Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının dinamik inkişafı ulu öndərimizin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ötən dövrü ərzində də davamlı artım templərini saxlamışdır.
İlin əvvəlindən muxtar respublikada 975420,6 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 9,3 faiz üstələyir. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,9 faizlik payla sənaye, ikinci yeri isə 23,2 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 2271,6 manat (2894,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi daxili məhsulun 62 faizi maddi istehsal sektorunun payına düşmüşdür.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 12,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, nəqliyyat sektorunda yük daşınması 10,3 faiz, informasiya və rabitə xidmətləri 6,7 faiz, o cümlədən mobil rabitə xidməti 6,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 17 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,9 faiz, ixracın həcmi 7,3 faiz, əhalinin gəlirləri 5,6 faiz, hər bir nəfərə düşən gəlirlər 3,5 faiz, orta aylıq əməkhaqqı isə 4,5 faiz artmışdır.
Sənaye
Sahibkarlığın davamlı inkişafının dəstəklənməsi, innovativ fəaliyyət və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye potensialının qurulması üzrə aparılan iqtisadi siyasətin nəticəsi olaraq, 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 459 milyon 535 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 12,5 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 31 milyon 983 min manatlıq, qeyri-dövlət sektorunda isə 427 milyon 552 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93 faizi özəl sektorun payına düşmüşdür. İstehsal potensialının gücləndirilməsi tədbirlərinə uyğun olaraq, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 30 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 73 istehsal və xidmət obyektinin qurulması hazırda davam etdirilməkdədir. Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin altı ayı ərzində daxili tələbatdan artıq istehsal olunmuş 124 milyon 623 min dollar dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.
Sənaye potensialının gücləndirilməsinə yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir ki, ölkəmizin iqtisadi rayonları arasında sənaye məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə görə Naxçıvan iqtisadi rayonu 93 faizlik payla liderdir. Dünya təcrübəsindəki mövcud yanaşmaya əsasən, sənaye potensialının yüksək kateqoriyada təmsilolunma meyilləri - yəni maşınqayırma sənayesinin mövcudluğu və qeyri-ərzaq mallarının ərzağa nisbətdə mütləq üstünlüyü prinsipi muxtar respublikada tam şəkildə təmin olunmuşdur. Hazırda sənaye sahəsində 435 aktiv təsərrüfat subyekti mövcuddur ki, bunlarda da 15245 nəfər işçi çalışır.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu üzrə tədbirlər çərçivəsində cari ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində bir anbarın tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, məişət xidməti binasının, iki anbarın, üç yaşayış binasının və bir qazanxananın tikintisi, bir yaşayış binasının isə yenidən qurulması hazırda davam etdirilməkdədir. “Naxçıvan” Sərhəd Diviziyasında yeni infranstruktur obyektlərinin, Kəngərli rayonundakı hərbi hissədə tədris-klub binasının tikintisi, həmin hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması davam etdirilir.
Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin inzibati binası yenidən qurulur.
Tikinti-quruculuq və su təchizatı
2013-cü ilin 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 508 milyon 267 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 9,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 448 milyon manatı və ya 88,1 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2013-cü ilin 6 ayı ərzində muxtar respublikada 179 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, 327 müxtəlif təyinatlı obyektin isə inşası və ya təmiri davam etdirilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində, ümumilikdə, 7 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 33 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilməkdədir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazini, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Cari ilin yanvar-iyun aylarında 1 kənd mərkəzinin inşası başa çatdırılmış, hazırda 19 kənd mərkəzinin inşası işləri davam etdirilir.
Ötən dövr ərzində muxtar respublikada 1 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri, 2 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 7 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması, 8 yaşayış binasının əsaslı təmiri, 4 yaşayış binasının isə təmiri hazırda davam etdirilməkdədir. Əhali gəlirlərinin dinamik artımı, həyat səviyyəsinin daha da yaxşılaşması fərdi yaşayış evlərinin inşası prosesini də xeyli sürətləndirmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 228 min 549 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 7866 kvadratmetr və ya 3,6 faiz çoxdur.
“Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 iyul 2013-cü il tarixə Naxçıvan şəhərində 161,2 kilometr uzunluğunda kanalizasiya və 173,2 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 177 kilometr uzunluğunda içməli su və 147,4 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Bu dövr ərzində 16 subartezian quyusunun tikintisi davam etdirilmişdir. Hazırda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilməkdədir.
Kənd təsərrüfatı
Yanvar-iyun aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,8 dəfə artaraq 43 milyon 317 min manata, heyvandarlıq məhsullarının həcmi isə 62,6 faiz artaraq 47 milyon 652 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 186 ədəd 2013-cü ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1065 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində 166 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunmuşlar.
2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 2012-ci ilin məhsulu üçün əkilmiş sahədən 9 hektar çoxdur. 2013-cü ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29 min 280 hektarı payızlıq, 6 min 44 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 359 hektar artmışdır. Taxıl zəmilərinin 25 min 869 hektarında buğda, 9 min 455 hektarında isə arpa əkilmişdir. Hazırda taxıl biçini davam edir. Artan əhali tələbatını təmin etmək məqsədilə Naxçıvan şəhərində taxılın saxlanılması üçün üç yeni bunkerin yaradılması işləri hazırda davam etdirilməkdədir.
2013-cü ildə 2957 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2012-ci ildə əkilmiş sahədən 126 hektar çoxdur.
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması işi davam etdirilir. Cari ilin ötən dövrü ərzində tutumu 50 ton olan 1 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların ümumi sayı 16-ya, ümumi tutumu isə 11 min 770 tona çatdırılmışdır.
2013-cü ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətdə 0,2 faiz, tərəvəz istehsalı isə 1,4 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
İlin ötən dövrü ərzində 1 heyvandarlıq təsərrüfatı yaradılmış, 1 heyvandarlıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılmış, hazırda 2 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilməkdədir. 1 iyul 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 110 min 999 baş, qoyun və keçilərin sayı isə 682 min 961 baş olmuşdur ki, bu da 1 iyul 2012-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 2 faiz üstələmişdir. 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 10261,3 ton ət, 45532,9 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,6 faiz çoxdur. İlin ötən dövrü ərzində 2 quşçuluq təsərrüfatı yaradılmış, hazırda 8 quşçuluq təsərrüfatının yaradılması və 2 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilməkdədir. Hazırda 2 arıçılıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
Ümumilikdə, cari ilin birinci yarımili ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 6 milyon 778 min manata yaxın həcmdə kreditin verilməsi təmin olunmuşdur.
Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikadan kənara 34 milyon 420 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Nəqliyyat
Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ayrınc-Qızıl Qışlaq-Güney Qışlaq və Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, C.Məmmədquluzadə, Ə.Əliyev və N.Tusi küçələrində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunun Şahbulaq və Xanlıqlar, Kəngərli rayonunun Xok kəndlərinə giriş avtomobil yollarının yenidən qurulması, Şahbuz rayonunun Aşağı Qışlaq-Yuxarı Qışlaq avtomobil yolunda və Ordubad rayonunun Gənzə kəndində avtomobil yolunda istinad divarlarının tikintisi işləri davam etdirilir. Şərur rayonunda bir körpünün təmiri başa çatdırılmış, Şahbuz rayonunda yeddi, Şərur və Babək rayonlarının hər birində bir körpünün tikintisi, Şahbuz rayonunda bir körpünün yenidən qurulması və dörd körpünün təmiri davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 2 ədəd “CAT” markalı yükləyici ekskavator və 1 ədəd “CAT” markalı vərdənə, hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasirtipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
İlin əvvəlindən ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz, sərnişin daşınması isə 8,7 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 21 milyon 542 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 8,3 faiz çoxdur.
İnformasiya və rabitə
Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Həmzəli kəndində 128, Gümüşlü kəndində 96, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32 və Şahbuz rayonunun Badamlı qəsəbəsində 128 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 998 ədəd yeni stasionar telefon sanbit şəbəkəyə qoşulmuş, 1 iyul 2013-cü il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır.
1 iyul 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 444887 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 104 ədəd olmuşdur.
2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,7 faiz üstələyərək 22 milyon 847 min manat olmuşdur. Ümumi xidmətlərin 85,4 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 6,3 faiz çoxdur.
Energetika
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər istiqamətində cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2" Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir. Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri başa çatdırılmışdır.
1 iyul 2013-cü il tarixə 80 min 533 əhali abonenti təbii qazla təmin olunmuşdur. Hazırnda Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttinin tikintisi işləri davam etdirilməkdədir.
Sahibkarlıq və məşğulluq
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində muxtar respublika üzrə 16 hüquqi və 731 fiziki şəxs qeydiyyata alınmışdır. 2013-cü ilin yanvar-iyun ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 23 milyon 550 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 344 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2013-cü ilin ilk altı ayında muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,6 faiz artaraq 730 milyon 176 min manata, onun hər bir nəfərə düşən həcmi isə 3,5 faizlik artımla 1700 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 374,5 manata çatmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur.
2003-cü il oktyabr ayının 1-dən 1 iyul 2013-cü il tarixədək muxtar respublikada 58460 yeni iş yeri yaradılmışdır ki, bunun da 42078-i və ya 72 faizi daimi iş yerləridir. 2013-cü ilin yanvar-iyun ayları ərzində yaradılmış 1351 yeni iş yerinin 1280-i və ya 94,7 faizi daimi iş yerlərinin payına düşür.
Təhsil
Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasının, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, Babək rayonunun Şəkərabad kəndində 306 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Sərxanlı və Şahbulaq, Ordubad rayonunun Nəsirvaz, Sabirkənd, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində tam orta məktəb binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində 11 və 16 nömrəli, Babək rayonunun Cəhri kəndində 1 nömrəli, Şərur rayonunun Dəmirçi və Xanlıqlar, Ordubad rayonunun Nürgüt, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü, Sədərək rayonunun Sədərək kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Culfa rayonunun Şurud kəndində tam orta məktəb binasının əsaslı təmiri davam etdirilməkdədir.
Ordubad şəhərində 242 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində, Babək rayonunun Babək və Sədərək rayonunun Heydərabad qəsəbələrində uşaq bağçası binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tikintisi başa çatdırılmış, 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur rayonunda Şərur Peşə Liseyinin tikintisi işləri davam etdirilməkdədir.
Səhiyyə
Babək Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan Muxtar Respublika Dəri-Zöhrəvi Dispanserinin, yoluxucu xəstəliklər, qazanılmış immun çatışmazlıq sindromu ilə mübarizə və profilaktika mərkəzlərinin binasının tikintisi, Naxçıvan Muxtar Respublika xəstəxanasının yenidən qurulması, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının isə əsaslı təmiri davam etdirilir.
Babək rayonunun Şəkərabad kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmış, Şərur rayonunun Sərxanlı, Xanlıqlar və Dəmirçi, Babək rayonunun Şıxmahmud və Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok və Şahbuz rayonunun Kükü kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şahbuz rayonunun Sələsüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması da davam etdirilməkdədir.
Əhali
Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8774 nəfər və ya 2,1 faiz artaraq 431628 nəfərə çatmışdır. İlk 6 ayda 5225 körpə dünyaya gəlmiş və gün ərzində doğulan uşaqların orta sayı 30 nəfərə çatmaqla doğumu davamlı stimullaşdıran Sovetlər Birliyi dönəmindəki 18 nəfərlik orta göstəricini üstələmişdir. Hazırda muxtar respublika üzrə müsbət miqrasiya saldosu müşahidə olunmaqdadır və son bir ildə daimi yaşayış üçün muxtar respublikaya gələn 1069 nəfər qeydiyyata alınmışdır.
Mədəniyyət
Bu ilin yanvar-iyun aylarında mədəniyyət obyektlərinin inşası və bərpası istiqamətində Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının, Gənclər Mərkəzinin, saat qülləsinin, Naxçıvançay vadisində parkın tikintisi, Naxçıvanqala tarixi abidəsinin bərpası davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa çatdırılmışdır.
Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidlərin tikintisi hazırda davam etdirilməkdədir.
Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin əsaslı təmiri, “Buzxana” tarix-memarlıq abidəsinin bərpası başa çatdırılmış, Naxçıvanqala tarixi abidəsinin ərazisində və Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin tikintisi, “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksinin, Naxçıvan Dövlət Tarix Muzeyinin, Babək rayon tarix-diyarşünaslıq muzeyinin və Ordubad şəhərində Y.Məmmədəliyevin ev-muzeyinin təmiri davam etdirilmişdir.
Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.
Turizm
Muxtar respublikada turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilməsi üçün mühüm tədbirlər görülmüş və bir sıra nəticələr əldə edilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 170 min 57 nəfər turist gəlmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 3,4 faiz və ya 5 min 592 nəfər üstələyir. Yeni turizm komplekslərinin, o cümlədən cari ildə Şahbuz rayonunun Ağbulaq kəndində istirahət mərkəzinin, digər bu kimi infranstruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmağa imkan yaratmaqdadır.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirilməsi sayəsində muxtar respublikanın sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş, real sektorun və sosial sferanın tərəqqisi üçün ciddi əsaslar yaradılmışdır.
(Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır.)
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.