Azərbaycanda güclü sənaye potensialı yaradılır

 

 

 

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin  birinci yarısında da ölkəmizin  iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi  davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı xeyli artmışdır.

Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması,  investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. “Azərbaycan Respublikası regionlarının  2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin  icrası bölgələrdə iqtisadi fəallığın  artmasına təkan vermişdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik və tarazlı inkişafının  sürətləndirilməsi üçün zəmin yaratmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin birinci yarısında Azərbaycanda 27,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya müqayisəli qiymətlərlə 1,3 milyard manat çoxdur.

Ölkə iqtisadiyyatının əsasını təşkil edən  sənayenin dinamik inkişafını təmin etmək üçün həyata keçirilmiş məqsədyönlü tədbirlər də müsbət nəticələr verir. Bir qədər əvvəl ölkədə neft hasilatının aşağı düşməsi ilə əlaqədar olaraq sənaye məhsulunun istehsalında azalma qeydə alınsa da, artıq bu sahədə də müəyyən inkişaf təzahürləri müşahidə olunur. Belə ki, cari ilin ilk yarısında ölkənin sənaye sahələrində  16,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın qeyri-neft sənayesində isə 2,9 faiz artım qeydə alınmışdır. Bu da, heç şübhəsiz, ölkənin sənaye potensialının artması, yeni istehsal sahələrinin yaradılması ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə istehsal olunmuş ümumi sənaye məhsulunun 12 milyard 506,4 milyon manatlığı və ya 74 faizi mədənçıxarma, 3 milyard 357,3 milyon manatlığı və ya 19,9 faizi emal, 922,6  milyon manatlığı və ya 5,5 faizi  elektrik enerjisi, qaz, buxar  və  kondisiyalaşdırılmış  hava ilə təchizat bölməsində, 100,6 milyon manatlığı və ya 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı  bölməsində yaradılmışdır. Bütövlükdə isə son 10 ildə iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin real həcmi təqribən 2,6 dəfə artmışdır.  Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. 

Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft startegiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adı çəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

2013-cü ilin yanvar-iyun aylarında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 80,3 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,1 faizi sənaye mallarının, 6,9 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.  Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.

Hesabat dövründə istehlakçılara 16,8 milyard manatlıq sənaye məhsulu  göndərilmişdir. Bununla yanaşı, 2013-cü ilin iyul ayının əvvəlinə  sənaye  müəssisələrinin anbarlarında  əvvəlki dövrlərdən  qalan  qalıqlar da  nəzərə  alınmaqla 337,9  milyon  manatlıq hazır  məhsul  ehtiyatı  olmuşdur.  Ehtiyatların  daha  çox  hissəsi -  70,5  faizi  Bakı   şəhərinin  payına  düşmüşdür. Qalan  hissəsi  isə   Sumqayıt  (10,2 faiz), Gəncə (2,5 faiz), Şirvan (1,2 faiz), Mingəçevir (0,2 faiz)  və respublikanın  digər  rayonlarının  sənaye  müəsisələrinin  anbarlarında  qalmışdır.  Bundan əlavə,   anbarlarda  başqa  müəssisələrdən  alınmış  və satış  üçün  nəzərdə  tutulmuş  14,5  milyon manat  məbləğində  digər  mallar  da  olmuşdur.

Beynəlxalq iqtisadi  fəaliyyət növlərinin    təsnifatına  gəlincə  isə,   mədənçıxarma  və ya  hasilat  sənayesi əvvəlki dövrlərdə olduğu kimi, yenə də iqtisadiyyatda xüsusi çəkiyə malik olmuşdur. Bu sahə isə əsasən  neft və qaz  hasilatı hesabına formalaşır. Bu ilin birinci yarısında ölkə üzrə 21,8 milyon ton xam neft və 8,9 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.  

Azərbaycanın  qızıl  istehsal edən dövlətə çevrilməsini də ölkənin iqtisadi həyatı üçün  əlamətdar  hadisə kimi  dəyərləndirmək  olar.  Cari ilin altı ayı ərzində ölkəmizdə 543,9 kiloqram qızıl və 331,3 kiloqram gümüş istehsal edilmişdir. Bundan əlavə, hesabat dövründə mədənçıxarmanın digər sahələrindən sayılan bentonit, duz və əhəng daşı istehsalı  müvafiq olaraq 16,5 min ton, 14,3 min ton və 177 min ton təşkil etmişdir.

Ölkə  sənayesində  ikinci  böyük  xüsusi  çəkiyə malik olan  emal  bölməsinin  müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının  sənaye  istehsalı  da  nəzərə  alınmaqla) tərəfindən 3  milyard  343,9  milyon  manatlıq  məhsul  istehsal  olunmuş,  sənaye  xarakterli  xidmətlər  göstərilmişdir. İstehsalın  daha  çox  hissəsi qida  məhsullarının  payına  düşmüşdür. Belə  ki, ötən altı ayda   ölkə üzrə 1 milyard 375 milyon manatlıq qida məhsulları və müxtəlif içkilər istehsal olunmuşdur.  Hesabat dövründə mühüm  növ  qida  məhsullarından  sayılan  qənd və şəkər tozu, üzlü süd, pendir, kəsmik, cem və marmelad, eləcə də pivə və alkoqolsuz içkilərin istehsalı xeyli artmışdır.

Emal  sənayesinin  toxuculuq,  tikiş,  dəri,  dəridən məmulatlar  və ayaqqabı  istehsalı  ilə məşğul olan  müəssisələr  tərəfindən  ötən dövr  ərzində 45,3  milyon manatlıq  məhsul  istehsal  olunmuşdur.  Yanvar-iyun  aylarında pambıq lifi, pambıq iplik, pambıq parçalar, corab məmulatları  və üstü dəridən olan ayaqqabıların istehsalında daha  çox  artım qeydə  alınmışdır.

Emal  sənayesində  ikinci  böyük  xüsusi çəkiyə  malik olan  neft  məhsullarının  istehsalı sahəsində  isə altı ay   ərzində  10,6 faizlik artım müşahidə olunmuşdur. Hesabat dövründə  ölkədə 1 milyon 265 min ton dizel yanacağı, 701,5 min ton  avtomobil   benzini,  358,1  min  ton  ağ neft,  154,5  min  ton  neft  bitumu, 75,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin və 22,5 min ton sürtkü yağları  istehsal  olunmuşdur.

Adı çəkilən  bölmənin  kimya  sənayesində, rezin  və  plastmas   məmulatlarının, həmçinin əczaçılıq məhsullarının  istehsalı ilə    məşğul olan  müəssisələr isə yarım il   ərzində  135,5  milyon  manatlıq  məhsul  istehsalına  nail olmuşlar.  Əsas kimya məhsullarından yod, alüminium sulfat, izopropil spirit, lak-boya məmulatları, məsaməli poliruetan lövhələri, bərk polipropilen borular, borucuqlar, plastik yemək və mətbəx qablarının istehsalı əhəmiyyətli dərəcədə  artmışdır.

Yanvar-iyun aylarında tikinti  materialları  sənayesində 173,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. Müəssisələr  tərəfindən  976,8 min ton  sement, 658,8 min ton  hörmə üçün hazır beton qarışığı və 99,7 min ton tikinti gipsi istehsal olunmuşdur.

Emal   bölməsinin  metallurgiya  sənayesi və  hazır metal  məmulatlarının  istehsalı  müəssisələri  isə cari ilin yanvar-iyun aylarında 201,3 milyon  manatlıq  məhsul  istehsal  etmiş  və  xidmətlər göstərmişlər.  Adı  çəkilən  bölmənin çuquntökmə, poladtökmə, armatur, polad borular, alüminium çubuqlar, millər və profillərin istehsalında isə xeyli artım müşahidə olunmuşdur. Bununla yanaşı, bölmənin kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, eləcə də nəqliyyat  vasitələri, avtomobil, qoşquların istehsalı   sahələrində də  məhsul buraxılışı xeyli artmışdır.  2013-cü ilin birinci yarısında ölkədə 89 ədəd güc transformatoru, 3,3 min ədəd məişət soyuducusu, 147 ədəd yük və 316 ədəd minik avtomobili və 413 ədəd traktor  istehsal edilərək satışa çıxarılmışdır.  Bu dövrdə Azərbaycanda kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul buraxılışının həcmi 123 milyon manat təşkil etmişdir.

Ölkə  sənayesinin digər  sahəsi olan  elektrik  enerjisi,  qaz, buxar, kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 856,8 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir.  Cari ilin altı ayında ölkədə 10,4 milyard  kVt-saat  elektrik  enerjisi  istehsal olunmuşdur ki,   bunun  da 7,8  faizi su, 92,2  faizi  isə  istilik elektrik  stansiyalarının  payına  düşmüşdür.

Bu ilin birinci yarısında  ölkənin sənaye  müəssisələrində çalışan  muzdlu işçilərin  sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 178,8  min  nəfərə çatmış, onların orta aylıq əmək haqları 7,8 faiz yüksələrək 635,8 manat təşkil etmişdir. İşçilərin   hər  beş nəfərindən  üçü  sənayenin dövlət  bölməsinə, ikisi isə  qeyri-dövlət bölməsinə   məxsus  müəssisələrdə   çalışmışdır.  Sənaye işçilərinin orta aylıq əməkhaqqı  449,5 min manat təşkil etmişdir.  Qeyri-dövlət   müəssisələrində  çalışan işçilərin  əmək  haqqı isə 6,4 faiz artaraq 751,7 manat olmuşdur.  

 Yaxın illərdə Azərbaycan  sənayesini daha yüksək inkişaf tendensiyası gözləyir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Əminəm ki, bu artım gələcək illərdə daha da böyük rəqəmlərlə ölçüləcək”. Elə hazırda tikilməkdə olan böyük sənaye kompleksləri də onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Eyni zamanda, hazırda regional sənayenin inkişaf etdirilməsi də dövlətin qarşısında duran əsas prioritetlərindəndir.  Məlum olduğu kimi, paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində də iri sənaye komplekslərinin tikintisi nəzərdə tutulur.  Bütövlükdə isə Azərbaycanın  yeni  neft  strategiyasının  uğurla   reallaşdırılması, ikinci  regional  inkişaf  proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi,  eləcə də yerli  istehsalın  stimullaşdırılması  istiqamətində  həyata keçirilən  tədbirlər  və s. amillər  ölkə   iqtisadiyyatının  əsasını təşkil  edən  sənayenin inkişafını bir qədər də sürətləndirəcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında