Respublikamızın aran zonasında genetik baxımdan inkişaf edib formalaşan torpaq sərvəti taxıl bitkilərinin bol inkişafı üçün hər cür ekoloji, sosial-iqtisadi imkanlara malikdir. Lakin burada torpaqlardan bol taxıl məhsulu əldə olunması üçün meliorativ durumun əsaslı yaxşılaşdırılmasına, xüsusən də suvarma texnologiyasının mütərəqqi üsullarından istifadənin təşkilinə böyük ehtiyac var.
Xatırladım ki, yeni ayrılmış örüş və otlaqaltı torpaqlardan yüksək məhsul əldə edilməsi növbəli əkin səpkisində müvafiq tədbirlərin həyata keçirilməsindən asılıdır. Bunlarla yanaşı, becərmənin texnoloji xəritəsində nəzərdə tutulan bütün aqronomik tədbirlər reallaşdırılmalıdır ki, taxılçılıqda yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunsun.
Buğda, arpa, çovdar, qarabaşaq kimi dənli taxıl bitkiləri tarlalarının hər hektarında (hər 10-15 santimetrdən bir) 550-600 cərgə hesabı ilə bitkilərin vegetasiyasının intensiv inkişaf fazalarında (ildə iki dəfə kollaşmanın və boru bağlamanın sonu və ya qönçəbağlama önü) hökmən kultivasiya işləri aparılarsa, yemləmə şəklində illik azotlu gübrə dozasının 40 faizə qədəri cərgə aralarına verilərsə və nəhayət, mütərəqqi üsulla suvarılma həyata keçirilərsə, nəzərdə tutulan qədər məhsul əldə etmək olar. Bu proseslər həmin qaydada bitkilərin boru bağlama fazası qabağı müddətində təkrarlanmalıdır. Bu, onunla əlaqədardır ki, respublikamızda yuxarıda göstərilən taxıl bitkilərinin 70 faizdən çoxu aran, daha doğrusu, yarımsəhra quru bozqır torpaq-iqlim zonasında becərilir. Həmin zonada bitkilərin bol inkişafı iki əsas təbii aspektdən asılıdır. Birincisi, taxıl bitkilərinin hər iki inkişaf fazalarında hava şəraitinin quraq, ikincisi isə yağıntılı keçməməsidir.
Əgər taxıl bitkilərinin kollaşma fazasının sonunda hava şəraiti yağıntısız keçərsə, torpaqda bitki üçün lazım olan rütubətin miqdarı normal halda 55-70 faizdən 45 faizə enir və bu halda bitkilərin torpaqdan qəbul edəcək qida maddələrinin miqdarı azalır, bitkilərin boy inkişafı zəifləyir, borubağlama fazasında inkişaf gecikir və beləliklə, nəzərdə tutulan məhsuldarlıq azalır. Belə inkişaf fazalarında torpaqdan qida elementlərinin (makro və mikro) bitkilər tərəfindən 70 faizə qədərində mənimsənilmə baş verir. Bitkilərin gövdəsinin mexaniki təsirlərə tab gətirməməsi güclənir, bara düşmənin faydalı əmsalı yüksək məhsuldarlığın miqdarı ilə düz mütənasiblik təşkil edir.
Aparılmış çoxillik müşahidələrə görə, respublikamızın aran zonasında taxılçılığın inkişafı və məhsuldarlığın artırılması üçün əlverişsiz təbii şəraitə müəyyən qədər təsir göstərmək mümkündür. Yəni, ilin quraq dövründə aqrotexniki və suvarma tədbirləri həyata keçirilməklə quraqlığın taxılçılıqda yaratdığı mənfi fəsadların aradan qaldırılması üzrə hərtərəfli imkanlar mövcuddur.
Azərbaycanın subtropizmi şəraitində, daha doğrusu, mövcud torpaq-iqlim şəraitində dinamik inkişaf qabiliyyətinə və yüksək məhsuldarlığa malik buğda, arpa sortları mövcuddur. Taxılçılıq üzrə görkəmli seleksiyaçı alim akademik Cəlal Əliyev tərəfindən istər dəmyə, istərsə suvarma şəraitində yüksək məhsuldarlığa malik buğda çeşidləri (Qaraqılçıq-2, Vüqar, Şiraslan-23, Bərəkətli-95, Qiymətli-2/17) sınaqdan keçirilərək rayonlaşdırılmışdır. Alimin apardığı çoxillik çöl və laboratoriya təcrübələrindən məlum olmuşdur ki, həmin hibrid buğda çeşidləri həm məhsuldarlığına, keyfiyyətinə və həm də emal texnologiyasına görə Rusiya, Qazaxıstan və bir sıra başqa ölkələrdən bizə idxal olunan buğda çeşidlərindən daha yüksək göstəricilərə malikdir.
Yuxarıda adları çəkilən buğda və arpa çeşidləri quraqlığa, şaxtaya davamlı olmaqla yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malikdir.
Akademik C.Əliyevə görə, suvarma və dəmyə şəraitində becərilməsi tövsiyə olunan elə buğda sortları vardır ki, onların məhsuldarlığını əlverişli becərmə şəraiti yaradılması şərti ilə hər hektardan 70-80 sentnerə çatdırmaq olar. Belə buğda çeşidlərinin seleksiya yolu ilə yetişdirilməsi hələ keçən əsrin 60-70-ci illərində görkəmli seleksiyaçı alim akademik İmam Mustafayev tərəfindən reallaşdırılmışdır. Yüksək məhsuldarlığa və emal texnoloji xüsusiyyətlərə malik buğda (“Sevinc”, “Bol dən”) çeşidlərinin yetişdirilməsi bunun bariz ifadəsidir. Ona görə də yaxşı olardı ki, həmin buğda və digər taxıl çeşidlərinin qısa vaxt ərzində respublikamızın ərazisində yayılma arealının genişləndirilməsi üçün toxumçuluq təsərrüfatlarının yaradılması ön plana çəkilsin.
Taxılçılığın inkişafı üçün respublikamızda hər cür şərait var. Əgər becərmə texnologiyası aqronomik qaydada aparılarsa, buğdaya olan tələbat həm tam ödənilər, həm də ixrac imkanı genişlənər.
Xatırladım ki, 2011-ci ilin əvvəlindən etibarən respublikamızın quraq və yarımquraq zonasında 5 təbii-iqtisadi (Mil-Qarabağ, Muğan-Salyan, Aran Şirvan, Şəki-Zaqatala, Qazax-Gəncə) bölgələrindəki 20 inzibati rayonların sərhəddi daxilində 189879 hektar sahədə taxılçılığın, xüsusən ərzaq buğdasının istehsalı məqsədilə qış otlaqları, dövlət ehtiyat fondu, dövlət kənd təsərrüfatı müəssisələrinə məxsus və bələdiyyə mülkiyyətinə aid torpaqların seçilməsi barədə dövlət səviyyəsində qərar qəbul edilmişdir. Taxılçılığın inkişaf etdirilməsi məqsədilə ayrılmış həmin ərazilər əlverişli iqlim şəraitinə və sosial-iqtisadi infrastruktur durumuna malikdir. Lakin yadda saxlamaq lazımdır ki, hər hansı kənd təsərrüfatı bitkilərinin yerləşdirilməsinin planlaşdırılmasında təsərrüfat-təşkilat, iqtisadi-sosial, coğrafi mövqeyi və s. məsələnin həllindən əvvəl torpaq sərvətinin aqronomik, meliorativ və aqrotexniki vəziyyəti barədə dəqiq məlumatlar əldə olunması ön plana çəkilməlidir. Çünki hər hansı kənd təsərrüfatı bitkisindən yüksək miqdarda məhsul əldə edilməsində çoxsaylı təbii və antropoloji amillər (20-dən çox) iştirak edir ki, onların da içərisində əsas yeri torpaqlarda qida elementlərinin (N, P, K və mikro gübrələr qarışığı) səpin qabağı balansı, torpağın meliorativ vəziyyəti (şor duzların miqyası və stratiqrafik yayılması), drenaj durumu, növbəli əkin layihəsinin olması, aqronomik qulluq, o cümlədən vegetasiya suvarmanın həyata keçirilməsi tutur. Mil-Qarabağın mərkəzi, Muğan-Salyan düzünün bütün ərazisi, Şirvanın mərkəz və cənub-şərq hissələri müxtəlif dərəcədə şorlaşmışdır. Hətta son 10-15 ildə aparılan tədqiqatlardan məlum olmuşdur ki, həmin bölgələrdə yerli və qlobal formada iqlimdə istiləşmənin yüksələn xətlə davam etməsi ilə yağıntıların azalması, torpaqdakı məhsuldar rütubətin buxarlanmasının intensivləşməsi ilə çox şiddətli şorlaşma və nəhayət şoranlaşma prosesi baş verir ki, bununla da həmin ərazilərin səhralaşma təhlükəsi meydana çıxır.
Ona görə də respublikamızın sözügedən bölgələrində şoranlaşmış səhra landşaftının yaranmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Onlardan ən əsasları aşağıdakılardan ibarətdir:
- şorlaşmanın intensivləşməsi gözlənilən sahələrdə əsaslı örtülü drenaj sistemi yaradılmalı;
- suvarma suyuna qənaət məqsədilə əsaslı aqrotexniki yolla quru meliorasiya tədbirlərini hazırlayıb həyata keçirməli;
- növbəli əkin layihələri hazırlayıb həyata keçirməli;
- suvarma şəbəkələrinin hər iki tərəfində suqoruyucu meşə zolaqları salınmalı və s.
Bununla belə təkrarən qeyd etmək istərdim ki, taxılçılıqda daimi yüksək məhsuldarlığın əldə olunmasında ən ümdə amil torpağa yüksək səviyyədə ekoetik münasibətin yaradılması hesab olunur.
Nəzəri olaraq aqronomik metodlara əsaslanaraq əkin dövriyyəsinə daxil ediləcək 190 min ha torpaq sahəsindən növbəli əkinin tətbiq olunması ilə ildə ən azı ümumən 567 min ton taxıl (qarğıdalısız), 365,9 min ton isə çoxillik yem bitkisi istehsal etmək olar. Həmin göstəricilərin hər il əldə olunmasına nail olmaq üçün torpağın hər hektarına orta hesabla qida maddələrinin torpaqdakı balansı və bitkilərin tam tələbinə müvafiq üzvi və mineral gübrələrin verilməsi labüd hesab olunur.
Taxılçılığın inkişafı üçün ayrılmış torpaq sahələrinin münbitliyinin qorunması və məhsuldarlığının stabilləşdirilməsində mühüm şərtlərdən biri də hər 5 ildən bir əkin dövriyyəsinin daxil edilmiş torpaq sahələrində iri miqyaslı aqrokimyəvi tədqiqatların aparılması ilə torpaqların qida (N, P, K və mikroelementlər) maddələri ilə təmin olunma, eləcə də şorlaşmanın dinamikasının gedişinin nəzarətdə saxlanması üçün şorlaşma kartoqramlarının tərtib edilib onlara aid izahat vərəqələrinin yazılmasıdır.
Belə çox vacib işlərin görülməsi üçün yaxşı olardı ki, respublika Kənd Təsərrüfatı Nazirliyinin taxılçılıqla məşğul olan müəssisə və fermer təsərrüfatları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) nəzdindəki müvafiq struktur qurumları arasında təsərrüfat müqaviləsi bağlanılsın. Ona görə ki, DTXK-nın nəzdində yuxarıda göstərilən vacib problemin müsbət həll olunması ilə məşğul olan yüksək səriştəli mütəxəssislər vardır.
Q. YAQUBOV,
aqrar elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.