr  çoxdur.

Bu ilin aprel ayından etibarən Qalmaz və Qaradağ yeraltı qazsaxlama sexlərində növbəti qazvurma mövsümü  başlanmışdır. Nəticədə avqust ayının 1-nə yeraltı qaz anbarlarına  1 milyard 268 milyon 791,2 min kubmetr qaz vurulmuşdur. Bununla da, qazvurma mövsümünün əvvəlinə anbarlardakı ehtiyatla birlikdə aktiv qazın həcmi 2 milyard 509 milyon 571,8 min kubmetrə çatdırılmışdır. Bu isə ötən ilin ilk yarısı ilə müqayisədə bir qədər çoxdur.

 Hesabat dövründə istehsalat xərclərinin azaldılması istiqamətində də yaxşı nailiyyətlər əldə olunmuşdur. Belə ki, ilin altı ayı ərzində sözügedən xərclər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  23,5 faiz azalmışdır. Cari ilin ilk yarısında əldə edilmiş mühüm nailiyyətlərdən biri də Qaz Anbarları  İstismarı İdarəsində idarəetmənin beynəlxalq standartlar səviyyəsinə çatdırılması və ISO-9001 (keyfiyyət idarəetmə sistemi), ISO-14001 (ekologiya idarəetmə sistemi), OHSAS-18001 (əməyin mühafizəsi və təlükəsizlik idarəetmə sistemi) beynəlxalq sertifikatlarının alınması olmuşdur. Bu məqsədlə idarənin bütün istehsalat sahələri ciddi yoxlanılmış və aşkar olunmuş nöqsanlar, uyğunsuzluqlar beynəlxalq sertifikatlaşdırma qurumu olan İntertek Moody İnternational şirkətinin əməkdaşlarının məsləhəti ilə aradan qaldırılmışdır. Bundan əlavə, əməyin mühafizəsi və təlükəsizlik texnikası tələblərinə uyğun olaraq sahələr beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır. Ətraf mühitin mühafizəsini beynəlxalq standartlara uyğun təmin etmək üçün yeni avadanlıqlar alınmış və texnoloji proseslərin aparılma prosedurları dəyişdirilmiş, idarəetmənin vacib sahələrindən olan sənədləşmə beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmışdır. Eyni zamanda, İntertek Moody İnternational şirkətinin əməkdaşlarının məsləhəti və birbaşa iştirakı ilə idaretmə sistemləri üzrə rəhbər sənədlər və beynəlxalq standartların tələbinə uyğun prosedurlar hazırlanmış, sənədləşmənin aparılmasında və saxlanmasında ciddi dəyişikliklər edilmişdir. Mühəndis texniki işçilərin maarifləndirilməsi məqsədilə prezentasiyalar keçirilmiş, kurslar təşkil olunmuşdur.

2013-cü ilin qazvurma mövsümünü müvəffəqiyyətlə başa çatdırmaq üçün hazırda Qaradağ qaz-kompressor sexində bir sıra yenidənqurma işləri aparılır. Artıq buradakı 2 saylı kompressor stansiyasının gündəlik  layihə gücünün 7 milyon kubmetrdən 10 milyon kubmetrə  çatdırılması üzrə  işlərə başlanılıb. Layihəyə uyğun olaraq stansiyada kompressorların giriş və çıxışına əlavə  qaz xəttləri çəkilmiş, 1 ədəd AVQ-160 tipli qaz soyuducusu quraşdırılaraq istismara verilmişdir. Hazırda isə MKS-12 tipli kompressor aqreqatlarının soyutma sistemində işlər davam etdirilir.

Qaz Anbarlarının İstismarı İdarəsində nəql olunan qazı tələblərə uyğun hazırlamaq məqsədilə də bir sıra zəruri tədbirlər görülür. Ötən müddətdə  Qaradağ qazsaxlama sexinin köhnə qazpaylama məntəqəsində iki ədəd mövcud toztutucu təmir olunaraq bərpa olunmuş, əlavə daha ikisi  quraşdırılmışdır. Hazırda bütün toztutucuların işinə nəzarət avtomatik şəkildə həyata keçirilir. Bu da yeraltı qaz anbarından çıxarılan qazın beynəlxalq tələblərə uyğun hazırlanmasına və nəql olunmasına imkan yaradır.     

 Ötən ilin noyabr ayında Qalmaz qazsaxlama sexində yeni qazpaylama məntəqəsi tikilərək istismara verilmiş və ötən altı ay ərzində bu sistemdən  müvəfəqiyyətlə istifadə olunmuşdur. Xatırladaq ki, 1976-cı ildən istismarda olan Qalmaz qazsaxlama sexində köhnə qazpaylama məntəqəsi müasir tələblərə cavab vermədiyindən və mənəvi cəhətdən köhnəldiyindən bəzi avadanlıqların sıradan çıxması nəticəsində qaz itkilərinə yol verilirdi. Məhz bu səbəbdən yeni qazpaylama məntəqəsinin tikintisinə böyük ehtiyac yaranmışdı. 2009-cu ildə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yeni qazpaylama məntəqəsinin layihəsi hazırlanmışdır. Həmin layihə əsasında adı çəkilən obyekt “Neftqaztikinti” Tresti  tərəfindən tikilərək istismara verilmişdir.

Hazırda ölkənin qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün   geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə quyu fondu müntəzəm təhlil olunur və araşdırılır, yeraltı qaz anbarlarıda yeni quyular qazılır, yataqların hermetikliyini təmin etmək üçün ləğv və təkrar ləğvetmə işləri aparılır. Bu ilin altı ayı ərzində  5 quyuda ləğvetmə, 13 quyuda isə təkrar ləğvetmə işləri aparılmışdır. İlin əvvəlindən Qaradağ və Qalmaz yeraltı qaz anbarlarında  beş quyu qazılaraq təhvil verilmişdir.

 İlin əvvəlindən etibarən Qaz Anbarları İstismarı İdarəsinin bütün obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatında yeni layihələ uyğun olaraq bir sıra vacib  işlər görülmüşdür. Qalmaz Yeraltı Qaz Anbarının  qaz-kompressor sexində, I və III bloklarda ən müsir tipli avadanlıqlarla təmin olunmuş yarımstansiyalar, sözügedən sexin elektrik təchizatını fasiləsiz və Avropa standartları səviyyəsində təmin etmək məqsədilə Fransanın Socomek firmasının istehsalı olan müasir tipli fasiləsiz enerji mənbəyinin quraşdırılıb istismara buraxılması və s. işlər bu qəbildəndir. Yeri gəlmişkən, ölkəmizdə analoqu olmayan bu sistemin daha da etibarlı işləməsi üçün bütün zəruri işlər görülmüşdür. Bundan əlavə, bu ilin birinci yarısında Qaz Anbarlar İstismarı İdarəsinin elektrik təsərrüfatında həyata keçirilən mühüm layihələrdən biri də tikintisi başa çatmaq üzrə olan yeni Qalmaz 35/6 kV-luq yarımstansiyadır. Bu sahədə  yeni layihələrin icrası hazırda da  davam etdirilir.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında