İndiyədək ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1milyon 553 min 321-ə çatmışdır. Azərbaycanın sürətli iqtisadi inkişafı ölkədə uğurlu sosial siyasətin reallaşdırılmasına imkan yaratmışdır. İndi ölkəmizin hər yerində geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə yaxşılaşdırılmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son illər ölkə əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşmışdır və bu istiqamətdə işlər hazırda da sürətlə davam etdirilir.
Əhalinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlər də bu baxımdan diqqəti cəlb edir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu vacib məsələyə toxunaraq demişdir: “ Qazlaşdırma prosesi sürətlə gedir. Bu ilin soununa qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılmalıdır. Xüsusilə, indi bölgələrdə bu iş geniş vüsət almışdır. Elə etməliyik ki, biz qazlaşdırmanı maksimum dərəcədə təmin edək”. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda paytaxtda və bölgələrdə qazlaşdırma ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlərin icrası ilə bağlı mühüm işlər görən ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ilin ilk 6 ayını da yüksək nailiyyətlərlə başa vurmuşdur. Belə ki, bu dövrdə əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində mühüm işlər görülmüşdür. Bu da ölkə Prezidenti İlham Əliyevin qazlaşdırılma barədə tapşırığının uğurla yerinə yetiriləcəyinə inamı daha da möhkəmləndirmişdir.
Əvvəlki illərdə olduğu kimi, hazırda da ölkənin qaz təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir, həyətlərdə olan qaz xətləri küçəyə çıxarılır və qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Qaz itkilərinin azaldılması məqsədilə əhali istehlakçılarının mənzillərində istifadə edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz olunur, sayğacsız təbii qazdan istifadə edən abonentlərin mənzillərinə yeni sayğaclar quraşdırılır, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Bundan əlavə, qaz şəbəkəsində səmərəli texnika və texnologiyanın tətbiq edilməsinin əhatə dairəsi genişləndirilir.
Bütün bu işlərin nəticəsidir ki, cari ilin 1 iyul tarixinə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1milyon 553 min 321-ə çatmışdır ki, bunun da 1 milyon 534 min 460-ı əhali, 18 min 861-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 678 min 157-si Bakı şəhəri, 875 min 164-ü isə regionların payına düşür. İndiyədək ölkə üzrə 1 milyon 553 min 201 abonent sayğaclaşdırılmışdır ki, bunun da 1 milyon 534 min 340-ı əhali, 18 min 861-i isə qeyri-əhali istehlakçılarıdır. 2013-cü il iyulun 1-nə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 766 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılmışdır. Yeri gəlmişkən, “smart-kart” tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin qarşısını almaq məqsədilə köklü şəkildə yeniliklər tətbiq edilmiş və müvafiq qaydada islahatlar aparılmışdır. Kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.
“Azəriqaz” İstehsalat Birliyinin ən mühüm fəaliyyət istiqamətlərindən biri də yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. Birliyin fəaliyyətə başladığı 2009-cu ildən ötən dövrdə ölkə üzrə qazla təmin olunmuş yeni əhali abonentlərinin sayı 388 mini keçmişdir. Bununla yanaşı, cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına da xüsusi diqqət yetirilmiş, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatdırılmışdır.
Cari ilin əvvəllərindən başlayaraq, ölkənin demək olar ki, bütün şəhər və rayonlarında qazlaşdırma ilə bağlı genişmiqyaslı işlər görülmüşdür. Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq paytaxtın Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıxarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 201,2 kilometr boru xətti quraşdırılmışdır. Qeyd etdiyimiz kimi, dövlət başçısının müvafiq tapşırığına əsasən bu iş bölgələrdə də intensiv şəkildə davam etdirilmiş, bir sıra kənd və qəsəbələr “mavi yanacaq”la təchiz olunmuşdur. Bütövlükdə isə 2013-cü ilin birinci yarısında ölkə üzrə 108 yaşayış məntəqəsi qazlaşdırılmış, təxminən 73 min yeni əhali abonenti qazla təmin edilmişdir. İlin əvvəlindən ölkə üzrə 5049,9 kilometr yeni qaz xətləri çəkilmiş, 938,6 kilometr qaz kəmərləri isə əsaslı təmir edilmişdir. Yeri gəlmişkən, “Azəriqaz” İB-nin fəaliyyəti dövründə ölkə üzrə 21 min 207,6 kilometr yeni qaz kəməri quraşdırılmış, 6892,5 kilometr qaz kəməri isə əsaslı təmir edilmişdir. Bu da dövlət başçısı İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
Son illər “Azəriqaz” İstehsalat Birliyində layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması işlərinə də diqqət xeyli artırılmışdır. Bunun nəticəsidir ki, 2013-cü ilin altı ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasına 2140 ədəd texniki şərt verilmişdir. “Azəriqaz” İB-nin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 466 ədəd texniki şərt, texniki və layihə tapşırıqları hazırlanmışdır.
Bundan əlavə, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 1578 ədəd qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılmışdır. Həmçinin “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə hazırlanmış 1047 ədəd layihə-smeta sənədinə razılıq alınmışdır. Ötən müddətdə layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Belə ki, “Azəriqaz” İB-nin layihə-konstruktor bürosu tərəfindən 2140 layihə-smeta sənədi hazırlanaraq birliyə və digər sifarişçilərə təhvil verilmişdir ki, bunun da 94-ü fərdi yaşayış evlərini əhatə edir. Bundan əlavə, cari ilin ötən dövründə kənd və qəsəbələrin qazlaşdırılması üzrə 426, obyektlərin təmiri üzrə 616, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 1495 layihə-smeta sənədi hazırlanmışdır.
Cari ilin birinci yarımilliyində birlik üzrə əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması, işçilərin sağlamlığının qorunması, ekoloji qanunvericiliyə əməl edilməsi və beynəlxalq standartların tətbiq edilməsi istiqamətində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Belə ki, ayrı-ayrı struktur bölmələrdə əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tikinti işləri davam etdirilmiş, işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə tam təmin olunmuş, idarəetmə aparatının aidiyyəti mütəxəssisləri tərəfindən yerlərdə aparılmış yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Eyni zamanda, birliyin regionlarda yerləşən struktur bölmələrinin zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərinin dövri tibbi müayinədən keçirilməsi tam başa çatdırılmışdır.
İstehsalatda baş verə biləcək hadisələrin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına nəzarətin gücləndirilməsi məqsədilə dünya praktikasında geniş tətbiq olunan kart sisteminə keçilmişdir. Bununla əlaqədar bütün tabeli təşkilatların baş mühəndislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndislərin iştirakı ilə geniş tərkibli iclas keçirilmiş, sistemin tətbiqi ilə əlaqədar onlara ətraflı məlumat verilmişdir. İşçilərin öyrədilməsində əyani vəsaitlərdən istifadə edilməsi və bu istiqamətdə aparılan işlərin günün tələbləri səviyyəsində qurulması məqsədilə idarəetmə aparatında yaradılan əməyin mühafizəsi kabineti lazımi avadanlıq və texniki ədəbiyyatla təmin olunmuş, ayrı-ayrı işlərin təhlükəsiz görülməsinə dair təlimatlar hazırlanmış və aidiyyəti üzrə yerlərə göndərilmişdir.
Ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan tədbirlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilmiş, ekoloji parkdan 5 min ədəd ağac tingi, dekorativ kollar və güllər sifariş verilmiş, onlardan 2500 ədədi “Azəriqaz” İB-nin idarə aparatında və tabeçiliyində olan idarə və müəssisələrdə keçirilən iməciliklər zamanı əkilmişdir.
Cari ilin ötən dövründə ISO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tətbiqi ilə əlaqədar ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin köməkliyi ilə müvafiq hazırlıq işləri aparılmış, daxili auditlər keçirilmiş və audit zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmışdır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.