Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclası keçirilmişdir

İyulun 23-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Gürcüstan hökumətinin başçısı Nika Qilauri arasında görüşdən sonra Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclası keçirilmişdir.
A.Rasizadə Azərbaycan ilə Gürcüstan arasında uğurla inkişaf edən əlaqələrdən bəhs edərək demişdir ki, hökumətlərarası iqtisadi komissiyanın işi qarşılıqlı faydalı əlaqələrin inkişafına sanballı töhfələr verir. İkitərəfli münasibətlərimiz digər ölkələrə də nümunə ola bilər. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi ötən il 454,9 milyon ABŞ dolları təşkil etmişdir. Bu ilin yanvar-may aylarında bu rəqəm 175,4 milyon dollar olmuşdur. Vurğulanmışdır ki, ölkələrimiz arasında nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasına böyük diqqət yetirilir.
Qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söhbət açan A.Rasizadə qeyd etmişdir ki, keçən il ölkəmizdə iqtisadiyyatın artımı 9,3 faiz olmuş, bundan əlavə sosial sahədə çoxsaylı dövlət proqramları qəbul edilmiş, regionlarda infrastruktur layihələri həyata keçirilmişdir.
Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Artur Rasizadə bildirmişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmamışdır.
Gürcüstanın Baş naziri Nika Qilauri ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri yüksək qiymətləndirmiş, siyasi, iqtisadi və humanitar sahələrdə bu əlaqələrin daha da dərinləşəcəyinə əmin olduğunu söyləmişdir. Qeyd olunmuşdur ki, Azərbaycandan Gürcüstan iqtisadiyyatına qoyulan investisiyaların məbləği ildən-ilə artır. Bu gün Gürcüstanda Azərbaycan kapitalının iştirakı ilə 170-dək şirkət qeydiyyatdan keçmişdir.
İclasda ticarət, enerji, nəqliyyat, rabitə, humanitar, kənd təsərrüfatı, sərhəd və gömrük, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi keçirilmişdir.
Azərbaycanın Baş naziri Artur Rasizadə və Gürcüstan hökumətinin başçısı Nika Qilauri Azərbaycan Respublikası ilə Gürcüstan arasında nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması haqqında Anlaşma Memorandumunu və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclasının yekun protokolunu imzaladılar.
* * *
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Artur Rasizadə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumat verərək demişdir ki, layihə həyata keçirilərkən əlavə işlərin yaranması ilə bağlı müəyyən ləngimələr olmuşdur. İlkin mərhələdə nəzərdə tutulan işlərin həcmi 200 milyon ABŞ dolları məbləğində nəzərdə tutulurdusa, əlavə işlərin yaranması ilə əlaqədar hazırda bu rəqəm artmışdır. Bununla belə, işlərə daha çox texnikanın, insan qüvvəsinin cəlb olunması ilə qısa zamanda bu layihənin yekunlaşmasına nail olunmağa qərar verilmişdir.
Əlavə yük axınını cəlb etmək, Azərbaycan ilə Gürcüstan arasında tranzit dəhlizinin rəqabətə davamlılığını artırmaq məqsədi ilə yaradılacaq işçi qrupunun məqsədi və fəaliyyəti ilə bağlı sualı cavablandıran A.Rasizadə demişdir ki, regionun iqtisadi imkanları artdıqca yükdaşımaların daha sürətli həyata keçirilməsi tələb olunur. Bu gün yüklərin sürətli daşınması məhsulun və istehsalçıların rəqabətə davamlılığının əsas faktorlarından biridir. Buna nail olmaq üçün yeni əlaqələndirici şuranın yaradılmasına ehtiyac var idi. Bu məsələnin həlli hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir.
N.Qilauri isə demişdir ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq əsasən energetika və nəqliyyat sahələrini əhatə edir. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük sərmayə yatıran və ən çox vergi ödəyən şirkətlərdən biridir.
Gürcüstanın Baş naziri kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu da söyləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında